Ankara-Moskva yaxınlaşması Qərbi şoka salıb

4-12-2014, 09:05   
Ankara-Moskva yaxınlaşması Qərbi şoka salıb


Qabil Hüseynli: “Hər tərəfdən sanksiyalarla sıxışdırılan və iqtisadiyyatı ağır duruma düşən Rusiya üçün Türkiyə bir nəfəslik rolunu oynayır”

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və bu iki ölkə arasında yaxınlaşma son iki günün ən diqqətlə izlənən hadisəsidir. Türkiyənin Qərbin sanksiyalarla sıxdığı Rusiya ilə belə bir zamanda ciddi şəkildə yaxınlaşması, siyasi və iqtisadi əməkdaşlığı birmənalı qarşılanmır.

Ortaya bir sıra suallar çıxır. Türkiyə-Rusiya yaxınlaşmasından, Putinin səfərindən daha çox kim qazandı? Bu yaxınlaşma Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərbin Türkiyəyə münasibətini korlaya bilərmi? Türkiyə hakimiyyəti yaranmış fürsətdən Rusiya vasitəsilə Qarabağın azad edilməsi üçün istifadə edə bilərmi?



Bu suallarla müraciət etdiyimiz politoloq Qabil Hüseynli bildirdi ki, Vladimir Putinin Türkiyə səfəri bütün dünyada, əsasən də Qərb dünyasında şok effekti yaradıb. Çünki NATO üzvü olan, Avropa Birliyinə can atan bir ölkə onların Rusiyaya qarşı sanksiyalarına qoşulub Rusiya ilə əlaqələri minimuma endirmək əvəzinə, əlaqələri genişləndirir. Bu addım sözsüz ki, Türkiyə üçün əlavə problemlər yaradacaq: “Türkiyənin artıq Avropa Birliyində üz döndərdiyi açıq-aydın nəzərə çarpır, onun Avropa Birliyinə üzv olmaq şansları minimuma enib. Eyni zamanda ABŞ-la arasında ziddiyyətlər artır. Rusiya ilə ciddi şəkildə yaxınlaşmadan sonra yəqin ki, bu ziddiyyətlər antoqonist xarakter daşımağa başlayacaq. Putinin səfərindən qazanan Rusiya oldu və olacaq. Hər tərəfdən sanksiyalarla sıxışdırılan və iqtisadiyyatı ağır duruma düşən Rusiya üçün Türkiyə bir nəfəslik rolunu oynayır. Necə ki, vaxtilə İran Ermənistan üçün bir nəfəslik rolunu oynadı və onun tam blokadaya alınmasına imkan vermədi, indi də eyni funksiyanı Türkiyə Rusiya üçün oynamağa başlayıb. Məsələn, Türkiyə Türkmənistan qazının, ”Transxəzər" qaz kəməri xəttinin işə düşməsinə, TANAP layihəsinin, TAP layihəsinin işə düşməsinə çalışmaq əvəzinə, Rusiya ilə qaz sövdələşməsinə getdi. Ümumiyyətlə, Rusiyanın burada strategiyası bəlli olduğu halda Rusiya Qərbin cəbhəsini parçalayır, NATO-nun nüfuzlu dövlətlərindən birini öz tərəfinə çəkir.



Putin buna nail olmaqla çeviklik nümayiş etdirdi. Əvəzində Türkiyənin Rusiyadan nə alacağını söyləmək isə çətindir. İlkin olaraq Rusiya Türkiyəyə verəcəyi qazın qiymətini aşağı salacağını bəyan edib. Türkiyədə belə düşünənlər var ki, Rusiya nəhəng bazardır, bu bazara girib yer tutmaq, sərmayə yatırmaq sərfəli olar. Amma bir azdan məsələlər səngiyəndən sonra məlum olacaq ki, Rusiyaya Türkiyənin orta səviyyəli texnologiyası deyil, Qərbin yüksək inkişaf etmiş texnologiyası lazımdır. Rusiya yenidən Qərb şirkətlərini cəlb edəndən sonra Türkiyə orada həmin şirkətlərlə rəqabət aparmaq gücünə malik olmayacaq. Eyni zamanda mənim zənnimcə, kifayət qədər nüfuzunu itirmiş bir vəziyyətdə qalacaq".

Q.Hüseynli onu da dedi ki, son dövrlər Türkiyənin xarici siyasətində baş verən bu cür anlaşılmazlıqlar Türkiyəni xeyli təcrid vəziyyətinə salıb. Qərblə münasibətlər pisləşir, ərəb ölkələri ilə münasibətlər yaxşı deyil: “İndi birdən-birə Rusiya ilə genişmiqyaslı əlaqələrə getmək, zənnimcə, Türkiyə üçün nəticəsi heç də arzu edilməyən vəziyyətlər yaradacaq. Bu vəziyyət Rusiya üçün xeyirli olsa da Türkiyə üçün xeyirli olmayacaq. Belə demək mümkündürsə, Türkiyə tarixi səhvə yol verdi. Bu tarixi səhv onun Rusiya bazarlarında müəyyən qədər möhkəmlənməsinə şərait yaradacaqsa, Rusiya üçün daha geniş imkanlar açacaq, Rusiyanın manevr imkanlarını genişləndirəcək”.

Politoloq Rusiya-Türkiyə yaxınlaşmasının Qarabağın işğaldan azad olunmasına təsir edəcəyini düşünmür: “Mən inanmıram ki, Putin Ərdoğanın bir sözü ilə Qarabağ məsələsində hansısa güzəştə getsin. Nəzərə alsaq ki, Ərdoğan da Qarabağ məsələsini Rusiya qarşısında kəskin qoymur, deməli, ümid etməyə dəyməz. Türkiyə Rusiyaya nəfəslik rolunu oynamaqla Ermənistanın hərbi müttəfiqinin güclənməsinə kömək edir. Ərdoğan Qarabağ məsələsini Putinin qarşısında kəskin şəkildə qoysa, bunu ”olmazsa olmaz" prinsipi kimi gündəmə gətirsə, bəlkə o halda heç olmasa 7 rayonun azad edilməsi mümkünləşər. Amma Qarabağ məsələsinin sadəcə Azərbaycan cəmiyyətinin könlünü oxşamaq üçün epizodik olaraq danışıqlarda dilə gətirilməsi müşahidə olunur. Diqqət etdinizsə, prezidentlərin mətbuat konfransında Ərdoğan müzakirə olunan xarici məsələlər sırasında əsasən Suriya-Bəşər Əsəd problemi, Fələstin problemi olduğunu bildirdi. Əsəd Ərdoğanın şəxsi düşmənidir. Ona görə də, göründüyü kimi, daha çox bu məsələni Putinin qarşısında qaldırıb. Qarabağ məsələsi isə kəskin şəkildə qoyulmur, ötəri olaraq toxunulub".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.