Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.
məhbusun həyat yoldaşı Həcər Pənahlı “Media forum” saytına açıqlamasında deyib ki, görüş dekabrın 7-də olub: “Uşaqları da özümlə aparmışdım. Neməti heç yaxşı görmədim. Əlləri o qədər şişib ki, heç nə tuta bilmir...
Əvvəllər açıq görüş verirdilər. İndi Neməti dəmir arakəsmələrin arxasından buraxmadılar. Bilsəydim uşaqları görüşə aparmazdım. Bu vəziyyət onlara pis təsir edir. Uşaqların ürəyi o qədər qırılıb ki...
Gedəndə Nemətə kitablar aparmışdım. Seyid Yəhya Bakuvinin “Səfa əl Əsrar” kitabı da vardı. Kitabı həbsxanaya buraxmadılar. İzahat belə oldu ki, dini kitabdır”.
6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.