...Uzun illər keçsə də, Təhminə obrazı hələ də ürəklərdə yaşayır. İki ölkənin bir aktrisası olan Meral Konrat Azərbaycanda uğursuz bir məhəbbətin tarixçəsindən bəhs edən "Təhminə" filmində rol aldığı üçün özünü xoşbəxt hesab edir. Aktrisa peşəkar kinorejissor Rasim Ocaqovu ata kimi xatırladığından söhbət açır. Demə, aktyor kino tariximizdə sözünü deməyi bacaran sənətkarla bir filmdə çalışdığı üçün qürur duyur...
Yaxın günlərdə peşəkar kinorejissor Rasim Ocağovun doğum günü qeyd olunacaq.
- Hazırda nə edirsiniz? İstanbulda yeni günə necə başlayırsınız?
- Ötən aylarda bir filmə çəkilməyə başladım. Kino ilə yatıb, kino ilə qalxıram. (gülür) Səhərlər tez oyanmağı sevən adamam. Günə dəyər verməyi xoşlayıram. Dostlarımı sevirəm, boş vaxtlarımda filmə baxıram, teatra gedirəm. Təbii həyat yaşayanlardanam. Onu da deyim ki, tez-tez bazara gedirəm. Ürəyim istəyən meyvəni özüm seçib alıram. Hara getməyimdən asılı olmayaraq, kino çəkilişləri mənim üçün hər şeydən dəyərlidir.
- İlk filmə neçə yaşınızda çəkilmisiniz?
- İlk dəfə kinoya 17 yaşımda çəkilmişəm. Yaxşı yaddımdadı, birinci dəfə reklam filminə çəkildim. Sözün düzü, atam istəmirdi bu reklama çəkilim. Yenə bir reklam təklifi gəldi, dedim, çəkilə bilmərəm. Valideynimə görə çox narahat idim. Atam bu dəfə də mənə icazə vermək istəmirdi. Dedilər, Meral səni rəngləyəcəyik, kimsə tanımayacaq. Sonra atam razı oldu. Görkəmli aktyorumuz Tarık Akanın rol aldığı bir filmdə çəkildim. Bu filmdə çəkilməyim üçün çox düşünmüşdüm. Amma bütün çətinliklərə baxmayaraq, oynadım və bir anda ulduz oldum!
- “Təhminə” filmi və Azərbaycan tamaşaçısı. O illəri neçə xatırlayırsınız?
- Bir gün bir çəkiliş qrupu mənimlə görüşmək istədiyini dedi. Getdim. Otağa daxil olanda Rasim Ocaqov dedi ki, Təhminə budur! Rasim bəylə ilk tanışlığımız belə oldu. Soruşdum ki, Təhminə kimdir? Dedilər, Azərbaycanda bir film çəkmək istəyirik, rejissor Rasim bəy də səni çox bəyənir və özünün quruluş verdiyi "Təhminə" filmində sənə baş rolu verəcək. Rasim bəy məni bəyənəndə çox gənc idim (gülür).
Zaur, yoxsa Spartak!?
- Bu filmin səhnəarxası tarixçəsindən yadınızda maraqlı nə qalıb?
- Əlbəttə, gizli qalan maraqlı məqamlar olub. Demək olar ki, tamaşaçılar bundan xəbərsizidir. "Təhminə" filminə çəkilməyim üçün razılıq verdim. Məni Azərbaycana dəvət etdilər və çəkilişlər başladı. Filmdə Zaur obrazını atası iranlı, anası rus olan məşhur aktyor Adel Alhadad oynamışdı. Həmin aktyorla film yarıya qədər çəkilmişdi. Elə bilirdim Fəxrəddin Manafov Spartakı oynayacaq. Sonra Rasim bəy mənə zəng etdi və dedi: “Meral xanım, çəkdiyimiz filmi bəyənmədim!” Mən də narahat oldum, səbəbini soruşdum. Rasim Ocaqov dedi ki, Zaur Təhminənin qarşısında zəif qalıb, çox pis oynayıb. Buna görə də Zauru Fəxrəddin Manafov adında azərbaycanlı bir aktyor oynayacaq. Soruşdum ki, bəs o, Spartakı oynamayacaq? O illərdə Rasim bəy hər şeyi planlaşdırmışdı; Fəxrəddin Zauru oynadığına görə Spartak obrazı üçün başqa aktyor da tapmışdı. Fəxrəddin Manfov çox yaxşı aktyor idi, gördüyünüz kimi, maraqlı, baxımli bir film alındı.
O bir ata idi
- Azərbayacanın peşəkar rejissorlarından biri olan Rasim Ocaqovla bir filmdə işləmək sizə nə verdi? Bir insan və peşəkar rejissor kimi yaddaşınızda hansı izləri qoyub getdi?
- (Fikirləşir) Mənim üçün Rasim Ocaqov çox önəmli insandı. Onunla işləmə fürsəti əldə etdiyim üçün çox şanslıyam. Rasim bəy işinə qarşı çox diqqətcil idi. Onu gördüyüm zaman qorxardım. İşini çox sevirdi... İşdə səhv elədiyimiz zaman çox əsəbiləşirdi! Bundan başqa, o bir ata idi. Nə istədiyini o qədər gözəl, içdən izah edirdi ki! Çox fərqli insan idi. Onun tələblərinə bir türk aktrisa kimi heyran qalırdım. Rasim Ocaqovda bir Hollivud tərzi var idi. Onun haqqında çox söz demək olar. O, yaddaşımda xoş izlər qoyub getdi. Nur içində yatsın!.. Rasim bəyi doğurdan da çox istəyirəm, onun sevgisi hələ də qəlbimdədir.
- Bakı və Azərbaycan tamaşaçıları. Şəhərimizə gələndə nə hiss keçirirsiniz?
- Azərbaycan tamaçılarını çox sevirəm! Onlar məni necə sevirlərsə, mən də onları elə sevirəm. Rasim Ocaqovu sevdiyim kimi, sizlər də mənim üçün çox dəyərlisiniz. Hər Bakıya gəldiyimdə “Təhminə” filmini yenidən yaşayıram!
Rasim Ocaqov xatirələrdə...
Sənətkar Azərbaycan kinosunun inkişafı üçün daim mübarizə apardı. Çəkdiyi filmlərdə mütləq bir ideya olmalı idi. Onun çəkdiyi filmlərdə kadrlar sujetin ümumi axarına uyğunlaşırdı. Daim tamaşaçıları düşündürməyi bacaran kinorejissorun ideya ilə yanaşı, təqdim etdiyi hər kadrın öz sehri vardı. Əslində, filmlərin uğurlu alınmasında peşəkar aktyorların da əməyi böyük idi. Deyirlər, bəzi personajları bir anın içində seçirdi. Türkiyəyə qədər gedib çıxan rejissor məhz Meral Konratı da bir anın içində seçib...
Türkiyə-İstanbul