«Hakimiyyət demokratik dəyərləri mövcudluğuna təhlükə saydığından Qərbdən gələn demokratiya tələbləri süngülə qarşılanır»
Fuad Qəhrəmanlı: «Iqtidar daxildə yürütdüyü aqressiv siyasətlə dünyaya o mesajı vermək istəyir ki, ondan hər hansı demokratiya tələbi olmasın»
Azərbaycan hakimiyyətində anti-Amerika əhval-ruhiyyəsi getdikcə güclənməkdədir. ABŞ administrasiyasının sərt tənqidi ara vermir. “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun həbsinə etiraz edən Dövlət Departamentinin bəyanatına özünə məxsus cavab verən hakimiyyət eyni xətlə fəaliyyətini davam etdirməkdədir. Deputat Elxan Süleymanovun Avropa parlamentarilərini hüquq normalarına əməl etməyə dəvət etməsi, dövlət başçısının mətbuat katibi Azər Qasımovun Dövlət Departamentini başqa ölkələrin daxili işinə müdaxilə etməkdə suçlaması da eyni qəbildən olan açıqlamalardır.
Qeyd edək ki, A.Qasımov beynəlxalq təşkilatların araşdırmaçı jurnalist Xədicə Ismayılova ilə bağlı bəyanatlarına münasibət bildirərək deyib ki,ÿhəmin qeyri-hökumət təşkilatlarının və eləcə də ABŞ Dövlət Departamenti nümayəndəsinin söylədikləri heç bir reallığı əks etdirmir:
“Hər hansı bir beynəlxalq qurum ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verməyib. Sadalanan qeyri-hökumət təşkilatların ofislərinin böyük bir qismi ABŞ-da yerləşir və ümumiyyətlə, onlar faktiki olaraq Dövlət Departamentinin qurumları kimi fəaliyyət göstərirlər”.
Avropa Parlamentinin prezidenti Martin Şultsun da içki düşgünü elan edilməsi və ona qarşı rəsmi mətbuatda təbliğatın aparılması vahid siyasi xəttin tərkib hissəsidir. Amma baş verənlərdə maraqlı olan hakimiyyətin yürütdüyü bu siyasətdə Qərbi tənqid edərək Rusiyaya sığınmasıdır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son məqaləsində də bu məqam ana xətti təşkil edir.
Amma hakimiyyət hazırda Rusiyanın kifayət qədər zəiflədiyi bir dönəmdə onu istinad nöqtəsi kimi seçir. Neftin ucuzlaşması, rublun məzənnəsinin aşağı düşməsi Rusiya iqtisadiyyatına ciddi zərbələr vurub. Amma buna baxmayaraq Qərb qarşısında son mövqelərini itirən Rusiya Azərbaycan hakimiyyəti üçün cəlbediciliyini itirməyib. Siyasi ekspertlər bunu bir neçə səbəblə izah edir.
Birinci səbəb Avropa Birliyinin gələn il keçiriləcək Riqa sammitidir. Yəni hakimiyyətin daxildə repressiyanı gücləndirməsinin fonunda Rusiya istinad etməsi ona hesablanıb ki, bu görüşdə Azərbaycanda Avropaya inteqrasiya istiqamətində ciddi addımlar atmasını istəməsinlər. Ikinci səbəb kimi isə gələn il ölkəmizi gözləyən mühüm hadisələr göstərilir. Gələn il Azərbaycan üçün bir neçə amil baxımından əhəmiyyətlidir. Onlardan biri yuxarıda adını çəkdiyimiz Riqa sammitidir. Amma eyni zamanda onu da nəzərə almaq lazımdır ki, 2015-ci ildə Azərbaycanı parlament seçkiləri və ilk Avropa Olimpiya oyunları gözləyir. Hər iki hadisə ölkəmizə beynəlxalq diqqəti gücləndirəcək. Belə olan halda Azərbaycan hakimiyyəti Azərbaycan reallıqlarını dünyaya çatdıra biləcək şəxsləri həbsə atmaqla özü üçün münbit şərait yaratmağa çalışır.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Qərbin Azərbaycandan demokratiya tələbinin hakimiyyət tərəfindən süngü ilə qarşılanması təsadüfi deyil. Çünki hakimiyyətin davranışları onu deməyə əsas verir ki, iqtidar demokratik dəyərləri, insan hüquqlarının təmin olunmasını öz mövcudluğu üçün təhlükə sayır. F.Qəhrəmanlının sözlərinə görə, hakimiyyət xalqın iradəsi ilə deyil seçki saxtakarlığı, zorakılıqla formalaşdığı üçün Qərbin dəstəyinin Azərbaycan cəmiyyətində yarada biləcək əhval-ruhiyyədən ciddi şəkildə narahatdırlar: “Eyni zamanda Azərbaycan iqtidarı Qərbə inteqrasiya kursunda maraqlı deyil. Çünki Qərbə inteqrasiya kursu demokratik dəyərlərin olmasını tələb edir. Çünki Qərbə inteqrasiya təkcə ticari, iqtisadi əlaqələr deyil. Bu həm də hüquqi, siyasi sahədə Qərb standartlarına keçməkdir. Hakimiyyət demokratik dəyərləri öz mövcudluğu üçün təhlükə saydığından Qərbdən gələn demokratiya tələbləri süngü ilə qarşılanır”.
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyət daxildə yürütdüyü aqressiv siyasətlə dünyaya o mesajı vermək istəyir ki, ondan hər hansı demokratiya tələbi olmasın: “Azərbaycan hakimiyyətinin istəyi odur ki, onlar da ərəb rəhbərləri kimi, yəni olduqları kimi qarşılansınlar. Onlardan da heç bir demokratiya tələbi istənilməsin. Hakimiyyət aqressiv davranışları ilə onun mesajını verir ki, Qərbdən gələn tələbləri nəzərə almaq fikrində deyilik. Əksinə demokratiya ilə bağlı tələblər gücləndikcə hakimiyyət bundan daha da qəzəblənərək daha aqressiv addımlara gedəcəkdir. Bu aqressiv davranışlar demokratiya tələblərinin önünü kəsmək üçündür”.
F.Qəhrəmanlı hesab edir ki, hakimiyyətin bu cür sərt ritorikası Azərbaycanla Avropa arasında olan məsafəni daha da artırır. Burada da məqsəd odur ki, Azərbaycan hakimiyyəti öznünün himayəçisi rolunda Rusiyanı görür. Rusiyanın postsovet məkanında avtoritarizmin başlıca himayəçisi sayıldığını deyən F.Qəhrəmanlı vurğuladı ki, Rusiya avtoritar ölkələrə özü ilə Qərb arasında olan bufer zona kimi baxır: “Qərbin tənqidi fonunda Rusiyaya meylin açıq formada nəzərə çarpması hakimiyyət maraqlarına görədir. Avropa Birliyinin Riqa sammiti yaxınlaşdığı zaman Azərbaycandan Avropaya inteqrasiya istiqamətində hər hansı addım istənilməsin. Əksinə müzakirə predmeti Azərbaycanın hər hansı addım atması yox, ölkəmizlə münasibətlərin bərqərar olması olsun. Bu kontekstdə Azərbaycan insan haqlarının boğulmasından Qərbə bir təzyiq vasitəsi kimi istifadə edir. Amma bu siyasətin perspektivi yoxdur. Çünki ölkəni birmənalı olaraq təcridə aparır”.
F.Qəhrəmanlı onu da bildirdi ki, Azərbaycanın Qərbdən gələn demokratiya tələblərinə aqressiv münasibətinə baxmayaraq Qərbin yanaşması dəyişmir. Əksinə Azərbaycan hakimiyyətinin sərtləşməsinə paralel olaraq Qərbin də ölkəmizə yanaşmasında ritorikasının sərtləşməsini müzakirə edirik. “Bu kontekstdə Azərbaycan hakimiyyətinin özünə himayəçi kimi Rusiyanı seçməsi də yanlış addımdır. Çünki Rusiyanın özü Qərbin təzyiqləri altında can çəkişməsinə girişib. Belə olan halda bir müddət sonra Rusiyanın nəinki postsovet məkanında avtoritar ölkələri himayə etmək imkanları olmayacaq. Hətta Rusiya hakimiyyətinin özünün də iqtidarda qalması məsələsi gündəmə gələcək”.