Moskva Bakı-Yerevan danışıqlarının tək platforması olmaqda israrlıdır

9-02-2024, 08:48   


Rusiya fevralın 8-də bir daha Ermənistanı Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə danışıqları bərpa etməyə və “ümidini Qərbdən üzməyə” çağırıb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Rossia 24 telekanalına müsahibəsində deyib ki, Azərbaycan-Ermənistan danışıqlarında Rusiyanın vasitəçiliyinə alternativ yoxdur:

“Ermənistan və Azərbaycan arasında tənzimləmənin bünövrəsi Rusiyanın himayəsi altında, prezident Vladimir Putinin təşəbbüsü ilə qoyulub. Biz ümid edirik ki, Ermənistan-Azərbaycan normallaşmasının ən etibarlı yolunun, bu işə qeyri-regional oyunçuları, xüsusilə də ABŞ və Avropa İttifaqını cəlb etməyə cəhdlər göstərməyin deyil, üçtərəfli razılaşmaların (Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli bəyanatları – red) olduğunu Yerevanda başa düşəcəklər”.

Son aylarda Moskva bu məsələdə təşəbbüsü ələ almaq üçün dəfələrlə yüksək səviyyədə Azərbaycan-Ermənistan danışıqlarına ev sahibliyini təklif edib.

Rusiya XİN ötən dekabrda Ermənistan rəhbərliyini bu təkliflərə etinasız yanaşmaqda günahlandırmışdı. XİN bildirirdi ki, Yerevanın hazırda Qərbin vasitəçiliyinə üstünlük verməsi Ermənistan xalqı üçün “yeni faciə” ilə nəticələnə bilər.



Moskva platforma olmağa hər an hazırdır

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yanvar ayında demişdi ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənsitan və Azərbaycan arasında potensial sülh müqaviləsini müzakirə etmək üçün Moskvaya dəvət olunub.

Mirzoyan isə demişdi ki, onun belə bir səfər və üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan görüşü üçün niyyəti yoxdur.

Yerevan ümid etdiyini bildirirdi ki, o Ermənistan-Azərbaycan sülh müqaviləsinin ABŞ və ya Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmasını istəyir.

Amma Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl Aİ-nin təşəbbüsü ilə Ermənsitanın baş naziri Nikol Paşinyanla görüşdən iki dəfə imtina edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ermənistanlı həmkarı Ararat Mirzoyanla Vaşinqtonda planlaşdırılan görüşə getməyib.

Qaluzin bir daha təkrar edib ki, Qərbin əsas məqsədi Rusiyanı Azərbaycan-Ermənistan sülh prosesindən və beləliklə də Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır.

Nazir müavini vurğulayıb ki, Moskva Azərbaycan-Ermənistan danışıqlarına platforma olmağa hər an hazırdır.



Bundan əvvəl

Rusiya və Ermənistan arasında münasibətlər 2020-ci il Qarabağ müharibəsindən sonra korlanıb.

Paşinyan və Ermənistanın başqa vəzifəli rəsmiləri Rusiyanın başçılıq etdiyi təşkilatların, o cümlədən keçmiş sovet respublikalarından ibarət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarını boykot ediblər.

Bunun əvəzində onlar Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə daha sıx münasibətlərə can atdıqlarını bəyan ediblər.

Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı Yerevanı Rusiya-Ermənistan münasibətlərini “sistematik” şəkildə dağıtmaqda ittiham etmişdi.

Lap bu yaxınlarda isə Paşinyan deyib ki, Ermənistan bir sıra obyektiv və subyektiv səbəblərə görə hərbi-texniki əməkdaşlığı əvvəllər olduğu kimi yalnız Rusiya ilə inkişaf etdirə bilməz.



Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar