Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bayden Rusiyaya qarşı 500 sanksiya elan edir

24-02-2024, 09:43   


ABŞ prezidenti Co Bayden Moskvanın Ukraynaya tammiqyaslı müdaxiləsinin ikinci ildönümündə Rusiyaya yeni sanksiyalar elan edib.

Bayden xatrladıb ki, 2022-ci ilin 24 fevralında səhər Rusiya raketləri Kiyevin yaxınlığında partlamağa başlayıb, Rusiya qoşunları isə Ukrayna sərhədini keçib:

"O (Putin-red) inanırdı ki, azad bir xalqın iradə və qətiyyətini sındıra bilər. O düşünürdü ki, suveren bir ölkəyə basqın edəcək və dünyanın altı-üstünə çevriləcək. O elə güman edirdi ki, Avropada və ondan kənarda təhlükəsizliyin əsaslarını laxlada bilər. İki il keçib və biz ilk gündən bildiyimizi daha aydın görürük. Putin dəhşətli dərəcədə aldanıb”.



“Əgər Putin bunun bədəlini ödəməsə...”

Baydenin sözlərinə görə “igid Ukrayna xalqı" öz azadlığını və gələcəyini müdafiə etməkdə qətiyyətlidir. Çünki hamı bilir ki, bu oyun Ukraynadan çox kənara çıxır:

"Əgər Putin ölümlərin və dağıntıların bədəlini ödəməsə, bunları davam etdirəcək. Və bunun Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri, Avropa və bütün dünyadakı partnyorları üçün bahası artmaqda davam edəcək”.

Co Bayden Rusiyanın Ukraynaya qarşı təcavüzünə və müxalif siyasətçi Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500 sanksiya qoyduğunu elan edib. Burada söhbət sanksiya siyahısına salınan 500 fiziki və hüquqi şəxsdən gedir.

ABŞ prezidenti bu bəyanatı Navalnının xanımı Yuliya və qızı Darya ilə görüşdən sonra verib.


Sanksiyalar Navalnını məhbus edənləri, Rusiyanın maliyyə sektorunu, hərbi-sənaye kompleksini, onun tədarük şəbəkəsinə daxil olan və sanksiyalardan yayınan şirkətləri hədəfləyir.

Sanksiyalar Rusiyanın “hərb maşınına” köməyinə görə 100-dək təşkilata yeni ixrac məhdudiyyətləri qoyur.

Prezident deyib ki, bundan başqa Rusiyanın enerji daşıyıcılarından əldə etdiyi gəlirlərin daha da azaldılması üçün tədbirlər həyata keçiriləcək.



“Ukraynanın köməksiz qoyulması yaddan çıxmayacaq”

Bayden deyib kli, öz komandasına bütün dünya boyunca demokratiya uğrunda mübarizə aparan vətəndaş cəmiyyətinə, müstəqil mediaya dəstəyin gücləndirilməsini tapşırıb.

O bunu da vurğulayıb ki, Nümayəndələr Palatası Ukraynaya yardım nəzərdə tutan qanunu qəbul etməlidir.

Bayden deyib ki, Ukrayna xalqı mübarizəni davam etdirir, amma onun sursatları tükənir. Baydenin sözlərinə belə bir şəraitdə sözü gedən qanunun qəbul olunmaması Putinin işinə yarayır:

"Belə kritik anda Ukraynanın dəstəklənməməsi yaddan çıxmayacaq. Bizim Ukraynanı qətiyyətlə dəstəkləməyimizin, müttəfiq və partnyorlarımızla birləşməyimizin vaxtı çatıb. Sübut eləməyin vaxtı çatıb ki, Birləşmiş Ştatlar azadlığı müdafiə edir və heç kimin qarşısında boyun əymir”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar