Məsələ Vaşinqtonda Riçard Kozlariç və Devid Kramerin iştirakı ilə müzakirə olunacaq
Dekabr ayının 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatı forum keçirəcək. “ABŞ-ın sanksiyaları Azərbaycan müxalifətçilərinə necə kömək edə bilər” keçiriləcək tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, indi isə Makkeyn instutunda insan hüquqları və demokratiya baş direktor vəzifəsini tutan Devid Kramer çıxış edəcəklər. Tədbiri Elmar Şaxtaxtinski və Qorxmaz Əsgərov aparacaqlar.
Qeyd edək ki, Riçard Kozlariç və Devid Kramer hələ bir neçə ay əvvəl Azərbaycana sanksiyalar tətbiq edilməsilə bağlı ABŞ hökumətinə çağırış etmişdi. Hətta bu çağırışdan sonra belə iddialar ortaya atılda ki, Azərbaycanın enerji potensialına görə sanksiyaların tətbiqi baş tutmaya bilər. Lakin David Kramer bu iddiaları da alt-üst etdi. O, BBC-yə müsahibəsində sanksiyaların tətbiq olunmasını mümkün saydığını bildirdi: “Bir çoxu Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını qeyri-mümkün hesab edir, amma yeganə yol çalışmaqdır. Rusiya ilə də çoxu düşünürdü ki, mümkün olmayacaq, amma sonra ”Maqnitski Aktı" qəbul olundu. Başa düşürəm ki, Azərbaycanın enerji potensialına görə və Azərbaycanın Əfqanıstandakı, terrorçuluğa qarşı mübarizədəki roluna görə bunun üçün dəstək almaq çətin olacaq. Amma problem ondadır ki, hökumətin addımları biabırçı olmağa başlayıb və bunun nəticəsiz qalmayacağını göstərmək vaxtıdır".
Onu da bildirək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Azərbaycan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırmışdı. Psakinin bu çağırışından sonra iqtidarın anti-Qərb kampaniyası daha da şiddətli xarakter aldı. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu günlərdə yazdığı geniş məqalədə ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib. Belə bir ərəfədə Vaşinqtonda Azərbaycana sanksiyalar məsələsinin müzakirəsi Azərbaycan iqtidarına ciddi mesaj sayıla bilər.