Azərbaycan Qərbi Zəngəzura "hücuma hazırlaşır" iddiası - Sərhəddə döyüş kimlərin planıdır?

7-02-2024, 10:31   








Erməni informasiya məkanında sistemli şəkildə çirkli xəbərlər tirajlanır - Azərbaycan Ordusu Qərbi Zəngəzura daxil olacaq. Halbuki sərhəddə döyüş yox, görüş var. Axı delimitasiya danışıqları sərhəddə ikitərəfli qaydada aparılır. Di gəl, ötən həftə ABŞ Ermənistanda yaşayan vətəndaşlarına Azərbaycanla sərhədə getməmək barədə çağırış etməklə bu təbliğat maşını sanki daha da gücləndi. Erməni deputat Tovmasyan dünən Daxili İşlər Nazirliyinə müraciət edib ki, sərhədyanı ərazilər boşaldılır, dövlət qurumları Basarkeçər və Çəmbərkəndi tərk edir, bunun izahatı verilsin. Sözsüz ki, sistemli xarakter daşıyan məlumatların tirajlanması, o cümlədən ABŞ və Fransadan "Azərbaycan hücuma hazırlaşır" tezislərinin eşidilməsi, sərhəddə təhlükə olduğunu yalandan demələri ssenarinin bir hissəsidir. Anaxeber.info bildirir ki, Bakıya sanksiya tətbiq etmək üçün işğalçı obraz yaratmaq cəhdləri davam edir. Bu da şərti sərhəddə yeni münaqişə, hərbi toqquşmalar riski yaradır. Əgər eskalasiya olarsa, Azərbaycan Ordusu yeni strateji yüksəkliklərə nəzarət edəcək, nəticədə Fransa, Almaniya, Kanada və Amerika neft-qaz sənayemizə sanksiya qoymaq üçün həmlə edəcəklər. Avropa Şurası, Avropa Parlamenti bu prosesin siyasi cinahı olaraq iştirak edəcəklər. Hazırda Qərb cəbhəsi maraqlıdır ki, şərti sərhəddə qarşıdurma baş versin. Bununla Ermənistanda olan Aİ mülki missiyası hesabat hazırlasın, patrul xidmətinin sayı artırılsın, Rusiya sərhədləri qoruya bilməməkdə ittiham edilsin, KTMT-dən çıxmaq barədə İrəvanda növbəti çağırışlar eşidilsin. Xüsusən NATO-nun regiona gələn nümayəndəsi Xavier Kolomina Ermənistanın Alyansa yaxınlaşmaq istəklərindən məmnun olduqlarını deməklə, Rusiyanı qıcıqlandırdı. Zaxarova bu bəyanata kəskin reaksiya verdi. Hətta rus deputatı Lebedev Paşinyanın çıxışlarını alçaqlıq adlandırdı. Kəsəsi, regionda strateji rəqabət güclənir, Ermənistanın Rusiyanın orbitindən uzaqlaşdırmaq siyasəti dinamikləşir, ona təhlükəsizlik sahəsində vədlər verilir, bunun üçün də şərti sərhəddə lokal müharibə Qərbin maraqlarına uyğundur. Bu halda, dediyimiz kimi, Rusiya və KTMT ittihamlarla üzləşəcək, Paşinyanın bəhanələri güclənəcək, eyni zamanda, Azərbaycan aqressor kimi qələmə veriləcək. Bəs, Avropa bizdən nə istəyir? İki cavab var: ermənilərin bir qismini Xankəndiyə qaytarıb yenə Qarabağda ürəkbulandıran proseslərin özəyini qurmaq, ikincisi, Bakının antiterror əməliyyatından narazı qalan bu dairələrin sanksiya tətbiqi planı...
Anaxeber.info yazır ki, Ermənistan Fransanın təhriki ilə İstisu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq. Birincisi, Azərbaycan ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün qarşı tərəfə dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq.
Aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq. Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə “ərazilərini” geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. 
Onu da deyək ki, ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə  müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir. CFR-nin proqnozu fonunda yuxarıdakı ssenariləri təxmin etmək mümkündür...


Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar