Bakı polisindən sərt xəbərdarlıq: “Hər kəs bilməlidir…”

7-12-2014, 07:31   
Bakı polisindən sərt xəbərdarlıq: “Hər kəs bilməlidir…”
“İki gün öncə də bənzər hadisə baş verib. Polisin qanuni tələbini yerinə yetirməyərək onun üzərinə maşın sürən şəxs qanun qarşısında cavab verib”.

Bu sözləri Axar.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov son zamanlar yol hərəkəti qaydalarını pozaraq polisə qarşı artan xəsarət yetirmə hallarına münasibət bildirərkən deyib.

O, intizamsızlığa meylli olan sürücülərin cəzalandırılması ilə bağlı məsələyə açıqlıq gətirməyin vacibliyini bildirib:

“Hər halda, cinayətkar polisi sevmədiyi kimi, intizamsız sürücü də yol polisini sevmir. Onlar bilməlidir ki, polisə və onun xidmətinə qarşı bu cür hərəkətlər yolverilməzdir və buna görə hər kəs qanun qarşısında sərt şəkildə cavab verəcək. Əgər kim hesab edirsə ki, polis səlahiyyətini aşır, qeyri-qanuni protokol tərtib edir, sözsüz, şikayət etmək hüququ var. Yəni bütün hərəkətlər qanunla tənzimlənir və hər kəs öz əməlinə görə cavabdehdir. Gəncədə sürücü ilə yol polisi arasında baş verən oxşar hadisə araşdırılır. Bu gün hər bir sürücü yol polisinə qarşı belə qeyri-etik normalara uyğun hərəkət edirsə, bəs onda maraqlıdır, ictimaiyyət hara baxır? Ölkədə bütün sahələr üzrə inkişaf var, getdikcə insanların maddi rifahının yüksəldilməsi və digər müsbət göstəricilər deməyə əsas verir ki, hər şey qanun çərçivəsində həll olunsun. Polis cəmiyyətin üzvü və bu dövlətin vətəndaşıdır. Əgər açıq-aşkar yol hərəkəti qaydası pozulursa, polisin funksional vəzifəsinə uyğun olaraq vətəndaş saxlanılmaqla məsuliyyətə cəlb edilir. Əvəzində aqressiv münasibət sərgilənməsinə sözsüz ki, hüquqi qiymət verilir və veriləcək də”.

V.Əsədov sürücülərin qeyri-qanuni hərəkətinə qarşı görülən sərt cəza tədbirinin mediada yayılmaması və ictimailəşməməsinin qanunsuzluğa meyilli olanlarda guya cəzasızlıq təsəvvürü yaratması və bunun da nəticəsində polisə qarşı qeyri-etik hərəkətlərin artması məsələsinə də aydınlıq gətirib:

“Hamı bilməlidir ki, polis – dövlətin onurğa sütunudur və ona qarşı hər hansı qeyri-qanuni hərəkət edən şəxs, kimliyindən asılı olmayaraq, ən sərt şəkildə qanunla cəzalandırılır. Bu sahədə təbliğatın aparılmasında isə jurnalistlər iştirak etməli, onlar vətəndaş mövqeyini ortaya qoymalıdırlar”.

V.Əsədov bildirib ki, bir polis əməkdaşı xidmət aparırsa, bu, bizim evimizdə rahatlığımız deməkdir:
“Kimin bir problemi olursa, o an polis yada düşür, güvənc yeri kimi polisə üz tutur. Deməli, polisə güvənməli, arxalanmalı və müstəsna xidmətlərini qiymətləndirməliyik. Bu gün ölkə üzrə mülki nəqliyyat hadisələrinin sayının endirilməsində polislərin rolu böyükdür. Təklükəsizliyimiz təmin olunursa, demək, polis iş başındadır. Hamı bilməlidir ki, polisin gecəsi-gündüzü, bayramı-istirahəti yoxdur. Bayram günləri polis üçün qırmızı gündür. Çünki polis həmin günlər - hamının istirahət etdiyi və bayram keçirdiyi günlərdə - daha çox işləyir, yatmır, dincəlmir. Bunları, bu zəhməti, əziyyəti heç kim unutmamalıdır. Bir tıxac yaranan kimi polis yada düşür, polis də qışın soyuğunda, bəzən mənfi 5 dərəcə şaxtada saatlarla ayaq üstə tıxacı açır, insanların evinə rahat getməsinə şərait yaradır. Bunu sürücülər görmürmü? İnsanların təhlükəsizliyi üçün bu qədər əziyyət çəkən polis işçisinə münasibət qeyri-etik olursa, buna nə ad vermək olar?”

