Baydenin Ukraynaya Rusiya ərazisini vurmaq icazəsi verdiyi deyilir

31-05-2024, 06:55   



Müxtəlif mənbələrə istinad edən media xəbərlərində deyilir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya “Xarkov şəhərinin müdafiəsi məqsədilə” Amerika silahlarından Rusiya ərazisinin vurulması üçün istifadə olunmasına icazə verib.

Bundan əvvəl Kiyev ona qarşı güclənməkdə olan hücumların öhdəsindən gəlməsi üçün Qərb silahlarından Rusiya ərazisinin vurulması üçün icazə istəyirdi.

Media xəbərlərində Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək icazəsinin verilməsi üçün ABŞ administrasiyasına təzyiqlərin artması qeyd olunurdu.

Politico portalının yazdığına görə Bayden Rusiya ərazisinin birbaşa vurulması ilə bağlı əvvəlki mövqeyini dəyişərək komandasına Ukraynaya Xarkovu müdafiə edə bilməsi üçün Amerika silahlarından istifadə imkanı verilməsini tapşırıb.

Bu xəbərə hələ ki, nə Ağ Evdən, nə də Kiyevdən rəsmi reaksiya verilməyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbihələ mayın 29-da Vaşinqtonun Rusiya ərazisinin vurulmasına dair mövqeyinin “dəyişmədiyini” bildirmişdi.



NATO rəhbəri Ukraynaya Rusiya ərazisini vurmaq icazəsinin verilməsinə çağırır

NATO-nun baş katibi Yens Stoltenberq mayın 30-da alyansa daxil ölkələri Ukraynaya onlar tərəfindən verilmiş silahlardan Rusiya ərazisindəki obyektlərə zərbə endirilməsinə qoyulmuş məhdudiyyətlərə yenidən baxılmasına çağırıb.

Stoltenberq NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Praqada keçirilən iclasında deyib ki, “ukraynalılara həqiqətən də özlərini müdafiə etmək imkanının verilməsi məqsədilə bu məhdudiyyətlərdən bəzilərinə yenidən baxmağın vaxtı çatıb”.

Onun sözlərinə görə müharibənin hazırkı gedişi NATO ölkələrindən Ukrayna ərazisindən kənara zərbələr endirilməsi məsələsində siyasətlərini yenidən qiymətləndirmələrini tələb edir.

Ukrayna hakimiyyəti artıq uzun müddətdir ki, ona verilmiş silahlarla Rusiyadakı hərbi obyektlərə zərbələr endirilməsinə icazə istəyir.

Son vaxtlar getdikcə daha çox Qərb siyasətçisi də Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsinə çağırır.

Eyni zamanda Ukraynaya silah vermiş bəzi ölkələr Kiyevə bu məsələdə hər hansı məhdudiyyətin qoyulmadığını və ya bu məhdudiyyətlərin qaldırıldığını bəyan ediblər.



Paris və Londonun mövqeyi

Məsələn Fransa prezidenti Emmanuel Makron Ukraynaya Rusiya ərazisinə zərbələr endirilməsi üçün icazə verilməsinə tərəfdar olduğunu bildirib.

Bundan əvvəl Ukraynaya belə bir imkanın yaradılmasına London da çağırmışdı.

Bu ölkələrin mövqeyi olduqca mühümdür, çünki Ukraynaya uzaqvuran silahları – 100 kilometrdən uzaq məsafəni vuran raketləri məhz bu ölkələr verirlər.

İndiyədək bu silahlardan Ukraynanın işğal olunmuş ərazilərində istifadə edilməsi qeydə alınıb. Lakin bu silahlardan hələ ki, bilavasitə Rusiya ərazisinə zərbələr endirilməyib.

Danimarka, Finlandiya və Kanada da Ukraynaya verdikləri silahlardan Rusiya ərazisindəki hədəflərə zərbələr endirilməsinə razıdırlar.

Danimarkanın baş naziri Mette Frederiksendeyib ki, Ukrayna bu, beynəlxalq hüquqa zidd olmadığı hallarda Rusiya ərazisindəki obyektlərə zərbələr endirə bilər.



