Ailem.az aktrisa Mehin Hümbətovanın milli.az-a müsahibəsini təqdim edir.
- Mehin xanım, seriala dəvət almağınız təsadüf oldu?
- Deyərdim ki, təsadüf oldu. Mən studiyada olarkən həmin rejissor da orada idi. Filmin mahnısını yazdırmağa gəlmişdi. Məni gördü və çəkəcəyi serialda baş rol üçün məhz mənim kimi sima lazım olduğunu dedi. Mən də tərəddüd etmədən həmin təklifi dəyərləndirdim.
- “Muradına çatan Günəş” serialı sizin üçün uğurlu oldu. Tamaşaçılar sizi daha çox müğənni, yoxsa aktrisa kimi tanıyırlar? Axı siz müğənni kimi də fəaliyyət göstərirsiniz.
- Düzünə qalsa, daha çox müğənni kimi tanınıram. Amma mən heç vaxt populyarlıq arzusunda olmamışam. Mahnı oxumaq mənim üçün bir hobbidir. Bu səbəbdən də, heç bir el şənliyinə, şou-proqramlara və s. getmirəm.
- Hansı səbəbdən şou-biznesə tam daxil ola bilmədiniz?
- Daxil ola bilərdim, amma istəmədim.
- Niyə?..
- Oradakı çirkabı görəndən sonra məndə şou-biznesə qarşı inanılmaz dərəcədə ikrah hissi yarandı.
- Hal-hazırda sizin üçün aktrisalıq müğənniliyi arxa plana salıb desək, yanılmarıq ki?
- Tamamilə doğrudur. Əslində aktrisalığa meylim uşaq yaşlarımdan olub. Serialda baş rola çəkiləndən sonra bu sahəyə marağım daha da artdı.
- Marağınız artdı... Bəs “Muradına çatan Günəş” serialından sonra bu peşəni davam etdirmək üçün sizə şans verildi?
- Əlbəttə, verildi. Sözügedən serialdan sonra bir bədii filmə çəkildim. Bu film Azərbaycanla Türkiyənin müştərək işi olduğuna görə çəkilişlər İstanbulda oldu. Amma sifarişlə olduğuna görə, hələ ki, televiziya ekranlarında yayımlanmayıb. Hal-hazırda isə “Nifrət” serialında baş rolu canlandırıram. Artıq müəyyən bir qismi çəkilib. Yaxın zamanlarda televiziya kanallarından birində nümayiş olunacaq.
- Başınızdan nəyi atmağı bacarmırsınız?
- Dəqiq deyə bilməyəcəm. Amma yəqin ki, belə şeylər kifayət qədərdir.
- “Muradına çatan Günəş” serialında baş rol ifaçısı Mehin həyatda öz muradına çatıbmı?
- Hələ yol gedirəm (gülür).
- Hələ ailə qurmaq fikriniz yoxdur?
- İnşallah, olacaq. Şəxsi həyatım barədə heç nə danışmaq istəmirəm, amma bircə onu deyə bilərəm ki, yaxın beş il ərzində ana olacağam.
- Sizin üçün adrenalin nədir?
- Yüksək sürət.
- Sürət həddini tez-tez aşırsınız?
- Bəli, arada olur (gülür). Amma bu, mənim əhvalımdan asılı olan bir haldır.
- Nədən qaçırsınız?
- Yalançı insanlardan, riyakarlardan.
- Nə qədər dostunuz var?
- Dostum çox azdır. Ən yaxın bir xanım, bir də bəy dostum var. Hər ikisi də mənə bacı deyir.
- Daha çox bacınız (Günel Hümbətova) sizə görə tanınır, yoxsa siz ona görə?
- Onu görəndə deyirlər ki, Mehinin bacısı, məni də görəndə Günelin bacısı deyirlər (gülür). Amma sözün düzü, bacım məndən çox tanınır.
- Deyəsən, sizin də geyim barədə kompleksiniz yoxdur. Məsələn, günün günorta çağı açıq-saçıq geyimlə küçədə dolaşarsınız?
- Açıq geyinməyinə, geyinirəm. Amma bir sərhəd var ki, onu heç vaxt aşmıram. Aşırı dərəcədə açıq geyinib heç vaxt çölə çıxmaram.
- Bəs o dediyiniz formada açıq libaslardan istifadə etməyiniz nədən irəli gəlir?
- Mən idmanla məşğul olmuşam. Düşünürəm ki, bədən quruluşum mənə açıq geyinməyə imkan verir. Bir sözlə, bu özünəgüvəndən irəli gəlir.