Xaliq Bahadır
1848-ci ildə yayılmış “Komunist Partiyasının Manifesti”ndə belə bir yer vardı: “Bu gün Avropada bir kabus - komunizm kabusu dolaşmaqdadır”. Bu gün Azərbaycanda bütünlüklə başqa bir kabus - biznes kabusu dolaşmaqdadır. Bu, Əliyevlər ailəsinin bütün Azərbaycanı sarmış Ailə biznesidir. Ayrıca olaraq MTN, polis, bütövlükdə, məhkəmə-hüquq sistemi başda olmaqla bütün dəvlət qurumları tapşırığa uyğun olaraq bu biznesi qorumağa yükümlüdür. Azərbaycan dövlətini, dövlətçiliyini özünün əlaltı mexanizminə çevirən bu biznesi qorumaq dövləti, dövlətçiliyi qorumaq statusundan qat-qat üstün status daşıyır. Buna görə ölkənin bugünkü, yarınkı gerçək uğurunu, sağlam gələcəyini düşünən kimsələrin hamısı bir-bir sıradan çıxarılır, dustaq edilir.
1993-dən (gerçəkdə, 1969-dan başlayan) bir sürəc bitmək bilmir: ölkəyə, dövlətə gərəkli adamlar, düşünən başlar, Azərbaycan sevgisini başda tutan kimsələr çeşidli yollarla repressiyaya uğradılır, bütün ölkə boyunca başsız KÜTLƏ yaratmaq siyasəti yürüdülür. Təhsil, Sağlamlıq sistemlərinin dağıdılması, korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ çevrilməsi - bütün bunlar eləcə KÜTLƏ yetişdirmək üçün deyil, bütövlükdə, istər mənəvi, istərsə də fiziki baxımdan sağlam olmayan MANQURT-DEBIL KÜTLƏ yetişdirmək üçündür! Belələri isə, bəlli olduğu kimi, hüquq nə olduğunu bilməyən, hüquq anlayışından bütünlüklə uzaq, yalnız işlətməyə yarayan dinməz-söyləməz KÖLƏLƏR deməkdir. Hələ 19-cu yüzillikdə, iki yüz il bundan qabaq, A.S.Puşkin demişdi: “Özgürlük kölənin nəyinə gərək”. Bugünkü Azərbaycan gerçəkliyindən göründüyü kimi, Əliyevlər ailəsinin Puşkindən öyrənib-bildiyi yalnız budur. Baxın, 1993-dən bu yana onlar ailəliklə durmadan insan özgürlüyünün başlıca tapınağı olaraq tanınan Avropanı gəzib-dolaşır, ilin çoxunu Avropada keçirir (Azərbaycanın milyonlarla pulunu sağa-sola zibil kimi səpələməklə), bütün bunların üstündən Azərbaycanı köləlik bataqlığına batırdıqca daha artıq batırmağa, ölkəni Avropa sınırlarında ayrıca diktatura KONSLAGERINƏ çevirməyə çalışırlar.
Lap elə araşdırmaçı jurnalist Xədicə Ismayılın tutulduğu günlərdə onlardan birinin səsi Parisdən, o birinin səsi başqa bir Avropa ölkəsindən gəlir. Avropada mədəniyət sərgiləri keçirir, Avropanın ekoloji baxımdan ən üstün ölkəsində ekologiya - “ətraf mühiti qoruma” görüşləri keçirirlər. Azərbaycandasa, tək elə televiziyalarından göründüyü kimi, adına “mədəniyət” dedikləri yeməklərin “çox yağlı” bişirilməsi faktından uzağa getmir. Tək elə mən qazsızlıq üzündən Azərbaycan meşələrinin vəhşicəsinə qırılması faktından, bu faktın ölkəni qaçılmaz olaraq EKOLOJI katastrofa apardığından illərlə dönə-dönə yazmışam. Bütünlüklə Ailənin əlində olan televiziyalar illərlə bu yöndə susmağa üstünlük veriblər, verirlər. Bu isə meşə-odun mafiyasının uşaq-muşaq əlində olmadığının danılmaz göstəricisidir. Bakıdan 200 km. çevrədə belə, Azərbaycan köylərini qazsız qoyan prezident seçkiqabağı (prezident seçkisi) “platformasında” Avropaya 2 TRILYON kub metr qaz boyun olur. Bir yandan özünü üçüncü yol prezident “seçdirmək”, o biri yandan, çoxdan sürdürdüyü repressiyaları daha dərindən, daha etkili-effektli sürdürmək üçün! Budur, indi Ailə yalnız susmayan kişiləri deyil, susmayan qadınları da SUSDURMAQ qərarı verir. Bunlar Azərbaycanı satmaqla sürdürülən repressiya siyasətləridir.
