“Nazpəri Dostəliyeva İlhamə Quliyevaya uduzduğu 25 min manat cəriməni yaxın zamanlarda ödəyəcək”.
Bu barədə Aznews.az-a Xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz Hacılı bildirib.
O deyib ki, iş Məhkəmə Qərarlarının İcrası İdarəsinin Nəsimi Rayon Şöbəsindədir: “Bu günlərdə prosesə yeni icraçı təyin olunub. Hazırda işlə həmin icraçı məşğul olur. Məhkəmənin qərarı var, cərimə kəsilib. Qərara görə də həmin cərimə hesaba köçürülməlidir”.
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub. Qərara görə, N.Dostəliyeva 25 min manat cərimə ödəyəcək və ondan üzr istəyəcək.
Onu da bildirək ki, Nazpəri Dostəliyeva Xalq artisti İlhamə Quliyevanın şikayəti əsasında Ali Məhkəmənin ona qarşı kəsdiyi 25 min manatın hissəli ödənişi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Nəsimi Rayon Məhkəməsi xalq artisti Nazpəri Dostəliyevanın İlhamə Quliyeva ilə bağlı verdiyi şikayəti təmin etməyib.