Mətanət İsgəndərli: “Dizin-dizin sürünsəm belə, heç kimə xəyanət etmərəm”
Əməkdar artist Mətanət İsgəndərli növbəti klipini sevənlərinin ixtiyarına verdi. Belə ki, ifaçı ötən həftə mətbuat nümayəndələrini başına cəm edib, yeni “Danışmayacağam” adlı klipini təqdim etdi. Sevdiyi şəxsi yarı yolda qoyan, nakam sevgidən bəhs edən klipdən razı qaldığını söyləyən Mətanət İsgəndərli “Kaspi” qəzetinə eksklüziv müsahibəsində belə hadisələrin həyatda da baş verdiyini bildirdi.
Məndən xəbərsiz klip çəkilmişdi
- Mətanət xanım, sizdən belə bir klip gözləmirdik. Bizi təəccübləndirdiniz...
- Mən hər zaman tamaşaçıları təəccübləndirməyi xoşlamışam. Klipin rejissoru Ceyhun Kərimov gənc olmağına baxmayaraq, çox istedadlıdır. Bir gün Ceyhun mənə yaxınlaşıb söylədi ki, mahnılarınızı çox bəyənirəm. Onlardan birini mənə həvalə etsəniz, gözəl bir klip hazırlayaram. Mən isə Ceyhuna hansı mahnımı istəyirsə, ona da klip çəkə biləcəyini söylədim. O isə mənim mahnılarımın biri-birindən maraqlı olduğunu bildirdi. Klipin çəkilişləri ilə özü məşğul oldu. “Danışmayacağam” çoxdan yazdırdığım bir mahnı olsa da, klipi yox idi. Bu klip məhz Ceyhun Kərimovun istəyi ilə çəkildi və meydana gəldi. Yenə də son söz tamaşaçılarındır. Gördüyünüz layihəyə klip deməzdim, buna qısametrajlı film deyərdim. Bu formada ilk dəfədir klip görürəm. Kliplə bağlı fikir çoxdan yaranmışdı. Lakin müxtəlif səbəblərdən reallaşdıra bilmirdik. Qismət indiyə imiş. Düzü, təqdimatını keçirib-keçirməmək məsələsində də xeyli düşündüm. Ancaq yaxşı ki, elədik. Nəticədən çox razıyam. Onu da nəzərinizə çatdırım ki, mənim “Taleyim” mahnıma da məndən xəbərsiz klip çəkilmişdi. Onun nə rejissorunu, nə də layihə rəhbərini tanımıram. Efirlərdə də həmin klip gedirdi.
- Klipin süjet xəttində olan belə bir hadisə ilə qarşılaşsaydınız, necə addım atardınız?
- Düşüncəsi olan şəxs doğrudan da fikirləşir ki, elə bir vicdansız insan olarmı? Adamın bütün dünyası boşalır. Bir anlıq dünya insanın başına uçur. Bu qədər vicdansızlıq, Allahsızlıq, insana yaraşmayan xasiyyət olarmı? Demək ki, burada sevgi yalan və saxtadır. Mən heç nə etməyib onu Allaha tapşırardım. Qadınlar hər zaman fədakar olur. Ən çox vəfasızlıq kişilərdə olur. Mən heç zaman elə bir Allahsızlıq etmərəm. Hər kəs yaxşı bilir ki, mən dar günün dostuyam. Dostlarım da təsdiqləyə bilər ki, hər zaman yıxılan adamın yanında olmuşam. Görsəm ki, hər kəs bir insanın başına toplaşıb, mən o zaman o insandan kənar gəzərəm. Təbiətim belədir.
- Mətanət xamım, özəl həyatınızda “onu heç vaxt atmaram” deyə biləcək birisi varmı?
- Nə sən məni atansan,
Nə mən səni unudan,
Qollarım beşik olsun,
Gəl uzan qollarıma.
Hər bir insan özü üçün cavabdehdir. Sizə dəqiq deyə bilmərəm (gülür).
Heç kimə xəyanət edə bilmərəm
- Gözləriniz sizi ələ verir.
- (Gülürük) Əslində, elə bir insan var. Ancaq mən o insana cavabdeh deyiləm. Hər şeyi zaman göstərəcək. İnsan çiy süd əmib. Sabah nə olacaq, heç kim deyə bilməz. Kimin kimə etibarsızlıq edəcəyini zamanla görəcəyik. Özüm bilirəm ki, nə etibarsızam, nə də… İnsan özünü tanıdığı qədər qarşı tərəfi tanıya bilməz. Mən heç kimə xəyanət edə bilmərəm. Xüsusilə də sevdiyim adama. Dizin-dizin sürünsəm belə, heç kimə xəyanət etmərəm.
- Hazırda hansı işlərlə məşğulsunuz?
- Üzərində işlədiyim mahnılar var. 2 yeni mahnımı Yeni illə bağlı çəkilən bayram verilişlərində oxuyacağam. Lakin 2 mahnımı kliplə birgə sevənlərimin ixtiyarına verməyi düşünürəm. Düzdür, bir az səbirsizəm. Çox demişəm ki, kliplə birgə təqdim edəcəyəm, ancaq sonradan səbrim çatmayıb, mahnını klipsiz təqdim eləmişəm. Mahnı seviləndən sonra isə klipə ehtiyac görməmişəm. Əsas odur ki, gələn il üçün hələlik nəzərdə tutduğum 2 klip var. Onlardan birinin sözləri Azərbaycanın sevimli yazarı Sona xanım Vəliyevanındır.
