İfşa olunmuş baş redaktor Müsavat rəhbərliyindən şantajla dəstək istədi; Cavab necə olacaq?
“Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu Müsavat partiyası ilə yolunu ayrımağa hazırlaşır. Bu barədə o, özünün facebook səhifəsində yazıb. Səbəb kimi isə AXCP-yə qarşı apardığı kampaniyada Müsavatdan dəstək görməməsini göstərib.
Rauf Arifoğlu Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Forumunun Batumi toplantısı zamanı azərbaycanlı siyasi məhbuslara təşkil olunan dəstək aksiyasını Azərbaycandan getmiş GONGO-lara (hökumətyönlü QHT-lər) qoşularaq “ermənipərəstlərin əməli” kimi təqdim edəndən sonra sosial şəbəkələrdə ictimai fəalların sərt tənqidi ilə üzləşdi. Həqiq vətəndaş cəmiyyəti nümayəndələrinin onu ifşa etdiyini görəndən sonra isə özünə qarşı cəbhəni daraltmaq üçün guya AXCP ilə savaşa düşdüyü görüntüsünü yaratmağa başladı. Bəhanə kimi isə “Azadlıq” qəzetində Batumi rüsvayçılığını, ictimai fəalların ona qarşı tənqid və iradlarını işıqlandırmasından istifadə etdi. Lakin vətəndaş cəmiyyəti Batumi xəyanətini ona bağışlamaq fikrində olmadığını göstərməkdə davam edir. Hadisələrin belə axarında təklənmiş duruma düşən baş redaktor bir neçə dəfə açıq şəkildə Müsavatdan ona dəstək verməi istədi. Şantaj xarakterli və təhrikedici açıqlamalarla Müsavat rəhbərliyini özünün müdafiəsinə məcbur etməyə çalışdı, amma buna nail ola bilmədi.
Ötən gün ANS-in bu mövzuda hazırladığı süjetlə bağlı Müsavat başqanının müavini Osman Kazımovun facebook qeydi isə partlayışa səbəb oldu. Osman Kazımov yazdı: “ANS AXCP-Müsavat qarşıdırmasından danışır. “Yeni Müsavat” qəzetinin baş redaktoru ilə AXCP sədri Əli Kərimli və “Azadlıq” qəzeti arasında olan münaqişənin Müsavat partiyasına heç bir aidiyyatı yoxdur. Müsavat partiyasi bu münaqişədə maraqlı deyil, qarışmır və təəssüf hissi keçirir. ANS Müsavat partiyasına böhtan atır”.
Rauf Arifoğlu gecəylə buna sərt üslubda cavab verdi: “ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası...
Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində Əli Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi... Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...
AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək...".
Baş redaktorun Müsavatdan kollektivlə istefa xəbərdarlığı ətrafında aparılan müzkirələrə onun birinci müavini və qardaşı Azər Ayxan da qoşulub və yazıb: “Çox ciddi bir qərar verməyin zamanı yetişib artıq. Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı... Partiya rəhbərliyi hələ də elə anlayır ki, “Yeni Müsavat”ın onlara əşhədü ehtiyacı var. Bunca etdikləri pisliklərə dözürük, elə bilirlər ehtiyacımız olduğundandı bu dözümlülük. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanı çatıb. Bunca naşükürlüyə, nankorluğa, namərdliyə niyə və kimə görə dözək? Niyə özümüzü aldadaq? Can onların, cəhənnəm Tanrının - yolumuza baxaq”.
Qəzetin əməkdaşı və Müsavatın Məclis üzvü olmuş Elşad Paşasoy da müzakirəyə qoşulub. O, “moderator.az”a deyib ki, baş redaktorun mövqeyini dəstəkləyir: "Mən də tamamilə razıyam ki, "Yeni Müsavat" hər zaman Müsavat Partiyası üçün böyük bir tribuna olmaqla bərabər həm də təşkilatın ən ağır dönəmlərində onunçün bir sipərə çevrildi. Ancaq əgər partiya rəhbərliyi həftələrdən bəri bir qəzetin rəhbərliyinin və kollektivinin, yəni həm də müsavatçı yazarların ünvanına çamurlar yağdırırsa, partiya rəhbərliyi prosesi sükutla qarşılayıb hətta bunu AXCP- "Yeni Müsavat" qarşıdurması kimi təqdim edirsə, bu, ən yumşaq desək, haqsızlıqdır”.
