Ramiz Mehdiyevin səhv saldığı hədəf

5-12-2014, 12:07   
Ramiz Mehdiyevin səhv saldığı hədəf
İkili standartlardan şikayətlənən adamın ikili standartları

İnsan haqlı olanda, həqiqətlərə istinad edəndə, şərin köləsinə çevrilməyəndə məğlubiyyətdən sığortalanır. Məhz bu prinsipiallıq, davamlılıq, ideyaya sədaqət rəqibləri məyus edir. Bugün ölkəmizin ictimai-siyasi həyatında olduqca ciddi hadisələr baş verir. Hakimiyyət və onun “cib müxalifəti” real mübarizə komandasına qarşı ən iyrənc üsullarla hücuma keçib. Qondarma həbslər, şər-böhtan kampaniyası, təqiblər, təzyiqlər davam edir və real müxalifətin sıradan çıxarılması prioritet elan olunub.

Yaranmış mənzərə onu deməyə əsas verir ki, hədəf AXCP-dir. Görəsən heç bir maliyyə mənbəyi olmayan, qərargahdan məhrum edilən, liderinə pasport verilməyən, üzvləri zaman-zaman həbs olunan bu partiyanın gücü nədədir? Niyə AXCP-yə qarşı bu qədər böyük təzyiq var?

Cavab çox sadədir. Yuxarıda qeyd etdiyimiz kimi, AXCP fəaliyyətinin bütün dövrlərində haqqın və xalqın cəbhəsi olub. “Azadlıq” qəzeti isə ən çətin məqamlarda, ən təhlükəli dövrlərdə belə prinsiplərinə xəyanət etməyib. Indi elə bir tarixi məqam yaranıb ki, milyardları, inzibati resursları, yüzlərlə media orqanı, tətikçiləri olan hakimiyyət AXCP və “Azadlıq” qəzetinə bütün mənalarda məğlub olduğunu anlayır. AXCP-nin tutarlı arqumentləri, “Azadlıq” qəzetinin faktlara söykənən yazıları rejimin bütün yalanlarını ifşa etməyə kifayət edir.


Bunları yazmaqda məqsədimiz PA rəhbəri Ramiz Mehdiyevin “Ikili standartlarla dünya nizamı və müasir Azərbaycan” məqaləsinə keçid etməkdir. Bəli, Ramiz Mehdiyev son həftələr AXCP-yə qarşı olan hücumları müşahidə edib və görüb ki, bütün hücumlar məharətlə dəf olunur. Ona görə də kəşfiyyata göndərdiyi “kiçik dviziya”lara kömək etmək üçün özü də meydana atılıb. Təxminən “Azadlıq” qəzetinin 10 səhifəsi həcmində məqalə yazıb və demokratik düşərgəni xüsusilə “qiymət”ləndirib.

Ramiz Mehdiyev məlum məqaləsində yazır: “Getdikcə daha da radikallaşan Xalq Cəbhəsi Partiyası artıq çoxdan bəri təhrikçilərin və intriqabazların, hərc-mərclik və dağıdıcılıq ehtirası ilə yaşayan insanların yuvasına çevrilib. Gerçəkliyi şüurlu surətdə dərk edə bilməyən insanlar da burada kök salıblar. Bunlar öz təfəkkürlərinə görə irrasional adamlardır. Bu partiyaya məxsus olan ”Azadlıq" qəzeti yalan və iftira ruporu rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların şərəf və ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur. Bu partiyanın imici belədir. Bu gün həmin partiya təşkilati böhran və tam deqradasiya həddindədir. Partiyadaxili repressiyalar, partiyadaxili demokratiyanın olmaması, Əli Kərimlinin avtoritarizmi, partiyalararası münaqişələr buna gətirib çıxarıb ki, üzvlər partiyanı tərk edir. Məsələ burasındadır ki, “beşinci kolon” zəruri sosial bazadan məhrum olub və buna görə onlara yuxarıdan verilən göstərişləri həyata keçirə bilmir.ÿRadikal müxalifət cəmiyyətə faydalı ideyalar və real proqramlar təklif etmək, vətəndaşların etimadını qazanmaq iqtidarında olmadığından, ölkə hüdudlarından kənarda özünə dayaq axtarmağı üstün tutur. O, öz hakimiyyət ambisiyalarını təmin etmək xatirinə beynəlxalq instansiyalara çirkin insinüasiyalar, böhtanlar göndərir, xaricdəki antiAzərbaycan dairələri ilə əməkdaşlıq edir və dövlətimizin müstəqil siyasətinə xaricin təzyiq aləti kimi çıxış edir. Indiki radikal müxalifətin aqressivliyinin və millətə zidd mahiyyətinin səbəbi onun qisasçılıq cəhdləri, özünün acizliyini etiraf etmək istəməməsidir".

