“Hakimiyyət beynəlxalq təcridlə üzləşə bilər”

4-12-2014, 11:26   
“Hakimiyyət beynəlxalq təcridlə üzləşə bilər”«İqtidarın son davranışlarında məntiq adına nəsə axtarmaq yersizdir»

Gültəkin Hacıbəyli: «Hakimiyyət təmsilçilərinin Şultsu təhqir etməsində nəinki məntiq, elementar praqmatizm də yoxdur»

Azərbaycan hakimiyyəti tənqidə nə qədər dözümsüz olduğunu daxili siyasətdə deyil, xarici əlaqələrdə də göstərir. Noyabrın 26-da Strasburqda Avropa Parlamentində 2014-cü il Saxarov mükafatının təqdimat mərasimi oldu.

Mərasimdə çıxış edən Avropa parlamentinin spikeri Martin Şultsun bu mükafata digər namizəd Leyla Yunusun qanunsuz həbsindən danışması ona baha başa gəlib. Azərbaycan hakimiyyəti bütün komanda ilə Martin Şultsun üzərinə hücuma keçdi və bu adama qarşı görünməmiş ittihamlar səsləndirildi. Şults içki düşkünü olmaqda ittiham olundu. Azərbaycan hakimiyyəti bu cür yanaşmanı birinci dəfə deyil ki, sərgiləyir. Bu siyasət hakimiyyətə nə vəd edir?

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, hakimiyyətin son davranışlarında məntiq adına nəsə axtarmaq yersizdir. G.Hacıbəylinin sözlərinə görə, əgər Krım məsələsində hakimiyyətin mövqeyi nisbətən düzgün olsa da, amma daxili siyasətdə hakimiyyətin atdığı addımların izahı yoxdur: “Intiqam Əliyevi, Leyla Yunusu həbs etmək, siyasi məhbus problemini dərinləşdirmək hakimiyyətin siyasətinin nəticəsidir. Bu siyasətin qarşılığında da heçə nəyə nail olmamaq. Bu gün Intiqam Əliyev, Leyla Yunus həbsdədir. Amma onların da yerlərinə gələnlər var. Məgər bu həbslərdən sonra dünya Azərbaycandakı azadlıqlardan danışmaqdan imtina etdimi? Xeyr, daha uca səslə danışırlar. Siyasi məhbuslar məsələsi gündəmdən çıxdımı? Xeyr, Milli Şura məhz bu məsələ ilə bağlı mitinqlər keçirdi. Yəni atılan addımların hakimiyyət üçün faydası yoxdursa və hakimiyyətə daha çox problemlər yaradırsa, deməli, Azərbaycan hakimiyyəti reallıq hissini itirib”.


Azərbaycan hakimiyyətinin demokratik islahatlara uzun müddət müqavimət göstərə bilməyəcəyini deyən G.Hacıbəyli hakimiyyət təmsilçilərinin Şultsu təhqir etməsində nəinki məntiq, elementar praqmatizm də yoxdur. Çünki Milli Məclislə Avropa Parlamentini müqayisə etsək, görərik ki, Azərbaycan parlamenti Avropa dövlətlərini özündə birləşdirən nəhəng təşkilatı hədəf alır. Belə olan halda Azərbaycan parlamentinin Avropa Parlamentinə meydan oxuması tragikomik mənzərə yaradır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.