Toğrul İsmayıl: “Bakı-Moskva münasibətlərini birmənalı dəyərləndirmək çətindir...”
Azərbaycanla Rusiya arasında iqtisadi sahədə əlaqələr sürətlə inkişaf edir. Bu barədə “Rossiya 24" kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan prezidenti əməkdaşlığın bir sıra istiqamətlər üzrə olduğunu deyib.
Sitat: “Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik inkişaf edir və bütün sahələri əhatə edir. Bizim aramızda həll olunmayan məsələ və problem mövcud deyil. Bütün görüşlərdə münasibətləri, əməkdaşlıq potensialını daha da möhkəmləndirməyin və inkişaf etdirməyin yollarını müzakirə edirik”.
Qeyd edək ki, ölkə prezidenti Rusiya televiziyasına geniş müsahibə verib və burda əlaqələrin müxtəlif istiqamətlərinə toxunub. Hazırda Rusiya ilə Qərb arasında iqtisadi-siyasi münasibətlərdə gərginlik var. Bu kontekstdə Azərbaycan liderinin iki ölkə arasında iqtisadi münasibətlərə vurğu etməsi diqqət çəkir. Azərbaycan-Rusiya münasibətlərinin iqtisadi sferada bu səviyyədə inkişaf etməsi siyasi əlaqələrə hansı təsiri göstərə bilər?
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin (Ankara) dosenti, politoloq Toğrul İsmayıl deyir ki, Azərbaycanın Rusiya ilə münasibətlərini birmənalı dəyərləndirmək çətindir. İki ölkə arasında münasibətlərin son illərdə enişli-yoxuşlu günlər yaşadığını deyən ekspertin fikrincə, Rusiya-Azərbaycan münasibətləri stabil dinamika ilə davam edir: “Ümumilikdə götürüldükdə iki ölkə arasında münasibətlər bəzi problemlərə baxmasaq öz axarında inkişaf edir. Ancaq onu da unutmaq olmaz ki, Azərbaycan prezidentinin çıxışı bir dövlət başçısının müsahibəsi olduğu üçün hər şeyin yaxşı tərəflərini qeyd edib”.
İki ölkə arasında siyasi yaxınlaşmasının olması ehtimallarına gəlincə, T.İsmayılın fikrincə, yaxşı siyasi əlaqələr olsa da, Azərbaycanın Avrasiya İqtisadi Birliyi kimi Rusiya layihəsinə daxil olması ehtimalı azdır: “Aydındır ki, tərəflər arasında siyasi sahədə yaxın münasibətlər var. İki ölkə bir sıra regional təşkilatlarda təmsil olunur. Sadəcə, Azərbaycan hakimiyyətinin ölkənin Avrasiya İqtisadi Birliyinə daxil olmasında maraqlı deyil. Bu da düşünürəm ki, doğru qərardır. Çünki hazırda bu birliyin gələcəyinin necə olacağı məlum deyil. Hətta üzv ölkələr arasında belə, olduqca ciddi problemlər var. Bundan başqa, bizim MDB kimi bir təcrübəmiz var. Başqa tərəfdən, Ermənistanın bu quruma üzv olması Azərbaycan üçün böyük maneə yaradır”.
T.İsmayıl deyir ki, üzdə görünməsə də Azərbaycan-Rusiya münasibətlərində ciddi problemlər var. Onun fikrincə, hazırda Azərbaycan öz iqtisadi inkişaf xəttini Qərblə əməkdaşlıq üzərində qurub: “Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər normal inkişaf etsə də, siyasi sahədə ciddi problemlər qalmaqdadır. Bundan başqa, Azərbaycan bütün iqtisadi inkişaf xəttini Qərblə inteqrasiya üzərində qurur - xüsusilə enerji sahəsində. Bu isə Rusiyanın maraqları ilə çox zaman üst-üstə düşmür. Biz hər nə qədər tərəfsiz siyasət apardığımızı desək də, iqtisadi gəlirlərimizin əsasını təşkil edən enerji qaynaqları Türkiyə və Avropaya satılır. Yəni əsas gəlir qaynağımız bunlardır”.
Rusiyanın Azərbaycana təzyiqlərinin getdikcə artacağını deyən ekspertin fikrincə, bundan qaçmaq mümkün olmayacaq. Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməklə bağlı iddiasının hələ də qaldığını deyən T.İsmayılın fikrincə, Rusiya açıq şəkildə bəyan etməsə də, Cənubi Qafqazı özünün arxa bağçası hesab edir və buradan vaz keçmək fikrində deyil: “Rəsmi açıqlamalarda Azərbaycan tərəfsiz olduğunu bəyan edir, ancaq əslində Qərb və Türkiyə ilə əlaqələrini daha da inkişaf etdirir. Son olaraq Türkiyə ilə Rusiya arasında baş verən müsbət iqtisadi yaxınlaşmalar əslində Azərbaycanın da lehinə çevrilə bilər. Üç ölkə arasında iqtisadi ittifaq yarana bilər. Çünki həm Azərbaycan, həm də Türkiyə bütün iqtisadi layihələrini həyata keçirərkən Rusiyanın maraqlarını nəzərə alıblar. Məsələn, indi bəzi amerikalı ekspertlər Rusiyanın TANAP layihəsinə görə Azərbaycana təzyiq edəcəyini bildirsələr də, mən bu layihənin Rusiyanın maraqlarının ziddinə olmadığını və bu ölkə ilə Azərbaycan arasında rəqabət yaratmayacağını düşünürəm. Rusiyada da bunu yaxşı başa düşürlər”.