Gəlin, akademikin yuxarıda səsləndirdiyi fikirlərlə polemikaya girək və verəcəyimiz suallara Ramiz Mehdiyevdən cavab istəyək.

Cənab Ramiz Mehdiyev, “Azadlıq” qəzeti ölkədəki təhsilin, səhiyyənin, elmin bərbad vəziyyətindən yazır. Vətəndaşların kredit bataqlığında boğulmasından, həyata keçirilən repressiyalardan, əmək haqlarının azlığından, sosial vəziyyətin ağırlığından yazır. Bütün bunlar iftiradırmı?

Əgər bütün bunlar iftiradırsa, yalandırsa, niyə DIA-da çıxışınız zamanı bunları etiraf etdiniz? Bəli, siz Ramiz Mehdiyev dediniz ki, PA-da işləmək üçün kadr tapa bilmirsiniz, siz Ramiz Mehdiyev etiraf etdiniz ki, Elmlər Akademiyası bazara çevrilib, siz Ramiz Mehdiyev etiraf etdiniz ki, sanballı elmi əsərlər yazılmır. Elmi adların tapşırıq əsasında verildiyini də, telekanalların mənəviyyatszılığa xidmət etdiyini də siz söylədiniz. Sizin tərifli partiyanızın rəhbərliyində təmsil olunan Siyavuş Novruzov isə parlamentin iclasında etiraf etdi ki, vətəndaşlar kredit borclarını ödəmək üçün ya silah alveri, ya insan alveri, ya da narkotik alveri etməlidir. Sizin sevimli deputatınız Aydın Mirzəzadə etiraf etdi ki, təkcə Mingəçevir şəhərində minlərlə ailə evsizlikdən və işsizlikdən əziyyət çəkir. Sizin mədhinizə həsr edilmiş “Mənəviyyat manifesti” məqaləsində isə ölkədəki bütün sahələrin bərbad vəziyyətdə olduğu faktlarla göstərilir. Yəni siz və sizin komandanızın üzvləri ölkənin fəlakət içində olduğunu etiraf etmisinz. Necə olur ki, eyni fikirləri “Azadlıq” qəzeti yazanda xarici dairələrin ruporuna çevrilir, Ramiz Mehdiyev deyəndə isə “xalqın təəssübkeşi” olur.

“Azadlıq” qəzeti iftira yazsaydı, şərəf və ləyaqətə toxunsaydı, AXCP xaricdən maliyyələşsəydi, Ramiz Mehdiyevin rəhbərlik etdiyi hakimiyyət qondarma həbslərə imza atmazdı. Ona görə də yeganə çıxış yolu şərləməkdir.

AXCP-yə gəlincə, bu partiya nə istəyir? Cəbhəçilər siyasi məhbusların azadlığını, sosial problemlərin həllini, təhsilin, səhiyyənin inkişafını, şəffaf seçkilərin keçirilməsini, məmur özbaşınalığına son qoyulmasını, hesabatlı hakimiyyətin formalaşmasını tələb edir. Əgər siz bunları istəmirsinizsə, bunu da etiraf edin.

Cənab akademik, “Azadlıq” qəzetini və AXCP-ni hədəf seçməyiniz, bundan əvvəlki məqalələrinizdə, çıxışlarınızda səmimi olmadığınızı sübut edir. Çünki, “Azadlıq” qəzeti də, AXCP-də hər bir vətəndaşın ürəyindən keçənləri tələb edir.

Digər tərəfdən deyirsiz ki, AXCP xalqın etimadını itirib. Axı, AXCP bu xalqa nə edib?

