Niyə Hadisə jüridə, Elnur səhnədəydi?

2-12-2014, 20:04   
Niyə Hadisə jüridə, Elnur səhnədəydi?

Bütün Azərbaycan Elnurun “O səs Türkiyə”dəki uğuruna sevinərkən məni onun nəyə görə gənc həvəskarların iştirak etdiyi müsabiqəyə qatılması düşündürür.


Türkiyəni Eurovision müsabiqəsində təmsil edən Gökhan və Hadisə jüri olarkən Elnur nəyə görə adi iştirakçı kimi onların qarşısında çıxış edirdi?

İstedad əlbəttə ki, var, Gökhanda da var, Hadisədə də, elə Elnurda da...

Bəs necə olur ki, istedadın biri jüridə digəri isə səhnədə olur?

Bu hadisə bizə şou biznesimizin nə qədər geridə olduğunun sübutudur.

Cəmi 20 yaşı olan Castin Biber peşəkar marketinq fəaliyyəti ilə bütün dünyada parlayır və onun meneceri tarixə keçən bu cümləni deyir: “Başımız marketinqə elə qarışıb ki, istedad varsa belə biz onu görmürük.”

Məsələ təkcə Elnurun məsələsi deyil, Eurovisionda iştirak edən parlaq istedada malik bir çox müğənnimiz sonra ilim-ilim itir.

İndi Səfura hardadır, bilən varmı?

Azərbaycan şou biznesi hər nə qədər yuxarıdan getsə də bu cür istedadları qəbul etmək və parlatmaq gücündə deyil.

Azərbaycanda şou biznes deyilən maşın son anda ucuz və bayağı musiqi məkanı olan toya xidmət etmirmi?

Biber 14 yaşında Youtubeyə öz videolarını yükləyəndə prodüserin diqqətini cəlb etmişdi.

Amma bizim prodüserlərin vəzifəsi telefonlara cavab vermək, çanta daşımaqdan ibarətdir.

Azərbaycan bazarında Elnur kimi bir müğənniyə yer yoxdur, siz nə qədər “Leyli və Məcnun” operası ilə öyünürsünüzsə, öyünün, həqiqət isə budur.

Elnur bu ölkədə nə konsert verə biləcək, nə disk buraxacaq, yeganə gəlir yeri toydur ki, orda da ingilis dilində mahnılara qulaq asan tapılmır.

Xalqımızın mədəni səviyyəsini Manaf Ağayevlə Elnura münasibətdə çox gözəl ölçmək olar.

XX əsrin əvvəllərində Azərbaycanda səhnəyə operalar da qoyulurdu, tamaşalar da.

Lakin bu gün dövlət yardımı olmasa, daha doğrusu dövlət opera və teatrı maliyyələşdirməsə nə opera olar, nə də teatr...

Nə də Elnur kimi müğənnilər...

Bu gün Üzeyir Hacıbəyov sağ olsaydı operasına tamaşaçı gələrdimi?

Hərçənd, Üzeyir bəy sağ olmasa belə operaları qoyulur, amma ora kim gəlir?

Nəyin davasını aparırıq, XX əsrin əvvəllərində də Azərbaycanda bir opera binası vardı, indi də bir opera binası var.

Yüz illik inkişafın nəticəsi sıfırdan başqa bir şey deyil, əziz və hörmətli tamaşaçılar!

Hüseyn Ərəblinskinin bir üzüyü varmış, teatr truppası həmişə səhnəni icarə etmək üçün pul tapmadığından üzük girov qoyular, sonra biletlərin satışından gələn gəlirlə o borc ödənilərdi.

Dəfələrlə girov qoyulduğu lakin heç zaman sələmçi tərəfindən müsadirə edilə bilmədiyi üçün o üzüyü dostları “sehrli üzük” adlandırırdılar.

Bu gün olsaydı o üzük ilk dəfədən sələmçidə qalar, sehrini itirərdi.

Siz hələ də Elnurun uğuruna sevinirsiniz?
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.