“Qərib payız” dalğası əsdirəcəm
- Sona xanımın hansı əsərinə müraciət etmisiniz?
- Sona xanımın möhtəşəm bir əsərini ifa edəcəyəm. Mahnının adı “Qərib payız” adlanır. Bu mahnı vasitəsilə də Sona xanımla tanış oldum. Bizim tanışlığımızdan əvvəl qeyd edim ki, mahnının sözlərində o insanın daxili aləmini gördüm. Bu mahnının yazılma anı mənim heç yadımdan çıxmır. Ruslan Səfəroğlu onu lentə alıb. Səsyazma studiyasından çıxanda gördüm ki, oğlum Kərim ağlayır. Onu gördükdə məni də ağlamaq tutdu. İkimiz də sakitcə maşında oturduq və mahnını yenidən dəfələrlə dinlədik. Oğlum üzünü o yana, mən isə onun əks istiqamətinə tutub ağlamağa başladım. Oğlumun ağlamağını heç zaman görməmişdim. O məndən göz yaşlarını gizlədir, mən isə ondan. Kərim istəmir ki, mən onun göz yaşlarını görüm, mən də istəmirəm ki, o mənim göz yaşlarımı görsün. Ümumiyyətlə ana övladının yanında ağlayanda övlada pis təsir göstərir. Bildiyiniz kimi, mənim ilk dinləyicim oğlumdur. Mahnılarıma qiyməti o verir. O desə ki, bu mahnı yaxşıdır, bilirəm ki, o mahnı tutacaq. O hər hansı bir mahnıya ağzını büzdüsə, artıq bilirəm ki, bu mahnı tutmayacaq.
Çox istəyirəm o mahnını sizə zümzümə edim:
Dinləyin yarpaqlar dilindən məni.
Deyin ki, qonağam ayrılıqlara.
Alın bu payızın əlindən məni,
Alın bu payızın əlindən məni...
Bu necə payızdır bu necə, Allah
Budaqda saralan min ümid ölür.
Yarpaq qırğınına azğın küləklər
Bilmirsən ağlayır, bilmirsən gülür...
Dünyanı sarıya boyayan payız
Günəşi gizlədib yarpaqlarında
Qərib məmləkətdə ruhum sızlayır
Yağmurun titrəşən barmaqlarında...
Bu əsər ortaya çıxdıqdan sonra Sona xanımın yaradıcılığına bir daha müraciət etmək fikrindəyəm.
- Dediyiniz kliplərin sırasında bu əsər varmı?
- Bəli. Mahnıya klip çəkdirmək istəyirəm. Mən bunu hər kəsdən sirr saxlayırdım. Ancaq sizdən nəsə gizlətmək görürəm ki, mümkün deyil (gülür). Həmin mahnını başqa bir rejissora vermişəm. Hal-hazırda üzərində iş gedir. Hələ ki klip üçün ssenari yazılır. Ondan sonra çəkilişlər başlayacaq. Hələ də tərəddüd edirik ki, həmin mahnıda süjet olsun, yoxsa olmasın. Mən bu barədə Sona xanımla məsləhətləşmək istəyirəm. Ancaq təxmini də onun fikirlərini bilirəm ki, mahnının sözləri hansı hisslərdən yaranıb.
- Mahnı ilə ilk tanışlığınız necə yarandı?
- O əsəri mənə mahnının bəstəkarı Ruslan Səfəroğlu təqdim etdi. Dedi ki, belə bir möhtəşəm əsər var. Əgər mahnı mənim ruhuma yaxın olmasa, o, mənim ifamda gözəl alınmır. Oxudum və dedim ki, bu mənlikdir. Möhtəşəm bir mahnıdır. Mən heç zaman öncədən ifa edəcəyim mahnını bu qədər tərifləməmişəm (Bacısı Təranəni çağırır). Bu bacım heç zaman mahnıdan təsirlənib, ağlamayıb, ancaq o mahnını ilk dəfə dinləyəndə, o da ağladı. İlk dəfə idi ki, bacımın hansısa mahnını dinləyəndə ağladığını görürdüm.
- Mətanət xanım, sonuncu konsertinizin zamanını artıq unutmuşuq. Konsert verməyi düşünürsünüzmü?
- İllərdir konsert vermək istəyirəm. Mənim qazancım toylardandır. İşgüzar qadınam. Həm evə çörək gətirirəm, həm də sənətlə məşğulam. Toy sənət deyil. Konsert isə vacibdir, lakin mənə qismət olmur. Toylardan vaxt tapmıram, 25 ildir el şənliklərindəyəm. Yoruluram. Məhərrəmlik ayında konsert vermək istədim, sonra fikirləşdim ki, tənqid edərlər. Mən konsertə hazıram, ansamblım, repertuarım hazırdır, 500-dən çox mahnım var. Sponsorlar konsert təşkil etsin, çıxım oxuyum, pul isə istəmirəm. Xaricdən müğənni gətirib 300 min pul verirlər. Təkliflər də olur, amma təkliflər məni qane etməyib.