Ölkədən ofşorlara çıxarılan 48 milyard vəsait, neft pullarının sürətlə xərclənməsi, ləyaqətli insanların şərlənərək həbs olunması, vətəndaşların ölkəni tərk etməsi, müəllimin dilənçi maaşına möhtac qalması, bütün dövlət strukturlarının korrupsiyaya bulaşması, mandat alveri, şəxs mülkiyyətə təcavüz, dünyanın 4 bir tərəfində satın alınmış villalar, vətəndaşa ən yüksək faizlərlə kredit verilməsi, insanların müayinə və müalicə üçün Irana, Türkiyəyə üz tutması, adamların gömrükdə incidilməsi, sahibkarlara divan tutulması, bütün sahələrin inhisara alınması, AXCP-nin günahıdırmı?

Görəsən PA rəhbəri əhaliyə yüksək faizlə kredit verən bankların kimlərə məxsus olduğunu, nazirlərin bu qədər şirkətlərə necə sahibləndiyini niyə açıqlamır? Vətənə xəyanət, millətə qarşı düşmənçilik “Azadlıq” qəzetinin yazdıqları deyil, bu qədər yeyintini, mənimsəməni, oğurluğu həyata keçirməkdi.

Daha sonra Ramiz Mehdiyev AXCP sıralarını tərk edənlərdən danışır. Əvvəla qeyd edək ki, AXCP-ni heç kim tərk etməyib və partiya rəhbərliyi öz yerindədir. Əksinə, AXCP-nin monolit bir təşkilat olması, bu qədər təzyiqlərdən sonra parçalanmaması və yeni adamların partiyaya qoşulması hakimiyyətin “təzyiq”ini qaldıran başlıca amildir.

Yaxşı olar ki, YAP-ın vəziyyətindən danışasınız. Bugün YAP-ın yaradıcılarından heç kim partiyada qalmayıb. YAP-ın yaradıcılarından olan Siruz Təbrizli “YAP simasız quldurlar partiyasıdır” söylədi. YAP-ın yaradıcılarından olan Əli Insanov bu partiyada olduğuna görə xalqdan üzr istədi. Əli Əlirzayev YAP-ın faliyyətini tənqid etdiyinə görə partiyadan uzaqlaşdırıldı. Tanınmış tarixçi alim Ziya Bünyadovun tənqidi çıxışları hamının yadındadır və onun qatilləri hələ də tapılmayıb. Bu siyahını genişləndirmək də olar. Ən əsası, bugün YAP-ın siyasətini dəstəkləyən media orqanlarının ümumi nəticəsi, “Azadlıq” qəzetinin nəticələrindən geri qalır. Yaxşı olar ki, Ramiz Mehdiyev ölkə başçısı Ilham Əliyevin də, AXCP sədiri Əli Kərimlniin mətbuatda gedən yazılarının oxunma sayını izləsin.

Ramiz Mehdiyevin bu 10 səhifəlik məqaləsinin “Yeni Azərbaycan” qəzetində oxunma sayı 850-dir. “Əli Kərimli AB səfiri ilə görüşdü” başlıqlı kiçik imformasiyanın isə “Azadlıq” qəzetində oxunma sayı 5000-dir. Müəllif yazılarına gəlincə, Əli Kərimlinin “facebook” statuslarının “Azadlıq”da oxunma sayı 15000-dən başlayır. Ramiz Mehdiyevin “fiasko” adlandırdığı Milli Şuranın mitinqlərinın oxunma sayı isə 100 mini ötür.

Bütün bunları yazmaqda məqsədimiz, ictimai rəyin kimin tərəfində olduğunu və kimin cəmiyyət üçün maraqlı göründüyünü göstərməkdi.

Hər dəfə “Azadlıq” qəzetini və demokratik düşərgəni “şər yağışı”na tutanda, 100 minlərlə insanı təhqir etmiş olduğunuzu da unutmayın.

Sonda Ramiz Mehdiyevə bir təşəkkür borcumuzun olduğunu etiraf edirik. Hakimiyyətin baş ideoloqu bu böyük məqaləsi ilə bir daha təsdiqlədi ki, AXCP yeganə alternativ, “Azadlıq” yeganə qaladır.

Istənilən halda Ramiz Mehdiyev yenə də hədəfi səhv nişan aldı. Günahkarların libasını günahsızlara geyindirməyə çalışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.