"Bu, Azərbaycan xarici siyasətinin çox böyük və dövlətin özünə qarşı çevrilmiş səhvidir"
«Ramiz Mehdiyevin bu məqaləsi növbəti dəfə xalqa yuxarıdan aşağı baxışdır. Digər tərəfdən də ölkənin xarici siyasətinə zərbədir».
AXCP sədri Əli Kərimli "Azadlıq radiosu"na Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «rəngli inqilab»lar, müxalifət və vətəndaş cəmiyyəti, QHT-lərdən bəhs edən son məqaləsini şərh edərkən belə deyib.
Əli Kərimlinin fikrincə, avtoritar rejimlər məhz xalqın öz içindən gələn azadlıq tələbini ağla gətirmədiklərindən, bunu hər zaman ABŞ və bütövlükdə Qərbin məqsədyönlü planlarına bağlayırlar. Belə ittihamları əsassız sayan müxalif partiyanın lideri Ramiz Mehdiyevin xarici siyasətdə yanlış addım atdığını düşünür:
«ƏSASSIZ ANTİQƏRB MÖVQEYİ...»
«Ramiz Mehdiyev hakimiyyətdə baş ideoloq hesab olunur. Bu məqalə onu deməyə əsas verir ki, yəqin indən belə Azərbaycan hökumətinin siyasətini balanslaşmış kimi təqdim etmək mümkün olmayacaq. Balanslaşma haqqında düşünən rejimin ideoloqu bu dərəcədə ciddi və sərt, bir çox halda əsassız antiqərb mövqeyi ortaya qoya bilməz. Bu, Azərbaycan xarici siyasətinin çox böyük və Azərbaycan dövlətinin özünə qarşı çevrilmiş səhvidir».
Rəhbəri olduğu partiyaya qarşı yönələn fikirlərə gəlincə, Əli Kərimli deyir ki, sözügedən məqalə ona mənzərəni daha aydın görməyə imkan yaradıb: «Bu məqalə göstərdi ki, hökumət və hökumətə yaxın mediada Azərbaycan müxalifətinə, vətəndaş cəmiyyətinə qarşı aqressiv, aşağılayıcı münasibət Prezident Administrasiyasından qaynaqlanırmış və ilk növbədə hədəf Xalq Cəbhəsi seçilib. Bu məqalə sanki bizə qarşı bundan sonra da böhtan, təhqir kampaniyasının davam etməsini sanksiyalaşdırmış oldu».