«ABŞ və Avropa İlham Əliyevə xatırlatmalıdır ki, bu amansız ambisiyası uğurlu olmayacaq...»
Nüfuzlu qəzet Azərbaycandakı quruluşu “Sultanlıq” adlandırdı: «Monarxlar Xədicə Ismayılı həbslə susdurmağa çalışır...»
Dünyanın ən nüfuzlu nəşrlərindən olan “The Washington Post” ABŞ və Avropanı Azərbaycandakı repressiyaları dayandırmaq üçün qəti tədbirlər görməyə çağırıb. “Azərbaycan araşdırmaçı jurnalisti həbsə atdı” başlığıyla yayımlanan məqalədə Xədicə Ismayılın həbsi fonunda bu ölkədə yaranmış acınacaqlı durumdan bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:
***
Xədicə Ismayılovanın gördüyü iş istənilən ölkə üçün həyati əhəmiyyət kəsb edir. Lakin Azərbaycan kimi neftlə zəngin sultanlıqda bu işi görmək xüsusi cəsarət tələb edir. Bu sultanlığa Sovet Ittifaqı dağılana qədər də, ondan sonra da Heydər Əliyev rəhbərlik edirdi. 2003-cü ildə onun ölümündən sonra hakimiyyət oğlu Ilham Əliyevə keçdi. Hazırda da ölkənin prezidenti odur.
Son illər xanım Ismayıl hakim ailənin gizli sərvətilə bağlı araşdırmalar aparırdı. O, həmin sərvətin gizli sövdələşmələr vasitəsilə necə əldə olunmasına dair sübutlar ortaya qoymuşdu. Indi monarxlar cavab zərbəsi endirərək, onu həbslə susdurmağa çalışır. Bu, Azərbaycanın insan hüquqları və demokratiya baxımından necə qəddar bir yerə çevrildiyini sübut edən son nümunələrdəndir.
“Azadlıq” radiosunun əməkdaşı olan xanım Ismayıl dəfələrlə hakimiyyətin təzyiqlərinə məruz qalıb. Hələ 2012-ci ildə ona məktub vasitəsilə xəbərdarlıq edilmişdi ki, Əliyevin ailəsinin Bakıdakı bahalı tikinti layihələrində iştirakına dair araşdırmasını dayandırsın. Bu ilin əvvəlində isə istintaqa çağırılaraq, ABŞ Senatının iki əməkdaşı ilə Bakıda görüş zamanı onlara dövlət sirlərini ötürməkdə günahlandırıldı. Həmçinin bu ilin oktyabrında o, Bakı aeroportunda 4 saat saxlanılmışdı. Ardınca ölkədən çıxışına qadağa qoyuldu. Dekabrın 5-də isə həbs olundu. Açıq-aşkar saxta ittihamla onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. Guya, o, kimisə özünə qəsdə vadar edib.
Hələ fevral ayında Xədicə Ismayıl “Əgər həbs olunsam...” adı altında bəyanat yaymışdı. Həmin bəyanatda bildirirdi ki, həbs olunarsa, yeganə səbəb araşdırmalarıdır. “Mənim gördüyüm iş hakimiyyəti narahat edir”, - deyə Xədicə Ismayıl yazırdı. Ona qarşı məhz belə də davrandılar.
Xədicə Ismayılın həbsi Əliyevin sağ əli sayılan Ramiz Mehdiyevin dekabrın 4-də dərc olunan 60 səhifəlik manifesti fonunda baş verdi. Həmin yazıda Mehdiyev iddia edirdi ki, Birləşmiş Ştatlar bu ilin əvvəlində Ukraynada baş verənlərin təkrarlanması, yəni, Əliyevin devrilməsi üçün müxalifətlə razılaşıb. Cənab Mehdiyev Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarınının “beşinci kolon”undan şikayətlənir. Mehdiyevin yazdığı bir səhifə sanki birbaşa Rusiya prezidenti Vladimir Putinin paranoyyasından götürülüb, onun vətəndaş cəmiyyətini boğmaq cəhdlərini təkrarlayıb. Həmin manifestdə Mehdiyev xanım Ismayılovanın adını çəkərək onu birbaşa tənqid edib. Yazıb ki, onun informasiyaları xarici casuslar tərəfindən ötürülür.
Bütün bunlardan əlavə, uzun illərdir insan haqları uğrunda mübarizə aparan Leyla Yunus da həbsdədir. Onun həbsdən azad edilməsi üçün Azərbaycan hökumətinin ünvanına səslənən çağırışlara baxmayaraq, Leyla Yunus buraxılmır. Azərbaycanda insan hüquqlarının ağır vəziyyətdə olmasına görə tez-tez hökuməti tənqid edən Leyla Yunus bu ilin iyulunda dövlətə xəyanət ittihamı ilə həbs olunub. Onun vəkilləri və yaxınları bildirir ki, xanım Yunusun vəziyyəti kəskin şəkildə pisləşib. Onun həyat yoldaşı da həbs olunub. Yunuslar da dözümsüz Əliyevin repressiya dalğasına tuş gəlmiş onlarla adamlar sırasındadır.
Azərbaycan özünün zəngin enerji ehtiyatları ilə Qərbi ələ alıb. Eyni zamanda, 2012-ci ildə fəxrlə “Eurovision” musiqi yarışmasına ev sahibliyi edib. Lakin Xəzərin sahilində vəziyyət heç də yaxşı deyil. Əliyev təkcə insanların həyatını fərdi şəkildə əzmir, bütövlükdə azadlıq anlayışını həbs etməyə çalışır. ABŞ və Avropa ona xatırlatmalıdır ki, bu amansız ambisiyası uğurlu olmayacaq və yalnız ölkəsinə ziyan vuracaq.