F-16 qırıcıları

Burada söhbət həm də ABŞ istehsalı F-16 qırıcılarından gedir. Gözlənildiyinə görə Danimarka bu il Kiyevə 19 ədəd F-16 qırıcısı verməlidir.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen deyib ki, F-16 təyyarələrindən Rusiya ərazisindəki hədəflərə zərbələr endirilə bilər.

Amma Ukraynaya F-16 qırıcıları vəd etmiş başqa bir ölkə - Belçika bildirib ki, qırıcılardan yalnız Ukrayna ərazisində istifadə olunmalıdır.

Ukrayna Rusiyaya zərbələr endirilməsi üçün ərazi məhdudiyyətinin qoyulmalı olmadığını habelə Finlandiya, Kanada, Polşa, Çexiya və İsveç rəsmiləri söyləyiblər.

Lakin Ukraynanın bir sıra müttəfiqləri hesab etdiklərini bildirirlər ki, onların silahları ilə Rusiya ərazisinin vurulması Qərbi münaqişəyə çəkə bilər.

Ukraynaya belə bir məhdudiyyəti Almaniya qoyub. İtaliya və İspaniya da bu mövqedən çıxış edirlər.



ABŞ-ın mövqeyi yumşalır?

Bu məsələdə ABŞ-ın mövqeyinə gəlincə isə, Vaşinqton onun silahlarından Rusiya ərazisinə zərbələr endirilməsini tövsiyə etmədiyini bildirib.

Bununla belə ABŞ dövlət katibi Antoni Blinken dəfələrlə bildirib ki, Ukrayna bu müharibəni necə aparmaq məsələsində son söz sahibidir.

Mayın 30-da The Washington Post qəzeti Co Bayden administrasiyasındakı mənbəyə istinadla yazıb ki, ABŞ Ukraynaya onun verdiyi hava hücumundan müdafiə sistemlərindən, o cümlədən Patriot komplekslərindən, təhlükə olduğu halda Rusiya üzərindəki raket və təyyarələri vurmaq icazəsi verib.

Bundan əvvəl ABŞ administrasiyasının Patriot komplekslərindən belə məqsədlər üçün istifadəni qadağan etdiyi bildirilmişdi.

Rusiya isə bildirir ki, Ukrayna onun ərazisinə Qərb silahları ilə zərbələr endirərsə, Moskva buna müvafiq cavab verəcək.

Moskva habelə yenə də üstüörtülü şəkildə nüvə silahı ilə hədələyir.

Rusiya prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Rusiya ərazisinə zərbələr endirilməsinə çağırışlarını şərh edərkən demişdi ki, “NATO üzvləri, xüsusilə də Avropada olanlar və kiçik əraziyə malik ölkələr nə ilə oynadıqlarının fərqində olmalıdırlar”.

Rusiya və Belarus habelə bu yaxınlarda taktiki nüvə silahı ilə təlimlərə başlayıblar.



Ukraynanı silah-sursatsız qoymamaq üçün

Praqada keçirilən görüşdə habelə Ukraynaya indi və gələcəkdə çatdırılacaq silah və sursat növləri müzakirə olunur.

Reuters agentliyinin yazdığına görə Stoltenberq habelə NATO üzvlərini Ukraynaya birlikdə ildə 40 milyard dollarlıqdan az olmayaraq yardım edəcəklərinə dair öhdəlik götürməyə çağırıb.

Onun sözlərinə görə bu, Ukraynanın silah-sursatla təchizatında mümkün fasilələri aradan qaldırardı.

Öz növbəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib ki, onun ölkəsinin təşəbbüsü çərçivəsində Ukraynaya sursat verilməsinə artıq iyun ayında başlanacaq.

Onun sözlərinə görə bu təşəbbüs Ukraynanın hər ay 50-100 min arası iriçaplı sursatla təchizatını təmin edə bilər.

Bu təşəbbüs Qərb ölkələrinin Ukrayna üçün üçüncü ölkələrdən silah-sursat almalarını nəzərdə tutur.

Çexiya tərəfindən hazırlanmış bu sxemin maliyyələşdirilməsində 20-dək ölkə iştirak edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar