11 ayın siyasi və iqtisadi yekunları...

2-12-2014, 08:57   
11 ayın siyasi və iqtisadi yekunları...


Ekspertlərə görə, müxalifət əhəmiyyətli dərəcədə zəiflədilib; neftdən asılı iqtisadiyyat da problemlərlə üz-üzədir
Bu ilin 11 ayı ölkənin ictimai-siyasi həyatında, həmçinin iqtisadi sferada bir sıra məqamlarla yadda qaldı. Ekspertlər musavat.com-a danışaraq həmin məqamları şərh ediblər. Siyasi ekspert Natiq Miri bildirib ki, 2014-cü ilin 11 ayı Azərbaycanın ictimai-siyasi həyatında heç də ürəklaçan hadisələrlə diqqətdə olmayıb: “Yenə də siyasi rəqabət Qərb dünyasından çox-çox uzaqdır. İqtisadiyyatda hakimiyyətin monopoliyası mövcud olduğu kimi, siyasətdə də hələ də hakimiyyətin monopoliyası var.

Hələ də Azərbaycanda hakimiyyət bölgüsü birmənalı olaraq ali icra hakimiyyətinin inhisarındadır. Eyni zamanda hələ də müxalifət partiyalarının zəiflədilməsi siyasəti yürüdülməkdə davam edir. On bir ay xüsusilə hakimiyyətin qeyri-hökumət təşkilatlarına qarşı ciddi mübarizəsi ilə yadda qaldı və bu kontekstdə həm qeyri-hökumət təşkilatı fəalları, həm siyasətçilər, həm də jurnalistlər içərisində həbs olunanlar oldu. Yəni bu 11 ay bu cür xoşagəlməz hadisələrlə yadda qaldı. Xüsusi olaraq siyasi müstəvidə müxalifətin aktivliyi hiss olunmadı. Milli Şura bu müddətdə cəmi iki mitinq keçirməyə cəhd etdi. Bu da göstərdi ki, kütləvi olaraq insanların mitinqlərə gəlmə prosesini müşahidə edə bilmədik. Bu, çox acınacaqlı haldır. Təbii ki, bunun üçün əslində müəyyən siyasi fitnəkarlıqdan tutmuş siyasi oyunlara qədər bir sıra məsələlər var və xalq buna da adekvat olaraq reaksiya verir. Ona görə də keçirilən etiraz aksiyalarına xalq kütlə olaraq qoşulmur”.
Ekspertin sözlərinə görə, müxalifət partiyaları bu 11 ay ərzində getdikcə zəifləməkdə davam edib: “Bu 11 ay ərzində müəyyən mənada müxalifət daha çox bir-biri ilə siyasi mübarizə apardı, nəinki siyasi müxalifət hakimiyyətlə. Bu müddətdə ilk dəfə olaraq Müsavat başqanı vəzifəsindən getdi və sıravi üzv olaraq partiyada fəaliyyətə başladı. Bu kontekstdə Müsavatın içərisində keçirilən seçki bəzi narazılıqlar ortaya çıxıb və bu proses hələ də davam edir”.

N.Miri qeyd edib ki, siyasi müxalifət proseslərdə aktiv deyil: “İctimaiyyətdə bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı siyasi aktivlik hiss olunmur. Təbii ki, bunun bir tərəfi əhalinin inamsızlığıdırsa, bir tərəfi müxalifətin seçki prosesinə qeyri-adekvat davranışıdır. Ona görə də 11 ay çox sakit, regionda gedən çox ciddi, gərgin geosiyasi hadisələrə rəğmən, çox sakit keçdi. Azərbaycanda demək olar ki, hər hansı qarşıdurma müşahidə olunmadı. Müxalifət getdikcə zəifləməyə davam etdi və müxalifət daha çox öz arasında birincilik uğrunda mübarizəni davam etdirdi. Təəssüf ki, hələ də bu məsələdə müəyyən aydınlıq yoxdur. Səhvlərdən nəticə çıxarılmır. Parlament seçkiləri yaxınlaşdıqca, bu cür qeydi-adekvat proseslərin getməsi də ictimaiyyətin də diqqətindən yayınmır. Proses əgər bu cür davam edərsə, 2015-ci il parlament seçkilərini də çox acınacaqlı görürəm. Ona görə də yenidən hər bir siyasi partiya öz siyasətinə, xüsusilə də xalqla təmaslarına yenidən baxmalıdır. Hesab edirəm ki, hər bir siyasi təşkilat yenidən təşkilatlanmalıdır. Başqa cür davranış, xüsusilə də yeni siyasi mübarizə metodları ortalığa çıxarmadan, əski mübarizə vasitələri ilə bu hakimiyyəti parlament seçkilərində heç bir məğlubiyyətə uğratmaq olmayacaq”.

