Putinin imperiya sevinci

11-12-2014, 20:39   
Putinin imperiya sevinci“Rusiya əvvəlki möhtəşəm dövrünə qayıdır”
“The Time” jurnalı Vladimir Putinlə bağlı maraqlı təhlil yazısı hazırlayıb. 2014-cü ildə “İlin adamı”nı müəyyən etmək istəyən media orqanı hansı səbəblərdən Rusiya prezidentini də bu nominasiya üzrə namizədlər sırasına daxil etdiyini açıqlayır. Düzdür, bu nominasiyanın qalibi Ebola virusuna qarşı mübarizə aparan cərrah olub. Ancaq jurnal “İlin adamı” nominasiyasına digər namizədlər haqqında da geniş məlumat verib.


Jurnal yazır ki, Kremldəki sarayların birində Rusiya krallarının və istilaçılarının portretləri asılıb. O sırada Yuri Dolqoruki və I Pyotr da var: “Bu şəxsləri birləşdirən bir oxşar cəhət var. Onların hamısı istilaçı idi. Onların istila etdikləri ölkələr hesabına Rusiya genişlənərək dünyanın ən böyük dövlətinə çevrildi. Ən azı bu kriteriya baxımından 2014-cü ildə Putinin də portreti bu sırada olmalıdır. Onun Krımı ilhaq etmək qərarı SSRİ dağıldıqdan sonra bir ilkə imza atmaq idi. İlk dəfə idi ki, SSRİ dağılandan sonra Rusiya ərazisi başqa bir ölkənin, yəni Ukraynanın hesabına genişləndi”. Məqalədə deyilir ki, SSRİ-nin dağılması bir çoxları üçün fəlakət xarakterli idi. SSRİ dünya miqyasında nəhəng ölkə idi və dünyanın super-güclərindən biri sayılırdı. Sonra isə nəhəng imperiya dağıldı və yerində korrupsiyaya uğramış bir neft ölkəsi yarandı. İş o yerə çatdı ki, Mixail Qorbaçov da Krımın ilhaqına müsbət yanaşma sərgilədi. “Rusiyanı sıxışdırıb bir kənara atmışdılar, siyasi meydandan kənarda qalmışdıq. Onlar istəyirdilər ki, biz özümüzü kiçik hiss edək. Ancaq Putinin müstəqil şəkildə qərar qəbul etməsi vəziyyəti dəyişdi”, keçmiş SSRİ prezidenti bildirib.

Jurnal qeyd edir ki, Krımın ilhaqından sonra Rusiyada Putinin reytinqi ağlasığmaz dərəcədə yüksəldi: “2008-ci ildə Putin tankları Gürcüstana göndərəndən sonra da Rusiyada belə populyar olmuşdu. O vaxt Moskva Qərbə meydan oxudu”.

Krımın Rusiya tərəfindən ilhaq olunması ölkədə intibah kimi dəyərləndirilir. : “Ancaq Krımın ilhaqından sonra bizim insanlarda belə bir təəssürat yarandı ki, Rusiya əvvəlki möhtəşəm dövrünə doğru geri qayıdır. SSRİ dağıldıqdan sonra özünü alçalmış və təhqir olunmuş sayan insanların kökləndiyi natamamlıq kompleksi aradan qaldırıldı.

Məqalədə deyilir ki, SSRİ dağılan ərəfədə Vladimir Putin KQB-də xidmət edirdi. O, çalışırdı ki, xidmət etdiyi nazirliyin Şərqi Almaniyanın Drezden şəhərində nüfuzunu qoruyub saxlasın.İndi isə onun səlahiyyətləri daha çoxdur...

Putinin qarşıya qoyduğu əsas vəzifə Rusiyanın keçmiş əzəmətini bərpa etməkdən ibarətdir: “Ancaq onun Krımı ilhaq etməsi Rusiyaya və dünyaya çox baha başa gəldi. Xüsusən Ukrayna səmasında sərnişin təyyarəsinin vurulması və 300 nəfər yaxın insanın ölümü Putinə Qərbdə olan xoş münasibəti kökündən dəyişdi”.

Martda Rusiyanı G-8-dən kənara atdılar, noyabrda isə Rusiyanı G-20-də kəskin şəkildə tənqid etdilər.

Almaniyanın Rusiyaya qarşı kəskin mövqedə olması vəziyyəti daha da pisləşdirdi. Rubl ilin əvvəlində olan dəyərinin 40 faizini itirdi. İnflyasiya qaçılmaz hala gəlib çıxdı.

“The Time” sual edir ki, bir qurtum “imperiya sevinci” bütün bu itkilərə dəyərdimi. Axı Krımın ilhaqı ilə Rusiyanın çiçəklənməsi layihəsi yerini iqtisadi tənəzzülə buraxdı. Ancaq Rusiyada çoxları elə hesab edir ki, SSRİ dağıldıqdan sonra ABŞ dünyada vahid güc mərkəzi kimi çıxış etməyə başladı. İndi isə Rusiya Qərbin liberal dəyərlərə söykənən modelinə alternativ olaraq ortaya çıxmaq istəyir. Məqalədə qeyd olunur ki, bu cəhddən doğan müəyyən uğurlar da var: “Fransa və Britaniyada olan sağçı partiyalar, əlbəttə, buraya Mərkəzi və Şərqi Avropadakı sağçı mərkəzləri də əlavə etmək olar, utanıb-qızarmadan Putinə öz heyranlıqların nümayiş etdirirlər. Bu model köhnə olsa da Putinin populyarlığı bütün dünyada artır. Xüsusən XXI əsrdə dünyada özünə layiqli yer tapa bilməyənlər ona sığınırlar.

“Putin özü çətinliklərlə üzləşib. Çünki Qərb Rusiya istilası qarşısında ona qarşı birləşir və bu birlik getdikcə möhkəmlənir. Rusiya iqtisadiyyatı isə ayağını sürüyür”. Hələ çətinliklər qabaqdadır. Bir azdan rusiyalılar bu çətinliyin ağrılarını daha dərindən hiss edəcəklər. Ancaq ruslar onu da unutmayıblar ki, bir vaxtı onlar dünyanın altıda birinə nəzarət edirdilər. Və bu amili nəzərə alan Putinin xalq arasında reytinqi artır...

Elbəyi Həsənli, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.