Səməd Səmədov bu dəfə od püskürdü
Xalq artisti Səməd Səmədovla duet ortağı Sevda Əliqızı arasında baş verən olaylar artıq mətbuatda, televiziya kanallarında öz əksini tapıb. 15 illik duet ortaqlarının nədən ayrıldıqları böyük maraq doğurub. Aralarında baş verən bu söz-söhbətlər səngiməkdənsə, get-gedə daha da böyüyür. Səməd Səmədovun susması, qarşı tərəfin isə hər dəfə yeni bir açıqlama verməsi aradakı gərginliyi daha da artırır
bu vaxta kimi ətrafında baş verən qalmaqallara cavab verməyən Səməd Səmədov bu dəfə danışmağa qərar verdi: “30 ilə yaxındır ki, sənətdəyəm. Bu günə kimi kimsə deyə bilməz ki, hər hansı bir qalmaqalda iştirak etmişəm və ya qalmaqal yaratmışam. Bəzən ətrafımda baş verən haqsızlıqlar mənə çox pis təsir etsə də, susmuşam. İmicimə heç vaxt xələl gətirmək istəməmişəm. Xalqın sevgisini qazanıb, dövlət tərəfindən fəxri ad almışam. Bu söz-söhbətlər nə mənə, nə də Sevda xanıma lazım deyil. Bundan öncə də mənim duet ortaqlarım olub. lakin hər biri ilə dostcasına ayrılmışıq və bu gün də çox gözəl münasibətlərimiz var.
Sevda Əliqızı ilə də işbirliyinə başlayanda aramızda ömrümüzün sonunadək çalışacağımız barədə müqavilə bağlamamışdıq. Hər bir işin bir sonu da olur. Düşünürəm ki, Sevda xanım bunu anlayışla qarşılamalı idi. Mən heç vaxt heç bir xanıma qarşı hörmətsizlik etməmişəm. Bunu Sevda xanım özü də yaxşı bilir. Belə narazıçılıqlarla gündəmdə qalmağımız heç birimizə xeyir gətirməyəcək. Bu olayla bağlı son açıqlamamı edirəm və bundan sonra heç kimə bu barədə müsahibə verməyəcəyəm”.