Ekspertin sözlərinə görə, 11 ay, sadəcə olaraq, siyasi müstəvidə çox süstlüklə müşahidə olundu və buna adekvat olaraq ictimaiyyətdə hər hansı bir sosial, siyasi dəyişiklik müşahidə edilməyib: “Hakimiyyət də bu müddətdə daxildə öz mövqelərini gücləndirməyə çalışdı. Hakimiyyətin xarici siyasətində də çox böyük boşluqlar ortalığa çıxdı. Hakimiyyət Qərblə Rusiya arasında müəyyən siyasi manevrlər etmək imkanından artıq məhrum olub. Ona görə də son zamanlar hakimiyyətin xarici siyasəti deyiləcək hər hansı bir punktual davranışı müşahidə edilmir. Hakimiyyət xarici siyasətində ciddi seçimlər etməlidir və bu seçimlər Qərbdən yana olmalıdır. Hakimiyyətin xarici siyasətini itirilmiş il kimi qiymətləndirmək olar”.

On bir ayın mühüm və əhəmiyyətli hadisəsi isə Azərbaycan Ordusunun erməni hərbçilərinin etdiyi saymazyana hərəkətlərinə adekvat olaraq məhv etdiyi vertolyot hadisəsi oldu: “Bu fakt göstərdi ki, Azərbaycan artıq bundan sonra Ermənistanın hər hansı bir saymaz hərəkətinə dözmək fikrində deyil. Eyni zamanda Azərbaycan öz hava məkanını birmənalı olaraq erməni qoşunları üçün bağladı. Bu hadisə gələcəkdə Xocalıda açılacaq aeroportun fəaliyyətinə də çox böyük kölgə saldı. Bu, Dağlıq Qarabağ probleminin çözülməsi üçün bəlkə də həlledici hadisələrdən oldu”.



İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, 11 ayın ən ciddi məqamlarından biri neftin bazar qiymətinin dəyişməsi olub: “Bu, özünü ilk aylarda göstərməsə də, sonradan qiymət aşağı düşdü və birmənalı şəkildə Azərbaycan iqtisadiyyatındakı mövcud və perspektiv dəyişiklikləri diqtə etməyə başladı. Nəzərə alsaq ki, Azərbaycanda ixracatın 94 faizi neftin payına düşür, o baxımdan, Azərbaycan üçün neftin dünya bazarındakı qiyməti olduqca əhəmiyyətlidir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət gəlirlərinə təsir göstərir və gəlirlərin əhəmiyyətli hissəsinin formalaşmasına birbaşa təsir göstərir. On bir ayın yekunlarına görə, neftin dünya bazarındakı qiyməti əsas, aparıcı, həlledici məqam oldu. Azalmalar Azərbaycan üçün yeni bir mərhələnin başlanması demək idi. Eyni zamanda Azərbaycan hökuməti ciddi mesaj kimi qiymətləndirməli idi ki, Azərbaycan iqtisadiyyatında diversifikasiyanın sürətlənməsi işlərini bir daha gündəmə gətirdi. Güman olunur ki, hökumət daha çox qənaət etməyə başlayacaq. Hələlik neftin qiymətinin aşağı düşməsi büdcə gəlirləri daxil olmaqla, hökuməti və əhalini qənaətə etməyə, təsirləri minimumlaşdırmağa çalışır. Növbəti aylarda da neftin dünya bazarında aşağı düşməsi əsas, həlledici faktor olacaq”.
İqtisadçı bildirib ki, 2014-cü il eyni zamanda Azərbaycan üçün “Avro 4" standartlarına keçid kimi yadda qalıb. Azərbaycan bu standartları tətbiq edib və ölkəyə daxil olan avtomobillərin sayında kəskin azalmalar müşahidə edilməyə başlayıb. Bunun nəticəsi olaraq avtomobil bazarında xeyli müddətdir ki, durğunluq müşahidə edilməkdədir.

V.Bayramovun sözlərinə görə, bank sektoru kreditləri də 2014-cü ilin diqqət mərkəzində olub: “Mərkəzi Bankın sədri Azərbaycanda 5-6 bankın müflis olacağı ilə bağlı açıqlama yaydı. Bu, birmənalı şəkildə banklara olan inamın azalmasına, vətəndaşların depozitlərini geri çəkməsinə gətirib çıxardı. Həmçinin bankların real sektoru maliyyələşdirməkdə maraqlı olmaması ən yüksək səviyyədə problem kimi, tapşırıq kimi hökumətin qarşısına qoyuldu. Amma buna nail olunmadı. Müflis olan bankların sayının artması, eləcə də bank sektorunda istehlak kreditləşməsinin həlledici olması ilə yadda qaldı. Yenə kommersiya bankları real sektoru maliyyələşdirməkdə maraqlı görsənmədilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.