Rauf Arifoğlu: “17 ildir Əli Kərimlinin mənəvi terroru altındayıq”; “indi də əsas məqsədi Müsavat elektoratına sahiblənməkdir”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Publika.az-a müsahibəsində AXCP sədri Əli Kərimlinin ona və rəhbərlik etdiyi qəzetə qarşı apardığı mənəvi terrorunun əsl səbəblərindən danışıb. Bu müsahibədən sonra musavat.com-a da bəzi əlavə fikirlər söyləyən baş redaktorla müsahibəni təqdim edirik:
- Rauf bəy, son günlər AXCP və bu partiya sədri Əli Kərimli Sizə və rəhbərlik etdiyiniz qəzetə qarşı açıq şəkildə təhqir kampaniyası aparır, müxtəlif ittihamlar irəli sürür. Bu münasibətin kökündə nə dayanır?
- Əli Kərimli və çevrəsinin bizə qarşı kampaniyası artıq 17 ildir davam edir. Bunun da səbəbi budur ki, həmin illərdə Elçibəyə qarşı xəyanət edən kərimli dəstəsini tənqid edirdik. Həmin vaxt onlar Xalq Cəbhəsini Ə. Elçibəyin nəzarətindən çıxartmaq istəyirdilər. Mən 1997-nin avqust-sentyabr aylarında Kələkidə oldum, Bəydən tapşırıqlar aldım və bu prosesə müqaviməti ictimailəşdirdim. Əli Kərimli də o zaman hakimiyyətlə iç-içə idi. Deputat seçdirmişdilər onu, gücü vardı. Bizi prokurorluğa verdi. Azər Ayxanla məni polislər küçədə saxlayıb, zorla istintaqa apardılar. O zaman Səbayelin prokuroru olan Tahir Lələkişi oğlu Kazımov iradıma cavab olaraq mənə dedi: “Neynim, hökumətin adamıdır, yuxarıdan tələb edirlər, mən də sizi gətirtməliyəm...” Aylarla istintaqa gedib-gəldik... Elə o zamandan qısa fasilələrlə davamız davam edir.
Bu müddət ərzində sadəcə “ansambl” üzvləri dəyişib. Bizi söyənlər, təhqir edənlərdən əksəriyyəti onun yanında yoxdurlar. Düşərgələrini, ya da dünyalarını dəyişiblər. Amma Əli Kərimli və onun mənəvi terroru dəyişməyib. Arada biləyimizi bükəmməyib “əlimizi öpür”. Vasitəçilərlə iki-üç dəfə barışmışıq. Dərhal da təklif edib ki, onun yanında olaq, İsa Qəmbərin yanını buraxaq. Mənə iki dəfə müavinlik və “Azadlıq” qəzetinə nəzarət etməyi təklif edib. Mən qəbul etməyəndə, yəni yaxınlaşma alınmayanda yenidən münasibətlər gərginləşib... Beləcə, düz 17 ildir ki, xəstə bir adamın mənəvi terroru ilə yol gedirik. Anadolular demişkən, bu adam qafasına bizi taxıb... İndi də Batumi olaylarını fürsət bilərək, guya məni bitirmək üçün mənə son hücumunu edir. İndi aydın oldu ki, Batumidən xəbər yazan qəzet redaktoruna qarşı sosial şəbəkələrdə, qəzetlərdə başladılan kampaniya haradan qaynaqlanırmış. Bu kampaniyanın başında şəxsən Əli Kərimli dayanırmış. O, hər fürsətdə mənə qarşı belə kampaniyalar aparır.
- Bir neçə həftə öncə Azər Ayxan bizimlə söhbətində Əli Kərimlinin ona və Sizə İsa Qəmbəri atıb onun yanına keçməyinizi təklif etdiyini açıqlamışdı. Belə təkliflər nə zaman olub?
- Bir neçə dəfə olub. Barışan kimi, belə təklif edir. Onun əsas qayəsi İsa Qəmbərin ətrafını boşaltmaq, Müsavat elektoratına sahiblənməkdir. İndi də hesab edir ki, yaxşı fürsət yaranıb. Sadəcə, “Yeni Müsavat”, Arifoğulları buna yenə mane olur... Ona görə də qəzəblidir. 2011-12-ci illərdə normal münasibətlərimiz yaranmışdı. Müavinlik təklif edəndə soruşdum ki, 5 ildir məni qaralamısan, satqın dedizdirirsən, qara piar aparırsan, indi bunu ətrafına necə izah edəcəksən? Dedi ki, ağlın Müsavata getməsin, burada belə şeylər asandır. Hər kəs mənim ağzıma baxır, bir az izahat verəcəm, hər kəs qəbul edəcək... Təbii ki, anlaşa bilmədik. Bir ekspert kimi ona fikirlərimi də söylədim. Dedim, elə bir siyasi xətt aparırsan ki, sənə qoşulmağı boş ver, yanında durmağa belə adamların qalmayıb və getdikcə ətrafın boşalacaq. Müxalifət liderisən, siyasətçisən, amma radikal köşə yazar kimi özünü aparırsan. Strategiya yox, manevr üçün arxanda sahə buraxmamısan. İnsani resursların da yoxdur. Maddi resurslarınsa qarşında duran iqtidarla müqayisədə gülünc dərəcədə kiçikdir: “Səninki partiya yox, qəzet idarəetməsidir”,kimi qeydim də oldu.
Razılaşdı. Etiraf etdi ki, çevrəsində media mütəxəssisi yoxdur. Ona görə də bu işləri özü görmək məcburiyyətindədir. Hətta xətti dəyişmək haqda düşündüyünü da bildirdi. Lakin indiki situasiyada bunun mümkün olmadığını da əlavə etdi. Dedi ki, çevrəsində normal media meneceri yoxdur, siyasi vitrini də boşdur... Bu adamın mahiyyəti budur. Söyər, şantaj edər, amma söydüyü, şantaj etdiyi şəxslərə ilk təmasda “gəl mənim yanımda ol”, deyər. Mən bunlardan imtina edəndən sonra yenidən mənəvi terrora başladı. “Ya bizimlə olmalısan, ya da bizə qarşısan” yanaşması onun yeganə prinsipidir. Onun beynində bundan başqa formul yoxdur. Bu cür xarakterə malik bir insandır.
- Sosial şəbəkələrdə cəbhəçilərin sizə qarşı apardığı kampaniyaya Milli Şura üzvləri də qoşulub. Konkret olaraq, məhkəmə prosesində müdafiə etdiyiniz Eldəniz Quliyev də “Yeni Müsavat” qarşı çıxış edir.
- Eldəniz Quliyev çox istedadlı yazardır. Onunla münasibətlərimizdə bir neçə dəfə eniş və yüksəliş olub. Sonradan hər şey normallaşıb. Çətin anlarında qəzet olaraq yanında olmuşuq. Lakin görünür, artıq ona bizimlə münasibətlər maraqlı deyil. Özü üçün bir qərar qəbul edib. Əli Kərimlinin yanında olmağın bədəli budur. Gərək, onun yanında olmayanlara düşmən olasan. Onun kimi ziyalıya bu münasibəti, davranışı rəva görmürəm. Bizim ona münasibətimiz yenə də əvvəlki kimidir. Allah pis gün göstərməsin. Amma yenə də yanındayıq.