Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə gəlir.
Avropa.info xəbər verir ki, iki ölkə arasında 100 milyard dollar məbləğində müqavilənin imzalanması gözlənilir. Putinin səfəri zamanı qaz qiymətlərində endirim də gözlənilən ehtimallar arasındadır.
Prezident Rəcəb Tayyip Ərdoğanın sədrliyi altında təşkil ediləcək Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının işində iştirak etmək üçün görüşə qatılacaq 10 nazir Rusiya ilə əsasən iqtisadi məsələləri müzakirə edəcək. 2010-da elan edilən 100 milyard dollarlıq ticarət dövriyyəsinin 2020-ci ildə reallaşması üçün səy göstəriləcək.
Bu ilin sonunda 33 milyard dollara qədər artacaq ticarət dövriyyəsinin artması üçün görüşlərin keçirilməsi gözlənilir. Ukrayna böhranı səbəbi ilə ABŞ və Avropadan ərzağın daxil olmasına embarqo qoyan Rusiya kənd təsərrüfatı mallarını Türkiyədən idxal etməyə başlayıb. Əsas məsələ də bu idxalın detallarını müəyyənləşdirməkdir. Ticarət, bank sistemi, milli valyutaların mübadiləsini ehtiva edəcək 5 maddəlik müqavilənin imzalanması da gündəmdədir.
Putinin səfərinin bir başqa tərəfi energetika sahəsidir. “Mavi axın” qaz kəməri ilə satın alınan təbii qazın 3 milyard kubmetr artımı gözlənilir. Dünya qiymətlərinə müvafiq qaz qiymətlərinin aşağı salınması da istəniləcək.
Rusiyanın Türkiyədə tikəcəyi Mersin AES-i də ətraflı müzakirə ediləcək. Putin gələcəkdə Türkiyədə tikiləcək üçüncü AES-in öhdəliyini götürməyə iddialıdır.
Putinin səfərindən əvvəl isə Ərdoğan “Qazprom”u prezidenti Aleksey Milleri qəbul edib. Görüşdə bağlanacaq qaz müqaviləsi müzakirə edilib. Türkiyə Rusiyadan qaz alan ölkələr sırasında Almaniyadan sonra ikinci yerdədir. 2013-cü ildə Rusiyadan alınan qazın həcmi 26,7 milyard kubmetr olmuşdu. 2014-cü ilin sonunda isə 30 milyarda qədər artması gözlənilir.
Turizmin inkişaf etdirilməsi məqsədilə Rusiyadan gələn turistlərin vizasını 2 aya qədər uzadan Türkiyə eyni güzəşti öz vətəndaşları üçün istəyəcək.
Eyni zamanda vaxtilə Sarıqamışda ölmüş əsgərlərin xatirə məzarlarının düzəldilməsi ilə bağlı müqavilə də imzalanacaq.
Rusiya və Türkiyə arasında fikir ayrılığı yaradan Krım və Suriya mövzularında bir dəyişiklik gözlənilmir.