DİN müvafiq tədbirlər görəcək

Polis polkovniki, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev isə bildirib ki, Dövlət Yol Polisinin əməkdaşına qarşı baş verən bu cür hadisənin kütləvi olması barədə təsəvvürlər yanlışdır:
“Bir neçə faktı münaqişə kimi qiymətlədirmək lazımdır. Hər gün müxtəlif səpkidə belə hallar baş verir. Münaqişənin tərəfləri araşdırmalıdır ki, bu cür hadisələr hansı səbəbdən baş verir və niyə artır? DYP ilə sürücülər arasında olan bu tip olaylar ona görə sensasiya kimi qəbul olunur ki, DYP-nin polisdə üç xidmət sahəsi var:1) Əməliyyat; 2) İstintaq; 3) Xidmət sahəsi. Xidmət sahəsi isə 2 yerə yerə bölünür: Daxili və Bayır xidmət. DYP ilə Post Patrul Xidməti xidmət sahəsinin Bayır xidmətidir. Bayır xidməti o deməkdir ki, bütün günü bunlar göz qabağında və vətəndaşlarla əlaqədədirlər. Buna görə də bunlarla bağlı törənən hadisələr belə sensasiya xarakteri daşıyır. Bu, həkimlə xəstə, müəlimlə tələbə, mühəndislə fəhlə arasında da baş verir. Polis və hüquq mühafizə orqanı işçisi ilə vətəndaş arasında konflikt olanda bunun istintaq və təhqiqatını prokurorluq orqanı aparır.

Prokurorluq bu işi aparanda onunla paralel Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi də təhqiqat aparır. Münaqişə araşdırılır və nəticədə məlum olarsa ki, hadisədə qismən də olsa, polis əməkdaşının təqsiri var, onda DİN həmin polis işçisi barədə inzibati tədbir görərək apardığı xidməti təhqiqatı prokurorluğa göndərir”.
Sabiq polis rəisi vurğulayıb ki, son iki ayda bu, dördüncü belə hadisədir:

“Amma dırnaqarası olsa da, bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır. Buna ekstremal sensasiya kimi qiymət vermək olmaz. Çünki polisin də təqsiri ola bilər. Yəni vətəndaşı özündən çıxararaq onu affekt vəziyyətinə gətirmə halları da istisna deyil. Bütün bunlarla yanaşı, qeyd edim ki, bu cür halların baş verməsinə qətiyyən yol vermək olmaz. Bu cür hadislərə cəmiyyət və cinayət nəzərindən yanaşmaq lazımdır. Nüanslar ən adi incəliyinədək araşdırmalıdır. Məsələni tam obyektiv ortaya qoymaq üçün DİN son vaxtlar bu hadisələrin artmasının səbəbi üzrə xidməti təhqiqat aparmalıdır. Nəticədə faktlar ortaya qoyularaq prafilaktik tədbirlər görülməlidir və inanıram ki, DİN-də hazırda bu proses də aparılır”.

Onların əksəriyyəti cinayətkardır

Hüquqşünas, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bu cür hadisələrdə hər iki tərəflə bağlı səbəblərin olduğunu açıqladı:

“DYP və polisin başqa xidmətinin əməkdaşı yola görüntü üçün çıxmır. Əgər qaydalar pozularsa, bu zaman aqressivlik göstərmək yox, məsuliyyəti daşımağa hazır olmaq lazımdır. Son vaxtlar cəmiyyətdə gərginlik artıb. Belə situasiyalarda polisin günahı bir qayda olaraq yetərincə peşakarlığın olmamasıdır. Qanunvericilikdə qeyd olunur ki, polis əməkdaşı öz təhlükəsizliyini mütləq gözləməlidir. YPX haqqında təlimatda göstərilir ki, yolda hərəkət edən avtomobili saxlayan zaman patrul maşını saxlanılan avtomobilinin qabağında deyil, arxasında dayanmalıdır. Əgər sürücü qərəzli şəkildə “sən kimsən” deyirsə, bu zaman polis bu qeyri-etik davranışa görə vətəndaşa həbslə bağlı xəbərdarlıq etməlidir. Yanaşma, münasibət və özünü qorumada peşəkarlıq olmalıdır”.
Ə.Hüseynov bildirib ki, polisdən əldə olunan rəsmi məlumata görə, son günlər polisə xəsarət yetirən sürücülərin çoxunun keçmişdə cinayətkar və axtarışda olan şəxslər olduğu aşkarlanıb:

“Polis və sürücünün qarşıduran tərəf kimi təqdim olunması təhlükəli yanaşmalara yol aça bilər. Polisin əks-tərəf kimi təcrid olunmasını aradan qaldırmaq lazımdır. Ən ciddi məsələ odur ki, bununla bağlı təbliğat aparılmır. Hazırda qüvvədə olan qanunvericilikdə YPX haqqında təlimat, DYP-nin maarifləndirilməsi ilə bağlı onun fəaliyyətinə dair qanunvericilik var. DYP bütün imkanlardan istifadə edərək KİV, QHT-lər vasitəsilə maarifləndirmə aparmalıdır. Epizodik verilişlər hazırlanmalı, əgər polisə qarşı arzulanmayan münasibət varsa, mütəxəssislər dəvət olunamlı və təbliğat aparılmalıdır. Sonra ictimai görüşlər keçirilməlidir. Ancaq polislər özləri də bu işdə aktiv olmalı və cəmiyyəti inandırmağı bacarmalıdırlar. Polisin də vicadansızı, öz işini bilməyəni, bilib də icra etməyəni var. Belələri qovulur, töhmət alır, hətta həbs də edilir. Bunu təbliğ etmək lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.