Kimlərsə repressiya siyasətinə qarşı çıxmaq adı altında yalançı bildirgələr yayaraq “padşah yaxşıdır, ətrafı pis” düşüncəsi biçimləməyə çalışırlar. Xalqı aldatmaq baxımından bu, açıq satqınlıqdan daha artıq satqınlıqdır. Xədicə Ismayıl qorxub-çəkinmədən Əliyevlər ailəsinin Azərbaycanı milyardlarla gəlir gətirən bütöv bir biznes obyektinə çevirmələri faktını ortaya qoymaqla qalmayıb, bu biznesin Azərbaycan baza olmaqla, ölkə sınırlarını aşaraq Sinqapurdan Vircin adalarınadək az qala bütün dünyanı sarması faktını konkret araşdırma materialları ilə ortaya qoyub. Xədicə Ismayıl bu materiallarla eləcə də dünyanın ən bahalı kostyumlarını geyinən bir adamı dünya media alanına çıxararaq deyib: “Baxın, kral lütdür!” Bundan sonra özü özünü görüb acıqlanan kral, kral ailəsi Xədicə Ismayılın tutulmasına SANKSIYA verib. Prokurorluq özünün əlaltı funksiyasını yerinə yetirərək sanksiyanı gerçəkləşdirməyə girişib. Gerçəklik budur.
Ortada başqa bir gerçəklik də var: bizdəki Prezident Administrasiyasının özü üçün, öz siyasətinə, siyasi düşüncəsinə uyğun yaratdığı gerçəklik. Başqa cür desək, toxunulmaqzlıq gerçəyi. Uzun illər adı var, özü yox durumunda olan “prezidentin mətbuat xidməti” son çağlar bildirgə-bəyanat konveyerinə çevrilib. “Mətbuat xidməti” Hacı Rauf Arifoğlunun “YeMi” sayaq “adımı sənə qoyaram” axarında ABŞ hökumətini, ABŞ dövlətini min bir qınağa tutur. “Mətbuat xidməti” Ilham Əliyev alimi kabinetindən qovduğu kimi ABŞ-ı “sivil” dövlətlərin sırasından qovub uzaqlaşdırmağa çalışır. “Mətbuat xidmətinin” sonuncu bildirgəsinə baxın: “Hər hansı bir beynəlxalq qurum ABŞ Dövlət Departamentinə digər ölkələrdə baş verən proseslərlə bağlı mühakimə yürütmək üçün heç bir səlahiyyət verməyib”. Sən demə, Hacı Rauf Arifoğlu mandat, başqa nələrsə almaq üçün bunlara qulluq etiyi kimi, ABŞ da “səlahiyyət” mandatı almaq üçün bunlara qulluq yolu tutmalıymış. ABŞ ha! Dünyanın super dövləti!! ABŞ Pentaqondan, HATO-dan qat-qat artıq ona trilyonlar qazandıran güclü ekonomikaya yiyəlik edən dövlətdir. Buna görə də dünyanın bu başından o başına əl uzadan, əl yetirən, başqa cür desək, əliuzun dövlətdir. Sənsə erməni terror dəstəsinə yenilən, Qarabağı qaytarmağa (belə istək varsa) gücü çatmayan, bundan yana - Qarabağı qaytarın!- yalvar-yaxarıyla başqalarına yovuncu düşən, topraq bütünlüyünü itirən dövlətcik.
