Putin qardaş ölkədə ikən Azərbaycan prezidenti Ərdoğana zəng elədi ikitərəfli müzakirələrdə Qarabağ məsələsinin də diqqətdə saxlanıldığı deyilir...
Dünən Rusiya prezidenti Vladimir Putin rəsmi səfərlə Türkiyəyə gəlib. Səfər şübhə yox ki, sanksiyalar altında sıxılan Rusiyaya daha çox lazım idi. Bəllidir ki, ciddi iqtisadi tərəfdaşlardan olan Türkiyə Qərbin sanksiyalarına nəinki qoşulmayıb, əksinə, şimal qonşumuzla iqtisadi-ticari, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığı bir az da genişləndirmək niyyətindədir. Türkiyə tərəfi Rusiyada sanksiyaların doğurduğu mal-məhsul və xidmət qıtlığı boşluğunu doldurmaq istəyində olduğunu gizlətmir də.
Putinin dünənki tarixi ziyarəti çərçivəsində də iki ölkə arasında 100 milyard dollar məbləğində müqavilənin imzalanması gözlənilirdi. Habelə Türkiyəyə satılan təbii qazın qiymətlərində endirim ehtimalı var idi. Bundan əlavə, Türkiyədə AES-lərin tikintisi ətraflı müzakirə ediləcəkdi.
Dünən Rusiya prezidentini Ankara hava limanında Türkiyənin 10 naziri qarşılayıb. Putin səfər çərçivəsində ilk olaraq Anıtqəbiri ziyarət edib, ora əklil qoyub və xatirə kitabında ürək sözlərini yazıb. Yeni prezident sarayında isə onun üçün rəsmi qarşılanma mərasimi olub. Putinin səfəri insidentsiz də ötüşməyib - ziyarətə etiraz edən bir qrup qafqazlı gənc aksiya keçirib.
Səfər proqramına uyğun olaraq iki prezident öncə ikitərəfli formatda görüşüblər. Rusiya qaynaqlarının bildirdiyinə görə, liderlər ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, qlobal və regional gündəlikdəki ən aktual mövzulara da toxunublar. Bu xüsusda Putinin köməkçisi Yuri Uşakov səfərdən öncə bildirmişdi ki, Suriya probleminə prezidentlər daha ətraflı toxunacaqlar.
Səfər çərçivəsində Putin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasına qatılıb. Ardınca iqtisadi-ticari, energetika sahələrinə dair ikitərəfli sənədlərin imzalanma mərasimi olub.
Ziyarətlə bağlı diqqət çəkən maraqlı detallardan biri də Putin Türkiyədə ikən Azərbaycan prezidenti İlham Əliyevin öz türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng eləməsidir. APA-nın prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçısı Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibəti ilə Ərdoğana öz təbriklərini çatdırıb.
Bu zəngi bəlkə də təsadüf saymaq olardı. Ancaq nəzərə alsaq ki, təbrik zəngi ilin sonuna və ya bundan öncəki tarixlərdən birinə də təsadüf edə bilərdi (G20-nin axırıncı samiti ötən ay Avstraliyada olub və Türkiyənin sədrliyi yanvardan başlayacaq), o zaman təbrikin məhz Putin Türkiyədə olan zaman çatdırılması ona məxsusi rəng qatmış olur.
İstisna deyil ki, Ərdoğan-Putin təmasları ərəfəsi iki qardaş ölkənin rəhbərləri “saatların əqrəblərini” bir daha tutuşdurublar. Bu xüsusda diqqətçəkicidir ki, telefon söhbəti zamanı dövlət başçıları Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri də müzakirə ediblər.
Sözsüz ki, Türkiyə-Rusiya münasibətlərinin səviyyəsi və xarakteri Azərbaycan-Rusiya münasibətlərinə və Qarabağ məsələsinə də öz təsirini göstərəcək. Rusiyalı politoloq Qriqori Trofimçuk da o qənaətdədir ki, Qarabağ (Azərbaycan) məsələsi Ankaradakı müzakirələrdən kənarda qalmayacaq (axar.az). Təbii ki, bu müzakirələr sırf konfidensial xarakter daşıyacaq.