Paşasoy baş redaktorunun Müsavat rəhbərliyinə qarşı şantajını da inkişaf etdirib: “Müsavat rəhbərliyi Rauf Arifoğlunun mesajını ciddi şəkildə müzakirə etməli və nədə yanlış yapdıqlarını aydınlaşdırmalıdır. Amma yenə o fikirdəyəm ki, R.Arifoğlunun və ölkənin tanınmış qələm sahiblərinin Müsavatdan getməsi çox ağrılı bir hadisə olar, dostları üzər, rəqibləri isə sevindirər. Bu, həm də onsuz da post-İsa Qəmbər dövründə zəif duruma düşmüş Müsavat üçün çox ciddi bir itki olar".
Məsələyə Müsavat başqanı Arif Hacılıdan da münasibət öyrənilib. O, “aznews.az” saytının sorğusuna cavabda bildirib ki, “Yeni Müsavat” qəzetinin Müsavat partiyasından heç bir asılılığı yoxdur. Qəzetin siyasətini onun baş redaktoru və kollektivi müəyyənləşdirir.
A.Hacılının fikirincə, mətbuat orqanı hamını və həmişə qane edə bilməz, onun belə bir missiyası da yoxdur. “Yeni Müsavat” partiyanın siyasətini yürütmək öhdəliyini götürən bir qəzet deyil. Yaxşı olardı ki, Müsavatın dostları, opponentləri də “Yeni Müsavat” qəzetinə bu cür, öz kollektivinin iradəsini həyata keçirən bir qəzet kimi yanaşsın. Ümumiyyətlə, Müsavat Azərbaycanın aparıcı siyasi təşkilatı olduğu üçün siyasi sahədə baş verən hər hansı ciddi gəlişmələrin bu partiyaya aidiyyatı olmaya bilməz”, - deyə Müsavat başqanı mümkün qədər ehtiyatlı ifadələrlə mövzunu qapatmaq istəyib.
Arif Hacılı məsələni müzakirə etmək üçün Rauf Arifoğlu ilə görüşə də təşəbbüs göstərib və artıq görüş baş tutub. Görüşün nəticəsi barədə “musavat.com”a danışan Arifoğlu bildirib ki, söhbət dostluq atmosferində keçib, tərəflər yaranmış gərginliklə bağlı öz mövqelərini açıqlayıb, bir-birinin irad və təkliflərini dinləyiblər: "Hesab edirəm ki, faydalı görüş oldu, bir çox məsələlərə dair öz mövqeymizi dəqiqləşdirdik. Ayrıca Arif Hacılı partiyanın 14 dekabra təyin etdiyi mitinqə görə qəzetin informasiya dəstəyi verməsini xahiş etdi və bu anlayışla qarşılandı. Mən görüşün nəticələrindən və orada əldə etdiyim məlumatlardan razı qaldım".
Beləliklə, anlaşılan odur ki, Rauf Arifoğlu Müsavat başqanı ilə görüşdən sonra partiyadan kollektivlə istefa vermək qərarından daşınıb. Bunun müqabilində Müsavatdan istədiyi müdafiəni görəcəyinə Arif Hacılından təminat alıb-almadığı isə hələ ki bəlli deyil. Bunu yəqin ki, qarşıdakı günlərdə partiya rəhbərliyinin davranış və bəyanatlarından sezmək ümkün olacaq. Bilinəcək ki, Müsavat rəhbərliyi Rauf Arifoğlunun şantajı qarşısında əriyib, yoxsa onu özünün indiyədək izlədiyi soyuqqanlı davranışla barışmağa məcbur edə bilib.