Dostlar yaman yazırlar. Yaxşı yazırlar. Düzünü desəm, lap yaxşı yazırlar. Bilmirəm onlar belə gözəl yazmağı, dəmir kimi tutarqa-arqumerntlərlə yazmağı kimdən öyrəndilər, necə öyrəndilər?! Bir daha deyirəm: gözəl yazırlar. Di gəl, qınaq obyektləri ürəyimcə deyil; Ramiz Mehdiyevdən yazırlar. Administrator-filosof-ideoloq-akademik, ən başlıcası, baş antikorrupsioner Ramiz Mehdiyev! Dövlətimizin dayağı, Azərbaycana sevgilərin uca bayrağı! Düzünə qalsa, bu yerdə yaxşı bir aşıq gərəkdi, ideoloji hava üstündə akademik-fəlsəfi axarda bala-bala o deyə, sən dinləyəsən.
Eh, gidi dünya, daha bir düzünə qalsa, gərək indi bu ölkənin prezidenti Ramiz Mehdiyev olaydı. Sözün düzü, belə bir istək onun yazılarında açıq-aydın görünür. Lap elə bu yaxınlarda Diplomatiya Akademiyasında Əliyevlərin 21 illik siyasətlərini alt-üst etmiş, Azərbaycanı necə uğursuzluğa gətirib çıxardıqlarını konkret faktlarla göstərmişdi. Bircə o çıxışa görə müxalifət özünü ona borclu saymalı idi. Ancaq bizim müxalifət administraror-filosofun bu yaxşılığını gərəyincə dəyərləndirə bilmədiyindən, özü demiş, daha da radikallaşaraq rejimə basqıları daha da artırdı. Beləcə dış basqılarla iç basqılar bir-birinə qarışdı. Bu basqılar qarşısında çaşbaş qalan hakimiyət müxalifətdəki çoxillik dayaqlarından birini - Hacı Rauf Arifoğlunu DEŞIFRƏ etmək qaçılmazlığı ilə üzləşdi. Bu bir ATA sözüdür: “Suda boğulan ilana sarılar”.
R.Mehdiyevin Diplomatiya Akademiyasındakı çıxışı özünü bütünlüklə doğrultmaqdadır: ata-bala Əliyevlərin 21 illik uğursuz siyasətləri Azərbaycanı çox böyük sorunlarla üzləşdirib. Buna görə hakimiyət müxalifətdəki adamlarından açıq yararlanmalı olur. Bu yerdə gərək “Azadlıq” qəzeti də, AXCP-də susquluq sərgiləyəydi, ancaq onlar... hücuma keçdilər. Hacı Rauf bu hücum qarşısında necə sarsıldısa, illərdən bəri örtülü ilişkilərdə bulunduğu yuxarı instansiyadan açıq yardım diləməli oldu: “Məni prezidentin gözündən salmaq istəyirlər”. Bir çağlar o, belə bir hücum qarşısında keçmiş başqana sığınmış, başqan da onu gərəyincə qorumuşdu: “Rauf Arifoğluya hücum Müsavata hücumdur”. Adamları aldatmaq, əski dostu qorumaq baxımından gözəl tapıntı idi! Dünyanın işinə bax, vur-tut ikicə il qabaq işə yarayan o gözəl tapıntı bu gün iş yaramır. Başqan başdan getdiyi üçün yox, başqanlıq özü “balıq başdan iylənər” açıqlığına uğradığı üçün!
Bax, bu yerdə sayğılı administrator-filosof necə acıqlandısa, bütün yazı yazanlarıyla yaraqlanıb... “Azadlıq”a, AXCP-yə hücuma keçdi. Düz də etdi. Onlar (“Azadlıq”, AXCP) bilməliydilər: başqanlığın bəlli balıq başı olaraq açıqlandığı bir dönəmdə Rauf Arifoğluya hücüm Ramiz Mehdiyevə hücum deməkdir. Administrator necə acıqlanıbsa, uzun illər “Yeni Müsavatda”, eləcə də başqa qəzetlərində yazdırdıqlarını “Azadlıq”ın adına çıxıb: “Azadlıq” qəzeti yalan və iftira rolunu yerinə yetirir, onun hər bir səhifəsi intriqalarla, insanların ləyaqətini alçaldan materiallar, uydurma və böhtanlarla doludur". Bunu elə-belə adam desəydi, imam övladı olsa belə, mən ona inanmazdım, ancaq administrator-filosof-akademik Ramiz Mehdiyev dediyindən çox inanıram.
Yadımdadır, bu adam illərlə bizi qan-tər içində kommunizmin QƏLƏBƏSINƏ doğru apardı. Qələbəyə lap az qalmış... terrorçu ABŞ SSRI-ni dağıtdı. Buna görə, çox düzgün olaraq, o, bir çox qutsal diləklərini ürəyində qoymuş ABŞ-a nifrət edir. Kim bilir, ABŞ SSRI-ni dağıtmasaydı, o, bəlkə də, indi Azərbaycanda ikinci yox, birinci adam olardı - Azərbaycan KP MK-nın birinci katibi! Onda o, 70-ci illərdə indiki “ümummilli lider” etdiyi kimi sevimli Moskvadan, hələ də bütün varlığıyla bağlı olduğu istəkli Kremldən gələn bütün plan tapşırıqlarını “pripiska” axarında artıqlamasıyla yerinə yetirib, ölkəni Rusiyanın yem bazasına çevirməklə arxayınca kef çəkərdi. Ağamalı Sadiq demiş: “Cəbhiyi qara gəlsin!” ABŞ- la birgə!