Gecikmişdik. Telefonda bir az da gözləməyi xahiş etdim. Fotoqrafımız İsmi ilə az qala qaça-qaça Azərbaycan Akademik Dövlət Dram Teatrına daxil olanda Mehriban xanım bizi qonaq otağında gözləyirdi. Qeydiyyatdan keçib, müsahibimizə yaxınlaşdıq. Özünə məxsus şən əhval-ruhiyyə ilə dilləndi:
- A balam, di gəlin çıxın daa... Mən axı hələ verilişə də çatmalıyam!
Yubandığımız üçün üzrxahlıq etdim və dərhal müsahibəyə başladıq:
Deyirlər ki, toy olacaq
- Mehriban xanım, son zamanlar saytlarda şəxsi həyatınızla bağlı yayılan məlumatlara açıqlama gətirmək niyyətində olduğunuzu demişdiniz. Yazılanlar doğrudurmu? Deyirlər ki, toy olacaq! Olacaqmı?
- Ay balam, nə toy? Toy-filan gözlənilmir! Sadəcə, sözdü də, reytinqləri olsun deyə yazıblar. Amma istəyirəm ki, sizin vasitənizlə bir etiraf edəm: sevgi də ola bilər, ailə də. Mənim də sevmək haqqım var. Hər bir insan istəyər ki, evə döndüyündə öz isti yuvası ilə qarşılaşsın. Amma bu istək hələ ki arzu olaraq mənim ürəyimdədir. Gerçəkləşəndə elə birinci siz biləcəksiniz. Reklam xətrinə isə hisslərimlə oynamaq lazım deyil. Mən də insanam. Öz işləri getsin deyə, xəbərləri oxunsun deyə, adımı hallandırırlar, mən də qalıram pis vəziyyətdə.
Nənə olsa da, gənc nənə
- Amma atalar deyirlər ki, od olmasa, tüstüsü çıxmaz. Əgər yadınızdadırsa, sizi təbrik edənlər sırasında mən də olmuşam. Açığı, inanmışdım xəbərin doğru olduğuna.
- Xəbər doğru da ola bilərdi. Mehriban Xanlarova nənə olsa da, gənc nənədir! Odur ki, mən bu xəbərin gerçək olmasını istərdim də! Amma həqiqət tam başqadır.
- Bəs necə oldu ki, evlilik xəbəriniz yayıldı? Bəlkə müsahibələrdən birində ağzınızdan nəsə qaçırıbsınız?
- Açığı, bu yaxınlarda bir alış-veriş mərkəzində idim. Yerli sayt əməkdaşlarından biri yaxınlaşaraq, hal-əhval tutdu. Mən də onunla bir qədər söhbət etdim. Ailə qurmağım haqqında söhbət olmadı. Yalnız soruşdu ki, yaxşı bir insanla ailə qurmağa hazırammı? Mən də cavabımda: “Yaxşı insan olsa, fikirləşərəm”, - demişdim.
Hələ ki sirr qalsın
- Düşünürsünüz ki, elə bütün dedi-qodular bununla bağlıdır?
- Əlbəttə, həm də ki məni sevməyən qüvvələr çoxdur. Onlar hətta xaricdə çəkilişlərdə iştirak etməyimə də mane olurlar.
- “Sevməyən qüvvə” dedikdə kimləri nəzərdə tutursunuz?
- Gəl, bu məsələyə toxunmayaq, hələ ki sirr qalsın, amma yaxın zamanlarda söz verirəm ki, Axar.az-a bu haqda açıqlama verəcəyəm. Amma sizə bir eksklüziv açıqlama etmək istərdim: “Bu təzyiqlər davam edərsə, Azərbaycanı tərk edəcəyəm!” Bir çox səbəblər var bu addımı atmağa, onlardan biri də məhz media işçilərinin mənə qarşı yalan məlumatlar yaymasıdır. Ailə quranda quracam! Heç kəs narahat olmasın! Misal üçün, mən Xoşqədəm Hidayətqızının addımını dəstəkləyirəm və fikrinə hörmətlə yanaşıram; o, efirdə bəyan etdi ki, ailə qurur və tezliklə də türk müğənnisi Doğuşla evləndi. Mən də o cür hərəkət edəcəm. Toy-filan olmasa da, kəbin və rəsmi nikah mənim üçün mütləqdir.
Lənət şeytana
- Mehriban xanım, bu yaxınlarda “Generalın son əmri” premyera-tamaşasını izlədim. Orada yer aldığınız “nəvə” obrazını çox bəyəndim. Amma tamaşada bir məqam gözümdən qaçmadı: müəllif Vaqif Səmədoğlu əsərə o qədər bol yumor qatıb ki, hətta siz aktyor heyəti olaraq tamaşa oynanılan zaman gülürdünüz.
- Hə, doğrudur. Quruluşçu rejissor Ramiz Həsənoğlunun rəhbərliyi ilə ərsəyə gələn bu tamaşa həqiqətən də uğurlu alınıb. Baş rollarda tərəf müqabillərim general obrazını canlandıran Cəfər Namiq Kamal və “qardaşım” rolununu oynayan Sabir Məmmədovla çox gözəl anlayırıq bir birimizi. Hətta tamaşada bir məqam da var ki, baba öz sevgisindən danışır. O zaman mən “nəvə” cavab verirəm ki, baba qocadır, o evlənə bilməz! Həmin an bütün zal gülməyə başlayır və mən də özümü saxlaya bilməyib, qoşuluram onlara. Lənət şeytana, yenə gəldik çıxdıq evlənmək söhbətinə!
Nəticədə pul gəlib bizə çatmır
- Nə əcəb filmlərə çəkilmirsiniz? Dəvət yoxdur, yoxsa ürəyinizə yatan obraz tapa bilmirsiniz?
- Çox sağ ol ki, bu sualı verdin. Yaralı yerimə toxunursan əslində. Bəzi dırnaqarası rejissorlar küçədən keçənləri filmə çəkirlər, biz peşəkarlar qalırıq kənarda. İstəyirəm ki, mütləq bu fikrimi qeyd edəsiniz: dövlət başçımız qayğımızı çox çəkir, sağ olsun, fond hesabına pul da ayırır bizə. Amma nəticədə pul gəlib bizə çatmır. Nə ortada normal serial çəkilişi olur, nə də ki, aktyor heyəti qonorar əldə edir. Mən çox istərdim ki, dövlət qurumları tərəfindən bu məsələylə məşğul olmaq üçün bir komitəyə tapşırıq verilsin və serial çəkilişi üçün vəsaitin əslində haraya xərcləndiyi ortaya çıxsın.
- Bu yaxınlarda veriliş açmaq niyyətində olduğunuzu dediniz. Bəs nə üçün irəliləyiş olmadı? Yenə mane olanlar tapıldı?
- Yox, bu dəfə maddi çətinliklərlə qarşılaşdım. Əvvəl yerli kanallardan birində öz şəxsi verilişim olub. Amma öz səhlənkarlığım ucbatından bağlandı. İndi yenidən bu haqda düşünürəm, vəsait olarsa, yenidən veriliş açmağı düşünürəm.