Əməkdar artist Lalə Məmmədovanın repertuarındakı “Qar dənələri” mahnısını türkiyəli ifaçı Kayahanın yeni albomuna daxil etməsi ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, təəssüratlarını “Star life” verilişi ilə bölüşən müğənni həmin mahnını yeni albomuna daxil etmək üçün Kayahanın ona zəng vurub icazə aldığını deyib:
“Bir dəfə bu mahnını səsləndirdiyim diski Kayahana vermişdim. Bu ilin mayında mənə zəng etdi. Görün, necə böyük insandır. Köməkçiləri vasitəsilə də mənə yığa bilərdi. Amma insan kimi özü şəxsən zəng vurub təşəkkür etdi. Dedi CD çıxacaq, oxuduğunuzu ora daxil etmək istəyirəm. Elə utandım...
Dedim, əslində bu, sizin mahnınızdır, mən özüm oxumaq üçün sizdən icazə almalıydım. Onun səsini eşidəndə gözlərim doldu. İnanmırdım ki, mənə zəng vurub. O qədər doğma səsdir ki... Onun zəngi mənim üçün gözlənilməz, unudulmaz bir an idi. 20 müğənninin yer aldığı o alboma daxil olmaq böyük şərəfdir. Kayahanın mahnılarından ibarət bu albomun təqdimatına mən də gedəcəm”.