İslam Partiyasının funksioneri məhbəsdən Şeyxülislama müraciət etdi

11-11-2014, 18:46   
İslam Partiyasının funksioneri məhbəsdən Şeyxülislama müraciət etdi
Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan İslam Partiyasının Astara Rayon təşkilatının sədri Ruhullah Şeyxülislam Allahşükür Paşazadəyə müraciət edib. Müraciətdə Şeyxülislam mənəvi aşınmaya münasibət bildirməməkdə qınanır.

Sitat: “Məhərrəm ayının başlanması ilə əlaqəli bəyanatınızın (fitvanızın) müəyyən hissəsi televiziya vasitəsilə bizlərə də bəyan oldu. Bu bəyanatın müsbət və ya mənfi tərəfləri ilə işim yoxdur. Mən və mənim kimi din təəssübkeşləri gözləyirdik ki, Siz dünyada və eləcə də yaxın Şərqdə, müsəlman ölkələrində son illər baş vermiş qanlı olayları nəzərə alıb, Azərbaycanımızda mənfi, mənəviyyatımıza, milli adət-ənənələrimizə yad olan, pozğun Qərb mədəniyyətini aşılayan, təbliğ edən hallara toxunacaq, televiziya və radio vasitəsilə cəmiyyəti pozğunluğa sürükləyən, milli muğamımız və ya aşıq deyişmələri deyil, pozuq, mütrüf tamaşaları, şou verilişləri, Lut qövmünün daşqalaq olunmasına səbəb olan üzdəniraqların, televiziya, şou aparıcılarının pozğun hərəkət və rəftarlarının heç olmasa Məhərrəm və Səfər ayları ərəfəsində qarşısının alınması haqqında fitva verəcəksiniz. Lakin, təəssüf və yenə də təəssüf ki, bu qədər qırğın, uşaq, qadın, qoca qatillərinə dəstək verməkdəsiniz. Sual oluna bilər, niyə dəstək verməkdəsiniz?”

Müəllif qeyd edir ki, ölkədə boşanma, qətl, uşaq ölümü, intihar, avtomobil qəzaları, cavan ölümü, “ağ ölüm”, üzdəniraqların get-gedə artımı və açıq-aşkar himayə olunmaları və vəhhabiliyə qarşı aparılan işlərin görüntü yaratması müşahidə olunduğu üçün Şeyx və onunla “bir düşünüb hərəkət edənləri” “nəhy əz münkəri” (pis işlərdən çəkindirmə) tərk edənlər sırasında görmək istəyib. Müraciətin sonunda R.Axundzadə Şeyxin tövbə etməyə çağırır: “Hörmətli Şeyx! Hicaba qadağaya Sizin razılığınız olmasaydı Təhsil nazirliyi (görünəni) bu addımı ata bilməzdi. Və eləcə də, Sizin razılığınız olmadan bizlər: Hacı Mövsüm, Hacı Abgül, Hacı Fəramiz və yüzlərlə ruhani və dindar hal-hazırda həbs edilə bilməzdilər.

Qorxun Allahdan, onun qəzəbindən! Tövbə edin! Quranda buyurulduğu kimi, mənim mömin bəndələrimə zülm edənlər Cəhənnəmin ən pis qatına atılacaqlar... Odur ki, günah mənbəyi olan Bakıda yaşayan sizlər indi tövbə edin. Sabah gec olacaq. Vəssalam”.

Qeyd edək ki, müraciət ötən ayın sonu, hicri Məhərrəm ayının 1-də yazılıb. R.Axundzadə İslam Partiyasının Astara təşkilatının sədridir. 2011-ci ilin əvvəllərində həbs olunub. AİP sədri Mövsüm Səmədovla birlikdə mühakimə olunub. 11 6 ay azadlıqdan məhrum olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.