ABŞ bildirir ki, Putin "elementar sağlam düşüncəyə meydan oxuyur"

19-06-2024, 11:06   




Bazar ertəsi Birləşmiş Ştatlar ötən həftə sonu İsveçrədə keçirilmiş sammiti "Ukraynada ədalətli sülh yolunda mühüm mərhələ" kimi alqışlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib. 


ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynada sülhün prinsipial çərçivələrini müzakirə etmək üçün İsveçrədə Ukrayna prezidenti Zelenskiyə və 90-dan çox ölkənin liderlərinə və nümayəndələrinə qoşulub.

"İştirakçılar Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədilər. Onlar qlobal ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi və müharibənin fəlakətli humanitar nəticələrinin aradan qaldırılması sahəsində mühüm əhəmiyyətli əməkdaşlığı müzakirə etdilər", - Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Lakin o əlavə edib ki, Moskvada Putinin başqa mesajı olub: danışıqlar başlamazdan əvvəl Ukraynanı Rusiyanın hazırda işğal etdiyi ərazilərdən daha çox suveren ərazidən imtina etməyə çağıran daha bir maksimalist bəyanat.

"Prezident Putin tələb edib ki,  Ukrayna tərksilaha razı olsun, Rusiyanın gələcək təcavüzünə qarşı həssas olsun. Heç bir məsuliyyətli millət bunun sülh üçün ağlabatan əsas olduğunu söyləyə bilməz. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə meydan oxumaqdır. Bu, əxlaqın təməllərinə meydan oxumaqdır", - Dövlət Departamentinin nümayəndəsi deyib.

"Aydındır ki, Rusiya hər hansı ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir ki, o, Ukraynanın mühüm infrastrukturunu bombalamağa, Qara dənizdəki gəmiləri təhdid etməyə və on minlərlə ukraynalı uşağı zorla köçürməyə davam edir”, - Miller əlavə edib.

ABŞ-a gəlincə, Miller deyib ki, bu həftə sonu sammit zamanı Ukraynanın etdiyi kimi sülh üçün birlikdə çalışacaqlar. "Biz həqiqətən ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü Ukrayna, onun tərəfdaşları və dünya birliyilə işləməyə davam edəcəyik".

Turan-ın  müxbirinin sammitin yekun kommünikesini imzalamayan Braziliya, Səudiyyə ərəbistanı və digərləri kimi bəzi iştirakçı ölkələr haqqında sualına cavabda Miller hər hansı tənqiddən çəkinərək deyib ki, "hər bir ölkə özü üçün danışmalıdır və hər bir ölkə özü qərar verməlidir".

"Ancaq Ukraynanın  əldə etdiyi dəstəyə baxsanız görərsiniz ki, bu sülh sammitində 90-dan çox ölkə iştirak edib. 80-dən çox ölkə və beynəlxalq təşkilat yekun kommünikeyə imza atıb. Hesab edirik ki, bu rəqəmlərin hər ikisi Ukraynaya və təkcə sülhə yox, ədalətli və davamlı sülhə çox əhəmiyyətli dəstəkdir ki, biz həmişə bunu açıq şəkildə bəyan etmişik", - mətbuat katibi deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar