NATO-nun sonuncu zirvə toplantısında ABŞ-ın yüksək rütbəli hərbi nümayəndəsi qəbul edilmiş ümumi qərara uyğun olaraq Baltik ölkələrində Amerikan tanklarının yerləşdiriləcəyini bildirlmişdi. Hərbi və müdafiə sferası üzrə ekspertlər etiraf edirlər ki, Baltik ölkələrində konsentrasiya olunacaq hücum silahları Rusiyanı buna qarşı cavab reaksiyası vermək təxribatına da çəkə bilər. Ancaq digər tərəfdən belə bir tədbir regionda öz hərbi gücünü artırmaqda davam edən aqressiv qonşuya, Baltik respublikalarının NATO üzvü olmasını bir daha xatırladacaq.
TanklarABŞ general-leytenantı Ben Xodc gələn il ABŞ ordusunun Şimali Atlantika Alyansı ölkələrində və həmçinin də Şərqi Avropada 150 tank yerləşdirəcəyi barəsində məlumat verib. ”Atlantic Resolve” əməliyyatı çərçivəsində Avropaya göndərilməsi nəzərdə tutulan həmin hərbi texnika, Ukraynaya silahlı müdaxilə edən Moskvanın aqressiv siyasətinə cavab kimi Baltik ölkələrinin və Polşanın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət göstərəcək. Demək olar ki, hazırda 50 ədəd zirehli texnika artıq Avropaya göndərilib və əlavə olraq 100 “M1 Abrams” tankı, ”Bradley” piyadaların döyüş maşını Almaniya və digər ölkələrə yollanacaq. General Xodc yaxın zamanlarda zirehli texnikanın daimi olaraq hansı Şərqi Avropa ölkələrində yerləşdirilməsi haqqında deyib:
”Mən belə hesab edirəm ki, bu silahlar rota və batalyon səviyyələrində Baltikyanı, Polşa, Rumınıya və Bolqarıstan kimi ölkələrdə yerləşdirləcək”.
Ekspertlər narahatlıqla onu da vurğulayırlar ki, xeyli sayda rus hərbi birləşmələrinin NATO sərhədləri yaxınlığında toplanması qüvvələr nisbətindəki assimetrikliyə gətirib çıxarıb. ABŞ hərbi texnikasının Baltik ölkələrində yerləşdirilməsi daha aqressiv olan Rusiya üçün bəlkə də yalnış siqnaldır. Latviyanın keçmiş müdafiə naziri Artis Pobriks məsələ ilə əlaqədər Latviyanın “nra.lv” saytına söyləyib:
”Rusiya bizim silahlanmağımızı və ona qarşı təhlükə törədə biləcəyimizi də söyləyə bilər. Lakin onu da mütləq qeyd etməliyəm ki, arada çox böyük asimmetriya mövcuddur. Hazırda Rusiya öz hərbi texnikasını Arktika, Polşa və Baltik ölkələri yaxınlığında yerlədirməkdə davam edir. Ona görə də, onların geniş hərbi imkanları ilə müqayisədə bizə göndəriləcək 150 və ya 200 tankı təhlükə saymaq olmaz”.
Vaqif NƏSİBOV