Rejimin ABŞ üzərinə son aqressiv YÜRÜŞLƏRI, Dərbənd başda olmaqla, iki yüz ildən bu yana Azərbaycanı parça-parça edən, Azərbaycan topraqlarında qanlı qırğın yoluyla “Ermənistan” yaradan, indilikdə Qarabağı əlimizdən alan, Xocalı faciəsini törədən Rusiyaya bir belə yaxınlaşması - bütün bunlar 21 illik “Qarabağı qaytarma” görüş-gəzintilərinin yalançı-xəyanətkar xarakterini bütünlüklə açıb ortaya qoyur. Rejim başçısının özünün bugünlər açıb ortaya qoyduğu başqa bir fakt bu rejimin ideya-siyasi portretini çox gözəl bəlirləyir. Rusiya televiziyası ilə çıxışında görün “Azərbaycan prezidenti” adlanan adam nə deyir: “...müstəqilliyin ilk illərində, Xalq Cəbhəsi hakimiyətdə olanda vəziyyət tamamilə başqa idi. O vaxt dözümsüzlük, əslində, dövlət siysəti səviyyəsinə qaldırılmışdı. Mənfi münasibətlər, qeyri-yerli əhalinin sıxışdırılması cəhdləri - bütün bunlar gözümüzün qarşısında olub. Həmin illər ölkəmiz, xalqımız üçün milli rüsvayçılıq illəri idi...” Baxın, “bütün bunlar gözümüzün qarşısında olub” deyən adam o çağlar Moskvada kiçik biznesə uğraşmışdı, üstəlik, indiki çıxışlarından-davranışlarından da göründüyü kimi, onda Azərbaycan sevgisi olmayıb, yoxdur. O çağlar - o rüsvayçılıq illərində! - dünyada Azərbaycan xalqına ILIN XALQI adı verilmişdi. O çağlar - o rüsvayçılıq illərində! - Ilham Əliyevin yaşıdları könüllü olaraq Qarabağ-Azərbaycan uğrunda ermənilərlə ölüm-dirim savaşına yollanırdılar. Beləcə, o çağlar - o rüsvayçılıq illərində! - Ilham Əliyev Moskvada kiçik biznesə uğraşırkən onun Azərbaycandakı minlərlə yaşıdı Qarabağ uğrunda, Azərbaycanın bütövlüyü uğrunda ŞƏHID oldu. Ilham Əliyev indi açıq-açığına onların ruhunu təhqir edir!
Ermənilər əski Azərbaycan topraqları “Ermənistanı” qanlı qırğın yoluyla boşaltdıqdan, sonra bizi qanlı qırğın yoluyla Qarabağdan qovmağa girişmişdilər. Onların “Ermənistan”dan, Qarabağdan qanlı qırğın yoluyla qovduğu adamlar gəlib Bakıya dolmuşdular. Bakıda, onların gözünün qarşısında iki yüz min erməni yaşayırdı. Onlar - doğmalarını, yurd-yuvalarını, ev-eşiklərini itirmiş adamlar - Ilham Əliyevin düşüncəsinə görə nə etməliydilər? Bəlkə, Bakıda ermənilərə nökərçilik etməliydilər? Indi Ilham Əliyevin “O vaxt dözümsüzlük, əslində, dövlət siyasəti səviyyəsinə qaldırılmışdı” deməsi yaranışından dözümlü, özündən çox özgəni sevən Azərbaycan xalına TƏHQIRDIR, topraqlarımızı tutmaq, adamlarımızı qırmaq yoluyla ermənilərin savaşa çəkdiyi Azərbaycan yurdsevərlərinə, Azərbaycan şəhidlərinə TƏHQIRDIR. Görün Azərbaycanda rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən adam dinc, barışsevər Azərbaycan xalqını, hər hansı aqressiyadan uzaq Azərbaycan dövlətini nələrdə suçlayır! Oxuyun, tanış olun, Qarabağ savaşçılarına, dünənki, bugünkü Azərbaycan yurdsevərlərinə bu rejimin düşməncəsinə yanaşmasının haralardan qaynaqlandığını bilin!
(Istər-istəməz Əkrəm Əylislinin qondarma “Daş yuxuları”nı anmalı oluruq. Ilham Əliyevin Rusiya televiziyasına dediyini Əkrəm Əylisli “Daş yuxularda” deyib - yalan yazıb, yox yerdən xalqımızı, dövlətimizi qaralayıb. “Buna görə” onun “xalq yazıçısı” adı, “Şöhrət ordeni” alındı. Indi göründüyü kimi, gerçəklik bu deyildi. Gerçəklik Əkrəm Əylislinin o “romanda” ata Əliyevi aşağılaması idi).
Qarabağ əlili Zaur Həsənovun ölümündə birbaşa suçlu olan Səttar Mehbalıyevin yerinə... Xədicə Ismayılın tutulması bütünlüklə qanunauyğunluqdur - rejim qanunauyğunluğu! Biz desək də belədir, deməsək də. Biz istəsək də belədir, istəməsək də. Birinci biznes-repressiya hakimiyətindəndir, ikinci bu hakimiyətə qarşıdır. Hara gedirik? Bunlar siyasi-ideoloji baxışlarının bənzərliyi üzündən Azərbaycanı batan Rusiya ilə birgə batmağa sürükləyirlər. Biznesi qorumaq Dövləti qorumaqdan üstün tutulur...