Namazov-Şahnazaryan anlaşmasının ilginc pərdəarxası

8-11-2014, 10:56   
Namazov-Şahnazaryan anlaşmasının ilginc pərdəarxası
Həbsdəki “xalq diplomatları”nın azadlığı tezləşir; Qarabağ məsələsində öz vasitəçiliyinə etibarlı dinamizm vermək və Rusiyanın qəfil sürprizlərini cilovlamaq üçün Qərb öz taktikasını cilalayır; “xalq diplomatiyası” qayıdır və...
Artıq geniş ictimaiyyətə bəlli olduğu kimi, bir neçə gün öncə politoloq Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanın ortaq təşəbbüskarlığı ilə Qarabağa dair birgə bəyanat qəbul edilib. Sənədi Azərbaycan və Ermənistandan olan bəzi tanınmış vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb.

Bəyanatda münaqişə tərəfləri “hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönəlmiş siyasi və informasiya aksiyalarına son qoymağa, atəşkəs rejiminin möhkəmləndirilməsi və silahlı insidentlərin qarşısının alınması üzrə təxirəsalınmaz addımlar atmağa, habelə snayperlərin təmas xəttindən dərhal çıxışını təmin etməyə, Helsinki Yekun Aktı əsasında münaqişənin təməl həll normalarına (güc tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını həll etmək hüququ) və Qarabağ tənzimlənməsi üzrə ”yol xəritəsi" işlənib hazırlanmasına başlamağa" çağırılır.

Sənəddə həmçinin Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli “Dağlıq Qarabağ: nizamlama yolları” adlı məruzəsində və həmsədrlərin 12 may 2014-cü il tarixli bəyanatında yer alan təşəbbüslərə dəstək ifadə olunur. Hesab edilir ki, üç prinsip və məruzədə sözügedən altı element Minsk Qrupu çərçivəsində ixtilafın nizamlanması üzrə sülh sazişinin və “yol xəritəsi”nin işlənib hazırlanması üçün güclü əsaslardır.

Bundan əlavə, bəyanatda konfliktin tənzimlənməsi prosesinin cəmiyyətlər üçün açıq və şəffaf olmasının, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə beynəlxalq forumların təşkilinin zəruriliyi vurğulanır. Münaqişənin sülh yolu ilə həllinin yalnız münaqişə tərəflərinin qarşılıqlı güzəştlərə, maksimalist tələblərdən və ilkin şərtlərdən imtinaya hazır olduğu şəraitində mümkünlüyü qeyd edilir...

Həm Azərbaycanda, həm də Ermənistanda rəsmi səviyyədə olmasa da, bəyanata reaksiya birmənalı olmadı. Məsələn, Azərbaycandan verilən rəylərdən birində sənədin qrant layihəsi olduğu bildirildi. Başqa bir yanaşmaya görə isə Eldar Namazov və bəyanata imza atan digər şəxslərin “Qarabağ məsələsində belə mövqe sərgiləməyə haqlarının çatmadığı” (?!) vurğulanırdı. Hərgah, bu, hər şeydən öncə ictimai təşəbbüs sayılmalıdır.

Ermənistan tərəfdə də, əsasən ekspert dairələri səviyyəsində sənəd loyal qarşılanmadı. Misal üçün, politoloq Manvel Sərkisyan "xalq diplomatiyası"nın müstəqil yanaşmasının vacibliyinə, onun həmsədrlərin təkliflərini təkrarlamamalı olmasına diqqət yönəldərək qeyd edib ki, konfliktlərin həllində xalq diplomatiyası lazımdır, bir şərtlə ki, o, indiki nizamlama formatlarından kənar, müstəqil olsun: “Konkret Qarabağ məsələsində isə Minsk Qrupundan fərqli yeni ideya və təkliflər, qərarlar olmalıdır. Əgər Minsk Qrupunun arxasınca düşüləcəksə, heç nə olmayacaq”.

****
Amma bəyanat gerçəkdən də əsasən Minsk Qrupu həmsədrlərinin son təkliflərinin təkrarından ibarətdir. Burada diqqəti ən çox çəkən isə Qərbin (ABŞ-ın, Uorlikin) təkliflərinə stavka edilməsidir. Ümumiyyətlə, belə bir sənədin prezidentlərin Paris görüşündən dərhal sonra qəbul olunması təsadüfə oxşamır.

Eldar Namazov və David Şahnazaryanın qərbpərəst siyasətçi və ekspertlər kimi tanındıqlarını da ciddiyə alsaq, belə qənaət hasil ola bilər ki, Qərb həqiqətən də Qarabağ nizamlanmasına ictimai qurumların vasitəsilə və Rusiyadan yan keçməklə yeni bir dinamizm verməyə çalışır.
İstisna deyil ki, bu ehtiyac Rusiya-Qərb qarşıdurmasının sərtləşməyə üz tutduğu zamanda Kremlin münaqişədən öz maraqları naminə təhlükəli manipulyasiyalara əl atmasını etibarlı şəkildə önləmək istəyindən qaynaqlanır. Odur ki, paralel surətdə “xalq diplomatiyası”nı yenidən işə salmaq zərurəti yaranıb. Demək, davamı da gəlməlidir və biz yaxınlarda bu yöndə iki tərəfdən hansısa hərəkətliliyin şahidi ola bilərik.

Təsadüfi deyil ki, son vaxtlar “xalq diplomatiyası”nın odioz təmsilçilərindən olan Leyla və Arif Yunusların, bütövlükdə həbsdəki qərbyönlü siyasi məhbusların tezliklə azad ediləcəyi, həmçinin Bakı ilə Qərb (ABŞ) arasında siyasi dustaq məsələsində hansısa gizli anlaşma olması ilə bağlı intensiv məlumatlar yayılır.

Maraqlıdır ki, “Vətənə xəyanət”də suçlanan Leyla Yunusun, Rauf Mirqədirovun “iş birliyində” ittiham edildikləri erməni Şahnazaryanın imzaladığı birgə bəyanata, habelə Şahnazaryanla dost olan Eldar Namazovun özünə qarşı rəsmi Bakının bir elə sərt reaksiyasının şahidi olmadıq.

Bununla belə, bu cür təşəbbüskarlığın, o sırada yeni-köhnə “xalq diplomatiyası”nın effekt verib-verməyəcəyini indidən söyləmək də çətindir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.