Ərəstun Oruclu: “Münasibətlərdə daha ciddi amillər var”
Azərbaycan hakimiyyətini Qərbin təzyiqlərindən Rusiyanın qoruması ilə bağlı ciddi bəyanatlar səsləndirilməkdədir. Bir çox ekspertlərə görə, rəsmi Bakı müəyyən mənada balanslı siyasət yeritməklə hər iki qütblə məsafəli olub. Azərbaycan uzun müddətdir ki, Rusiya ilə yaxından əməkdaşlıq etsə də, Qərblə regional siyasi proseslərdə, o cümlədən enerji məsələlərində əməkdaşlıq edib. Doğrudur, Qərbdə Bakının ölkə daxilindəki antidemokratik addımları tənqid etsələr də, Bakı ilə dialoq xəttinə üstünlük veriblər, nəinki təzyiq göstərmək.
Bir çox müşahidəçilərə görə, Bakını Qərbin təzyiqlərindən qoruyan Rusiyadır. Yəni Qərbdə hesab edirlər ki, Azərbaycana təzyiqlər artsa Bakı Rusiya ilə daha da yaxınlaşacaq və birgə əməkdaşlıq layihələri zərbə altına düşə bilər. Bu səbəbdən də artıq uzun illərdir ki, Bakı ilə dialoq və əməkdaşlıq xətti götürülməklə tədrici dəyişikliyə sövq etdirmə siyasəti davam etdirilir.
Bəs indi durum necədir? Azərbaycanda Qərb təsisatlarına qarşı açıq savaş aparıldığı bir zamanda bu siyasət davam edirmi? Politoloq Ərəstun Oruclunun fikrincə, indi qlobal siyasət dəyişib və Rusiya xeyli dərəcədə təklənmiş və zəiflədilmiş duruma düşüb: “Yəni Azərbaycan hakimiyyəti Qərbi belə deyək, bununla şantaj edib ki, təzyiqlər olacağı təqdirdə Rusiya tərəfə keçə bilər. Əslində müstəqil adlandırılan siyasi xəttin əsas mexanizmi də bu cür özünü qorumaq idi. İndi də Qərbdə də bu xəttin tərəfdarları var. Hesab edirlər ki, həqiqətən də Azərbaycan hökumətini çox sıxmaq mümkün deyil, Rusiyaya bağlanacaq. Ancaq indi bu iddia faktiki olaraq özünü doğrultmayıb. Çünki indi Rusiyanın özündə vəziyyət dəyişib. Artıq vəziyyət hakimiyyət böhranı həddinə çatıb. Demək olar ki, hər gün Rusiya oliqarxiyası ciddi maliyyə itkilərinə məruz qalır. Rusiyada isə oliqarxiya hakimiyyət deməkdir. Yəni əgər bu mexanizm Rusiyaya bu qədər təsir edirsə, Azərbaycan hakimiyyətini sıxmaqdan niyə ehtiyatlanmalıdır. Mənə elə gəlir ki, ortada bizim bilmədiyimiz başqa amillər var”.
Ə.Oruclu deyir ki, Qərbin Azərbaycana daha çox təzyiq göstərə bilməməsinin arxasında Rusiya amili olsa da, bu, həlledici deyil, ortada ciddi faktorlar var: “Münasibətlərdə Rusiya amili var, ancaq düşünürəm ki, həlledici deyil, daha ciddi amillər var. Sadəcə olaraq biz bu prosesin detalları haqda məlumatsızıq. İnsan haqları, dmeokratiya mövzularını bir kənara qoyaq, Azərbaycanda Qərbin demək olar ki, bütün institutları məhv edilib. Avropanın, Amerikanın bütün təşkilatları sıradan çıxarılıb. Artıq Qərb institutları ilə əməkdaşlıq edən şəxslərə keçiblər. O zaman sual olunur: Bəs Qərbin adekvat addımları niyə görünmür? Bunun səbəbi nədir? Ya Qərb Rusiya məsələsinin həllini gözləyir, Rusiya məsələsində müəyyən bir aydınlaşma olanda bunlara da təsiri olacaq. Ya da ki, həqiqətən də bizim bilmədiyimiz başqa nüanslar var”.
Azərbaycana Qərbdən güclü təzyiq olacağı təqdirdə hakimiyyətin tamamilə Rusiyanın tərəfinə keçəcəyi və hərbi, siyasi, iqtisadi cəhətdən Moskvanın yanında olacağı ehtimalı hər zaman aktual olsa da, həmsöhbətimiz deyir ki, indiki situasiyada Rusiya özü çətin duruma düşdüyü üçün bu faktor nisbətən zəifləyib: “Onsuz da Azərbaycan Rusiya ilə yaxından əməkdaşlıq edir və hazırda çox sürətlə də yaxınlaşır. Bu gün Azərbaycanın hərbi sahədə Rusiya ilə əməkdaşlığı daha böyük həcmlidir, nəinki Qərblə. Rəsmi Bakının Qərblə əməkdaşlığının əksər istiqamətləri imitasiya xarakter daşıyır, yaxud da ümumiyyətlə, qərb sabotaj olunur. Azərbaycan hakimiyyəti hansı Rusiyaya doğru gedəcək, Rusiya özü indi hansı durumdadır?
İndi Rusiya ekspertləri özləri etiraf edir ki, Qərblə çövcud münasibətlər azı iki il davam edəcək. Əgər bu vəziyyət iki il davam edəcəksə, o zaman təsəvvür edin ki, Rusiyanın durumu necə olacaq? Belə bir vəziyyətdə olan Rusiya Azərbaycan hakimiyyətinə lazımdırmı? Heç iki ildən sonrakı deyil, bu günkü Rusiyanın durumuna baxsaq, belə bir ölkə Azərbaycana lazımdırmı? Məncə yox. Ona görə də düşünürəm ki, indiki vəziyyətdə bir qədər anlaşılmazlıq var. Məlum deyil ki, hansı səbəbdən Qərb Azərbaycana qarşı ehtiyatlı siyasət aparır”.