Gizlətməyin, ört-basdır etməyin anlamı yoxdur. Müsavatda ikitirəlik var. Aşağı-yuxarı, gücü, tərəfdarlar dairəsi bir-birinə tən olan iki qanad formalaşıb. Bunu dansaq da, belədir, danmasaq, etiraf edib hər şeyi öz adıyla çağırsaq da.
Qanadların biri seçkili orqanlarda geniş təmsil olunur, rəsmi olaraq Müsavat təmsilçisidir. Digəri seçkili orqanlarda təmsil olunmur, amma onlar da müsavatçıdırlar və aralarında partiyanın bərpaçı və qurucuları (“qurucu” sözü yanlış sayılarsa, “formalaşdırıcıları” deyək).
Bu günlərdə hər iki qanad fəaldır. Biri rayonlarda zona müşavirələri keçirib, yenidən təşkilatlanmaya, toparlanmaya start verib. Son illərdə bu qədər fəallıq heç zaman görünməmişdi.
Digər qanad partiyanın mərkəzi qərargahında geniş toplantı keçirib. Bu qədər müsavatçı yalnız partiyanın məclis toplantılarında bir yerə yığılırdı.
Partiyanın ikiyə ayrılmış qanadlarının hər ikisinin şüarı eynidir, hər ikisinin başının üstündə dövlətimizin qurucusu Məmməd Əmin Rəsulzadənin portreti var, hər ikisinin başçıları milli-azadlıq hərəkatının lideri Elçibəyin kadrları, onun yetirmələridir, hər iki qanad İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyir.
Ancaq di gəl, müxtəlif qanadlar altına toplaşan funksionerlər bir-birinin sözünü həzm edə bilmirlər. Onların bir-birinə yönəlmiş sərt tənqidi fikirləri peşəkar və sosial media səhifələrində geninə-boluna tirajlanır. Bu işdə xüsusi səy göstərənlər var.
Elə çıxa bilər ki, ortalıqda mikser rolu oynayan şəxslər qanadlardan hansısa birinin tərəfindədirlər, onu o birindən daha üstün, müxalifətin ümumi mübarizəsi üçün daha faydalı sayırlar. Xeyr, onlar heç bir qanaddan yana deyillər, onlar müsavatçıların davasından yanadırlar.
Belə bir iddia da var ki, tərəflərdən biri artıq iqtidar güruhunun nəzarəti altına keçib və ali saraydan ona diktə ediləni icra edir. Yəni hakimiyyət sifariş verir ki, geri çəkilməyin, partiyanı ikiyə bölün, zəiflədin, yoxsa bəzilərinizin barəsində cinayət işi başlayarıq, bəziləriniz isə gələnilki seçkilərdə mandat ala bilməz və s. və i.a.
Bu cür iddialar da var, şübhələr də. Zaman-zaman adam az qala deyilənlərə inanacaq duruma gəlir. Yəqin ki, bu cür söz-söhbətlərə inananlar da var. Amma məsələ belədir ki, indiyədək yüz dəfələrlə bu cür “gizli bağlılıqlar”dan xəbər verən “mötəbər mənbə”lərin iddiaları yalan çıxıb, ona görə də hər deyilənə dərhal inanmağın yeri yoxdur.
Zatən, hər hansı bir gizli bağlılıq, yuxarıdan diktə söhbəti varsa, tezliklə bütün konturlarıyla üzə çıxacaq. Cidanı çuvalda gizlətmək mümkün deyil.
Tərəflərin ayrı-ayrı lider və ya təmsilçilərini dinləsən, hər iki tərəf haqlı çıxacaq. Onlar saatlarla danışa və məhz özlərinin haqlı olduğunu, qarşı tərəfin səhv yol tutduğunu isbat edə bilərlər. Kimin haqlı, kimin haqsız olduğunu təsbit və elan etmək üçün çox nüfuzlu arbitr lazımdır.
İndilikdə yalnız onu demək olar ki, Müsavatda bu durumun yaranmasının ciddi səbəbləri var. Bunun biri mövcud hakimiyyətin bu zamanlara qədər keçirdiyi bütün seçkilərdə partiyanın qazandığı mandat və səsləri qəsb etməsi, Müsavatı zorla uğursuzluq burulğanının içində saxlamasıdır.
İkinci səbəb isə ayrı-ayrı funksionerlərin illərlə bir-birinə qarşı bəslədikləri hisslərin birikməsidir. Zaman-zaman onlar münaqişə həddinə gəliblər, ancaq İsa Qəmbərin nüfuzu, zabitəsi qarşısında açılışmayıblar, öz kinlərini boğublar, amma kimin kimə nə dediyini, nə düşündüyünü unutmayıblar. İndi əlverişli şərait yetişib: İsa Qəmbər meydanın bir hissəsini onlara buraxıb və onlar artıq öz münasibətlərini ayırd edirlər.
Bəs Müsavatın gələcəyi necə olacaq? Çox cürətli görünə bilər, amma zənnimcə, ölkənin ən böyük müxalifət partiyası ikiyə bölünəcək və hər biri ayrı-ayrılıqda böyüməyə başlayacaq. Daha bir proqnoz isə ondan ibarətdir ki, yarım ildən, bir ildən sonra bu iki partiya müttəfiq olacaqlar, iki ildən sonra yenidən birləşəcəklər. (Bu partiyanın gələcəyinə dair optimist proqnozdur, pessimisti də var, yazılası deyil).