Azərbaycan siyasətçisi niyə aqressivdir?

5-12-2014, 09:04   

Azərbaycan siyasətçisi niyə aqressivdir?
Azad İsazadə: “İnsanlar onun kimi düşünməyənləri düşmən elan edir”
Azərbaycan cəmiyyətində polemika mədəniyyəti deqradasiyaya uğrayıb. İstər ictimai-siyasi, dini, istərsə ədəbi mühitdə olan müzakirələrdə bir aqressivlik, leksikonda söyüş, hədyan, hikkə müşahidə olunur. Az-az hallarda təmkinli və fikir plüralizmi ilə gedən diskussiyalar görmək olar.

Xüsusilə mətbuatda və sosial şəbəkələrdə gedən müzakirələrdə aqressivlik artıq nifrət və düşmənçilik həddinə çatıb. İctimai fəallar, müxalifət partiyalarının üzvləri, yazarlar bir-birinə qarşı polemika mədəniyyətindən çox-çox uzaqda olan replikalar atır, ittiham edir, satqın çıxarır, xain adlandırırlar.

Psixoloq Azad İsazadə deyir ki, Azərbaycan cəmiyyətində polemikaya girmək mürəkkəb işdir. Onun fikrincə, cəmiyyət hələ dinləmə mədəniyyətinə yiyələnməyib. Psixoloq hesab edir ki, insanlar danışmağa meyllidir, nəinki dinləməyə:

“Azərbaycanda eşitmək problemi var və qarşıdakını dinləmək istəmirik. Hər vəchlə öz fikrini yeritmək və yalnız sənin həqiqəti söylədiyini inandırmaq istəyi var. Bu mənada cəmiyyət polemikaya girə bilmir və müzakirələr də aqressiv şəkildə olur.

Yadımdadır ki, 90-cı illərdə diskussiya klubları var idi və gəncliyə müzakirə mədəniyyəti öyrədilirdi. O zaman polemikalarda aqressivlik sözdə olurdu. İndi radikalizmə gətirib çıxarır. Çünki əsəbilik çoxdur. Ona görə də müzakirə mədəniyyətinin olmaması ziyalılarımızın yaralı yeri olmalıdır".

A.İsazadə siyasiləşmiş təbəqənin apardığı diskussiyalarda aqressivlik olmasını təhlükəli tendensiya kimi görür: “Ola bilsin ki, deyilən fikir doğrudur. Ancaq aqressiya imkan vermir. Sən özünü ağıllı sayırsan və qoymursan ki, qabağındakı şəxs sözünü deyə bilsin.
Kiminsə yaxşı natiqlik qabiliyyəti var, gözəl yaza bilmir, kimisi çox yaxşı məqalə yazır, danışığı yoxdur. Bizdə ağıllı olan şəxs də intellektini aqressiv şəkildə çatdırır. Əslində qarşı tərəfi dinləməliyik, özümüz az danışmalıyıq".

Psixoloq deyir ki, insanlar onun kimi düşünməyənləri düşmən elan edir: “Mənim kimi düşünməlisən, əks halda, düşmənsən. Son vaxtlar telekommunikasiyanın, sosial şəbəkənin inkişafı şərait yaradıb ki, anonim adla istədiyini yazasan, söyəsən, ağzına gələni deyəsən.

Baxırsan ki, dinsizlər inanclıları, inanclılar aqnostikləri günahkar çıxarır. İmkan vermək lazımdır ki, qarşıda olan şəxs fikrini çatdırsın. Məni dəhşətə gətirən bir ifadə var və demək olar ki, hər birimiz bu sözdən gündə azı 5-10 dəfə istifadə edirik - “O kimdir ki?”
Əvvəla, mən kiməm ki, bu sualı verirəm, ittiham edirəm. Nə ixtiyarın var belə sual verəsən. Məsələn, bu jurnalist kimdir ki, ona cavab verəm. Bəs Azad, sən onda kimsən ki, sənə sual verilir?! Yəni biz bunları özlüyümüzdə fikirləşib nəticə çıxarmalıyıq. Bu gün polemika mədəniyyətinin olmaması, aqressivlik, söyüş dili qeyd etdiyim səbəblərdən yaranır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.