Hörmətli Xədicə xanım İsmayıl yüksək vətəndaş mövqeyi, peşəkarlığı ilə yanaşı həm də parlaq bilik sahibidi.
Xədicə xanımla ilk tanışlığım 1998-ci ilə təsadüf edir. Biz o zaman Shahvələd Çobanoğlunun rəhbərlik elədiyi "Günaydın" qəzetində birgə çalışırdıq. O zaman yaşla bağlı olaraq təbii, indiki qədər biliyim, məlumatım yox idi. Amma bir gənclik enerjisinə sahib adam kimi hər gün və daha çox oxuyur, yeni şeylər öyrənirdim. Bütün adamlar kimi mən də təzə öyrəndiklərimi nümayiş eləmək, onlar haqda danışmaq eşqindəydim.
Fəqət, nə edəsən, qarşımda Xədicə İsmayıl kimi bir qaya vardı. Elə söhbəti guya təzə bir şeydən bəhs edir kimi başlayanda, o deyirdi: "Hmm, hələ indi bilirsən bunu?.."
Və sonra həmin mövzuda öz bildiklərin danışırdı.
***
İndi az qala məktəblilərin də alüdə olduğu, haqqında-gen bol danışdığı mövzu - masonluq o zaman Azərbaycana təzə-təzə gəlirdi. İnternet, ədəbiyyat çatmazlığı ucbatından bu mövzuya marağım günü-gündən şiddətlənirdi (bu etiyacı az -para Türkiyə nəşrləri ilə ödəyirdim).
Bir gün Xədicə bu marağımdan hali oldu. Soruşdu: "Masonluq haqda oxumaq istəyirsən?"
Hə, cavabımı aldı və sabahı gün mənə iki kitab gətirdi. Nəfis tərtib olunan bu kitabların çap tarixinə baxdım gözüm kəlləmə çıxdı. 1912-ci il! Həm də köhnə kiril əlifbası ilə. Mən təzə rus əlifbası ilə güclə oxuyan adam kimi bu kitabların şəklinə baxmaqla kifayətləndim :)
Xədicədən bu kitabların tarixçəsini xəbər aldım. Yadımda qalan bu oldu ki, onun atası çox ciddi mütaliyə həvəskarı imiş və Moskvadan həmişə belə antikvar, gizli ədəbiyyatı alıb oxuyarmış.
Bir şeyi də dedi ki, bəzən atası ağır xəstəliyə tuş olanda Xədicəni başı üstündə oturdub, ucadan mütaliyə etdirirmiş ki, qulaq assın.
Bir dəfə görün necə sevinmişdik? O zamankı iş yoldaşımız İlhamiz Quliyev oturduğumuz otaqda (zatən cəmi iki otağımız vardı), qaytdı ki, lənətə gəlsin bu mövzunu, lap Qordi düyününə dönüb, yaza bilmirəm.
Xədicə soruşdu: Nə, Qordi? O nə olan şeydi?
Mən də, İlham da təəccüblə onun üstünə cumduq. Sanki qələbə qazanmışdıq!
- Bilmirsən, Qordi düyünü nədi?
-Yox!
- Ola bilməz!
Bir yandan sevinirik ki, Allaha şükür, axırı bu qız da nəsə bilmədi, bizdən nəsə öyərənəcək, o biri yandan da düşünürdüm ki, bəlkə bizlə zarafat edir.
Düzü hələ də bilmirəm, o vaxt ciddiyən o bilmirdi yoxsa, yox. O zamana görə bizi inandırdı ki, bilmir və biz qabiliyyətlə, səliqəli şəkildə Qordi düyününü bu gözəl insana izah etdik :)
Indi dünənki namərdcəsinə aparılan həbsi düşünə-düşünə deyirəm. Xədicə xanım özü Əliyev hakimiyyəti üçün bacarılmaz bir Qordi düyünü idi. Onun həbsi isə nə bu düyünü açmaqdı, nə də problemi həll etmək. Üstəlik Xədicə xanımın üstünə gedənlər də heç İsgəndər kimi cəngavərlər deyil. Bu həbs Qordi düyünün həll etmək olmadı, əksinə özlərin pis, çox pis dolaşığa saldılar. Mən deyərdim hətta o düyünün bir ucunu ilgək edib boğazlarına keçirdilər.
Bir məqam da var. Xədicə İsmayılin həbsi təkcə onun azadlıqdan məhrum edilməsi deyil. Bu həm də Azərbaycan oxucusunu, dinləyicisini peşəkar, prinsipial təhlildən, informasiyadan məhrum etməkdi.
Xədicə xanıma azadlıq tələb etmək, həm də onun oxucularına azadlıq istəyidir.