General Əli Nağıyevin adından dələduzluq edən qohumu kimdir?

9-11-2014, 13:23   
General Əli Nağıyevin adından dələduzluq edən qohumu kimdir?
Milyonluq dələduzluq edən, 4 ay axtarışdan sonra tutulan şəxsi hakim məhkəmə zalından açıb buraxıb!

Hüquq müdafiəçisi Vidadi İsgəndərli Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək, Nizami Rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin fəaliyyətini yoxlamağa çağırıb.

V.İsgəndərli “Yeni Müsavat”a deyib ki, polis və prokurorluq orqanlarının aylarla axtarıb saxladığı şəxsi hakim məhkəmə zalından buraxıb: “Qasım İsak oğlu Hüseynov özünü Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavin Əli Nağıyevin xalası oğlu kimi təqdim etməklə vətəndaşlardan 200 min, 350 min, 500 min manat pul alıb. Əvəzində onlara “Anay” firmasının Bakıda tikdiyi binalardan mənzillər vəd edib. Deyib ki, firmanın prezidenti Hüseynin qohumu Kazımla şərikdir. Mənə müraciət edən Ermənistan qaçqımı Zamiq Məmədova qarşı da bu adam dələduzluq edib. Ondan 70 min manat alaraq “Anay” firmasının tikdiyi binadakı mənzilin sənədini verib”.

V.İsgəndərli deyib ki, Z.Məmmədovun müraciətindən sonra hüquq mühafizə orqanlarına müraciət edib və Q.Hüseynovun məsuliyətə cəlb edilməsini istəyib:

“Müraciətimdən sonra məsələ araşdırıldı və məlum oldu ki Qasım Hüseynov Türkiyə vətəndaşı olan bir qadından 500 min, digər iki vətəndaşdan ayrı-ayrılıqda 200 min manat pul alaraq onları aldadıb. Üzə çıxdı ki, onun barəsində Səbayel Rayon Polis İdarəsində baş müstəntiq Ziya Əliyevin icraatında cinayət işi olub. İş dələduzluq ittihamı ilə Bakı Apelyasiya Məhkəməsinə qədər gedib çıxıb. Amma onu məhkəmə zalından açıb buraxıblar. Eynən Nizami Məhkəməsində olduğu kimi. Onu da öyrənmişəm ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatında Qasım Hüseynovla bağlı iş var. 4 ay axtarışlardan sonra tutulan Qasım Hüseynovu Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyevin zaldan açıb buraxması böyük qanunsuzluqdur. Hakim bunu niyə edib? Niyə, hansı səbəbdən əvvəllər məhkum olunmuş, hazırda 3 məhkəmədə işi olan şəxsi hakim Nuriyev buraxır? Hakimə təzyiq edən kimdir?”

V.İsgəndərli bildirib ki, məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.