ABŞ öz vətəndaşlarını heç bir halda Rusiyaya səfər etməməyə çağırıb

22-06-2024, 09:54   



Cümə axşamı Birləşmiş Ştatlar bir daha öz vətəndaşlarını "heç bir səbəblə" Rusiyaya səfər etməməyə çağırıb. Çağırış ilin əvvəllərində ailəsinə baş çəkməyə gedən Rusiya-Amerika vətəndaşı qadının həbs olunmasından sonra səslənib. İndi o, "dövlətə xəyanət" ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Rusiya hakimiyyəti onu Ukrayna ordusu üçün pul yığmaqda ittiham edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

"Heç bir Amerika vətəndaşı heç bir səbəblə Rusiyaya səfər etməməlidir". Bu barədə cümə günü keçirilən brifinqdə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın suallarına cavabda bildirib.


"Bilirəm ki, bəzən bu, Rusiyada görmək istədikləri ailə üzvləri - bəzən sağlamlıq problemləri olan ailə üzvləri olan amerikalılar üçün çox ağır seçimə səbəb olur. Lakin Rusiyaya getməklə həbs riskinə məruz qalırsınız", deyə o, əlavə edib.

Los-Anceles sakini Kseniya Karelina Rusiyada anadan olub, lakin 10 il əvvəl ABŞ-a köçüb və orada kosmetoloq işləyir. Bu gün onu 12 ildən ömürlük həbsə qədər cəza gözləyir. O, fevralda Yekaterinburqda ailəsinə baş çəkərkən saxlanılıb.

RF Federal Təhlükəsizlik Xidməti Karelinanı Ukraynaya silah, döyüş sursatı və digər materiallar tədarük edən Ukrayna təşkilatı üçün pul yığmaqda ittiham edir. 

KİV-in məlumatına görə, Karelina bu təşkilata 50 dollar ianə edib. 

Miller deyib ki, ABŞ xaricdə saxlanılan vətəndaşlarla əlaqə saxlamağa çalışır və konsulluq əməkdaşları onlara müvafiq yardımı göstərməyə çalışırlar.

Rusiya çoxdan elə bir mövqe tutub ki, ikili vətəndaşlıqdan söhbət getdiyi zaman sorğulara cavab vermir, deyə o qeyd edib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar