Yaxınlarım bilir, bilməyənlərə də xatırladım ki, jurnalist Xədicə İsmayılla münasibətlərimiz heç zaman yaxşı olmayıb. Xüsusən son 2 ildə ünsiyyətimiz tamamən kəsilib, hətta sosial şəbəkədə bir-birimizi bloka atmışıq, sonra çıxarmışıq, görüşəndə üz çevirmişik, ad çəkmədən və çəkərək bir-birimizin əleyhinə o ki var, döşəmişik... Qıcıqlı-iynəli münasibətimiz olub, bir sözlə... Onun aşırı aqressiyası, təftişçiliyi, yaxınlarını qorumaq əvəzinə onları daha da körükləməsi... əsəbiləşdirib məni hər zaman.. Amma....
Amma bu o demək deyil ki, bir jurnalisti yazdıqlarına görə bunca aşağılayıcı bir tərzdə şərləmək, cəzalandırmaq olar, saçını “keçi kimi” iki tərəfdən yığıb, komik poza verən bir gəncin sözü ilə türməyə basmaq, haqqında hər cür hədyan yaymaq olar...
Təzə hoqqaya bax: intihar həddinə çatdırma... Mən bu tip gülməli xəbərləri qəzetimizin 16-cı səhifəsinə hazırlayıb verirəm, “xoruz səsi eşitməmişlər” kateqoriyasında...
Hələ heç nəyi açıqlamayıblar, “torba”nın yamaqlarını vurmaqla məşğuldurlar hazırda. Bir azdan ortaya çirkin söhbətlər, iyrənc dialoqlar çıxaracaqlar. Ay bu onu sevirdi, bu onu sevmirdi, axırda da dedi ki, sevmirsənsə broşkamı qaytar... Oldumu sənə cinayət işinin materialı, “sübut-dəlil”?
Axı iki gündü hamı bar-bar bağırır. Adına Tural deyilən məxluqun keçmiş nişanlısı israr edir ki, onun psixoloji problemləri olub, buna görə də ayrılıblar. Rövşanə Rəhimli adlı xanım “Meydan” TV-yə müsahibəsində bildirib ki, nişanlısının tez-tez depressiyaya düşməsi, aqressivləşməsi ayrılmalarına gətirib çıxarıb: “Bir dəqiqənin içində halı dəyişirdi. Tanımaq olmurdu. Bu hallarına dözə bilməyib nişanı qaytardım. Hətta özü də Meydan TV-yə açıqlamasında deyib, bir müddət əvvəl Maştağadakı 1 saylı ruhi dispanserdə müalicə almışdı. Mütəmadi olaraq antidepressiv dərmanlar atır”.
Xanımın daha bir rəfiqəsi sosial şəbəkədə yazır: “7 ayda bəlkə yetmiş dəfə Rövşanə nişanı qaytarmağa cəhd edib, amma hər dəfə bu adam hoqqa çıxarıb. Özümü də, səni də öldürəcəm deyə gah hücum edib, gah özünü asan yerdə şəklini göndərib. Yalvarmaq, ağlamaq, təhdid etmək...”
Bəs bunlar fakt deyilmi, cənab çekistlər? Bir Maştağaya baş çəkmək, qeydiyyatlara baxmaq olmazmı? Doğrudanmı əqli səviyyəsi yerində olmayan birinin sözü ilə adam tutmaq olar? Onun sözü nə dərəcədə etibarlıdır? Doğrudu, deyə bilərlər ki, psixoloji durumu o cür olan adamın bunca mötəbər media qurumlarında nə işi vardı... Amma indi bu, bizim haqqında danışdığımız mövzu deyil axı. Ona qalsa paytaxta rəhbərlik edən adamların da, ölkədə ən önəmli vəzifələri tutanların da dosyesində “bir Maştağa rüzgarı” əsib...
Əslində bu cür gülməli cinayət işləri hazırlamaqla hökumət çoxdan bəri bir mesaj verməyə çalışır: artıq sizə enerjimizi də sərf etmirik. Məsələn, biri evdən çıxanda qabağına bir dəli çıxarırlar. O da deyir, niyə mənim facebookda yazdıqlarıma cavab vermirsən... Bir başqasını narkomanla, o birini bomjla, əxlaqsız qadınla şərləyirlər... Yəni, getdikcə ucuzlaşdırırlar hər şeyi.
Məntiqsizliyin absurd həddi... Belə çıxır ki, sabah uşağın müəlliməsi də “bu valideyn ehtiyacım olduğu halda mənə rüşvət vermədi, intihar həddinə çatdım”, - deyərək bizi məhkəməyə verə bilər. Sübut olaraq da bütün sinfin yığdığı pul siyahısını istintaqa göndərər, torbamızı tikərlər. Yolun sağı ilə asta maşın sürdüyümüz üçün arxadan gələn sürücü əsəb krizi keçirdiyini bəhanə gətirib, 3 ildən 7 ilə qədər həbsimizi istəyər. Necə deyərlər, yıxıl öl...
Bəs yaxşı, bu illər ərzində bizi intihar həddinə çatdıranlar niyə azadlıqdadır? Hər gün evdən çıxıb işə gələnə qədər neçə belə “intihar situasiyası” yaşayırıq? Müntəzəm yolları bağlayıb, əsəbimizi zorlayanlar, vətəndaş hüquqlarımıza tüpürənlər, cibimizə girən işbazlar... Lənət şeytana, vəzifəli məmurun qanunsuzluqlarına görə özünə od vurub yandıran (bəli, ölən) Qarabağ qazisinə görə cinayət işi açıldımı? Niyə cəzalanmadı Həmkarlar Konfederasiyasının rəhbəri? Axı, ortada ölüm var idi... Halbuki burda bir Maştağa pasiyentinin qeyri-ciddi açıqlamaları dolaşır... Hər gün Koroğlu körpüsünə çıxanların dedikləri cinayət işinin materialları deyilmi? Niyə araşdırılmır?
... İntiharla bağlı klassikləşmiş bir mahnı var. Türkiyəli müğənni Murad Kəkilli illər öncə damğasını vurub: “Bu axşam ölürüm, beni kimse tutamaz...” Bəli, ölmək istəyəni kimsə tutammır zatən. Və ölmək istəyənlər bəhanəsiz ölürlər, kişi kimi...Bu qədər komik olmayın.
P.S. Ümid edirəm, bu yazı heç kimi intihar həddinə çatdırmayacaq...