Siyavuş Novruzovun doğru və yalan mövqeyi

6-12-2014, 09:59   
Siyavuş Novruzovun doğru və yalan mövqeyi«Lazım»ın gəlişinə Əli Kərimli əngəl olurmuş

Etiraf edək ki, hökumət təmsilçilərindən doğru söz, məntiqli fikir eşidəndə təəccüblənirik. Hakimiyyətin mahiyyətinə bələd olduğumuz üçün belə fikirlərin səsləndirilməsi “sensasiya”kimi qəbul edilir.

Məsələ ondan ibarətdir ki, YAP-çı deputat Siyavuş Novruzov heç vaxt bizi təəccübləndirə bilməyib. Bu adam həmişə hökumətin mürtəce addımlarına “məsumiyyət donu” geyindirməyə çalışıb. Ancaq Milli Məclisin ötən sessiyasında “Azərbaycanda kredit borclarını qaytarmaq üçün ya insan alveri, ya silah alveri, ya da narkotika alveri ilə məşğul olmalısan” deməsi, bizi şoka saldı və deputatın dilindən 20 ildə bir dəfə düz söz çıxdığına görə şükür etməyə başladıq.

Bugünlərdə “publika.az” saytına açıqlama verən Siyavuş Novruzov növbəti “şedevr”ini yaradıb. Sərdar Cəlaloğlunun AXCP sədri Əli Kərimliyə qarşı işlətdiyi ifadəyə Siyavuş Novruzov belə münasibət bildirib: “Mən siyasətdə həmişə proqnoz vermişəm, təhlillər aparmışam. Amma kimliyindən asılı olmayaraq heç kimi təhqir etməmişəm. Hətta düşmən mövqeyində dayandığım adamları da. Ona görə də bu məsələ haqda heç nə demək istəmirəm. Kim kimə nə deyir, özləri bilər”.


Bəli, Siyavuş Novruzov, hətta düşmənini təhqir etməyi də özünə sığışdırmır, bunu səviyyəsizlik hesab edir. Demokratik düşərgəyə nifrəti ilə seçilən, bütün fəaliyyəti dövründə müxalifəti hədəf seçən adam, Sərdar Cəlaloğluna, Rauf Arifoğluna nəsihət verir. Çox təəssüfləndirici haldır ki, Siyavuş Novruzov Sərdar Cəlaloğluna “tərbiyəsiz uşaq” kimi baxır.

Əslində, Siyavuş Novruzovun düşərgəsini dəyişənlərin fəaliyyətinə belə qiymət verməsi onu göstərir ki, hətta hakimiyyət cameəsində də bu adamlara ikrahla yanaşırlar.

Həyat çox amansızdır. Vaxt elə gətirir ki, islaholunmazlar da, islah etməyə cəhd edirlər.

Amma YAP-ın uzaq vuran topu Sərdar Cəlaoğluna “nəsihət”indən sonra, başqa bir sayta açıqlamasında absurdun zirvəsinə dırmaşıb.

Siyavuş Novruzov “report”a açıqlamasında deyib: “Beynəlxalq təşkilatlar çalışırlar ki, Azərbaycanla bağlı qlobal problemləri qaldıranda məsələni daxilə yönəldib, əsas məsələdən diqqəti yayındırsınlar. Dağlıq Qarabağla bağlı məsələni gündəmə gətirilən kimi dərhal daxili prosesləri müzakirəyə çıxarırlar. Biz də deyirik ki, siz münaqişənin həllini sürətləndirin, daxili məsələlərin həllini özümüz yoluna qoyarıq. Onlara bu işləri həyata keçirməkdə fakt lazımdır, bunları da Əli Kərimli yerinə yetirir. Həmin beynəlxalq təşkilatlar da bundan istifadə edib, Azərbaycanla bağlı qeyri-obyektiv mövqe ortaya qoyurlar”.

Cənab Novruzov, Sərdar Cəlaloğluna bu boyda nəsihətdən sonra, Qarabağla bağlı bu boyda cəfəngiyyat nəyə lazım idi?

Siyavuş Novruzovun dediklərindən belə aydın olur ki, Qarabağ məsələsinin həllinə Əli Kərimli imkan vermir. Sən demə hökumətimiz Qarabağı azad etdiyi məqamda, Əli Kərimli gündəmi dəyişməklə “Məhsul” stadionuda mitinq keçirməklə, siyasi məhbuslara azadlıq tələb etməklə, prosesi pozur. Belə çıxır ki, 20 ildir “lazım”ın gəlişinə Əli Kərimli imkan vermir. Ziddiyyət burasındadır ki, başqa vaxt AXCP-ni rəqib görmədiklərini, Əli Kərimlinin heç bir gücü olmadığını, Milli Şuranın ölü qurum olduğunu deyirdilər. Indi isə etiraf edirlər ki, Əli Kərimli hakimiyyətin daxili və xarici siyasətini darmadağın edir. YAP-çı deputat hesab edir ki, Əli Kərimli Rusiya faktorundan da güclüdür.

Belə getsə, Qarabağın işğaldan azad edilməməsini, rəsmi olaraq Əli Kərimlinin adı ilə bağlayacaqlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.