Zelenski müharibədə 31 min ukraynalı əsgərin öldürüldüyünü deyir

26-02-2024, 09:36   


Ukrayna prezidenti Volodimir Zelenski fevralın 25-də deyib ki, iki il öncə Rusiya işğala başlayandan 31 min ukraynalı hərbçi öldürülüb. Zelenski ilk dəfədir ölkəsinin döyüş itkilərini rəsmən açıqlayır. Prezident həmçinin ümidini bildirib ki, gələn aylarda dünya liderləri İsveçrədə bir araya gələrək onun sülhə dair baxışını müzakirə edəcəklər.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı tammiqyaslı hücuma başlayıb.

"300 min, 150 min deyil"

"Bu müharibədə 31 min ukraynalı hərbçi öldürülüb. (Rusiya prezidenti Vladimir) Putin və yalançı ətrafının dediyi kimi, 300 min, 150 min deyil. Ancaq istənilən halda, bu itkinin hər biri bizim üçün böyük qurbandır", - o vurğulayıb.

Zelenski təhlükəsizlik səbəblərindən yaralıların sayını açıqlamayacağını deyib.

Müstəqil təsdiqlətmək mümkün olmasa da, bu rəqəm ukraynalı əsgərləri arasında ölü sayına dair ilk rəsmi, detallı məlumatdır. Sonuncu dəfə 2022-ci ilin sonunda prezidentin köməkçisi Mixaylo Podolyak demişdi ki, öldürülən ukraynalı əsgərlərin sayı 10 min - 13 min arasıdır.

Zelenski iddia edib ki, Rusiya müharibədə 180 min əsgər itirib, 500 min yaralısı var. Bu, indiyədək açıqlanan digər rəqəmlərdən çoxdur. Rusiya da müharibə itkilərini açıqlamır.

Sülh konfransı gözlənilir

İsveçrə prezidenti Viola Amerd fevralın 24-də deyib ki, neytral ölkəsi bir neçə aya yüksək səviyyəli sülh konfransına ev sahibliyə etməyə ümidlidir.

"Ümid edirəm, bu (sammit) bu yaz baş tutacaq. Bu diplomatik təşəbbüsü əldən verməməliyik", -Zelenski vurğulayıb.

O əlavə edib ki, əldə olunan sülh təşəbbüsünün Moskvaya təqdim olunacağına ümid edir.

Zelenski vurğulayıb ki, Ukraynanın müharibədə qələbəsi Qərbin davamlı dəstəyindən asılıdır. Hazırda bu dəstək, əsasən, ABŞ-da Respublikaçılar Partiyasından konqresmenlərinin müqaviməti ilə üzləşib.

"Ukraynanın uduzması, yaxud bizə çox çətin olması, müharibədə böyük itkilər sizdən, tərəfdaşlarımızdan, Qərb dünyasından asılıdır", - Zelenski deyib.

Ukrayna prezidenti ölkəsinin vətəndaşlarını Rusiya işğalının yaratdığı çətinliklər qarşısında birlikdə dayanmağa çağırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar