DOST Xəbər-in məlumatına görə, Sevinc Şuşalı Publika.az saytına müsahibə verib. Müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik:
- Sevinc xanım, musiqi təhsiliniz varmı?
- Şuşa Musiqi Texnikumunu bitirmişəm. Gənclik illərində rayon tədbirlərinin fəallarından olmuşam. Ondan sonra ailə qurub, sənətdən uzaqlaşmışam. Həyat yoldaşım dünyasını dəyişəndən sonra başqa gəlir yerim olmadığına görə, müğənniliyə qayıtmışam.
- Bəs yoldaşınız rəhmətə getməzdən əvvəl toylara getmirdiniz?
- Ailə qurana qədər məclislərdə, toylarda, tədbirlərdə iştirak edirdim. Sonra övladım dünyaya gəldi və sənətdən uzaqlaşdım. Yəni sənətə ikinci dəfə qayıtmağım maddi ehtiyacla bağlı idi. İndi də toylara gedirəm.
- Populyar sənətçilərlə eyni məclislərə düşürsünüz?
- Bəli.
- Daha çox kimlərlə?
- Tacir Şahmalıoğlu, Manaf Ağayev, Əlikram Bayramovla toylarda oluruq. Hətta Flora Kərimova ilə də müxtəlif tədbirlərdə olmuşuq.
- Adətən, populyar olmayan müğənnilər tanınmış həmkarlarından gileylənirlər ki, bizi məclislərdə saymırlar. Sizə qarşı da belə hərəkətlər olurmu?
- Əlbəttə olur. Səhnədə, məclisdə görəndə sanki can-ciyərdilər. Elə olur ki, zəng edib, hal-əhval tutursan, özlərini tanımazlığa vururlar. İnsanlıqdan çox şey asılıdır.
- Kimlər sizi görməzlikdən gəlirlər?
- Xalq artisti Qəndab Quliyeva ilə eyni toyda olmuşuq. Oğlum onun çox sevir, xanım kimi qulluğunda dayanıb. Özü nömrə vermişdi. Oğlum dəfələrlə istəyib ki, sevdiyi, bəyəndiyi xanım kimi onunla ünsiyyət qursun.
- Oğlunuzun neçə yaşı var?
- 22 yaşı var.
- Sizin neçə yaşınız var ki?
- 1974-cü ildənəm.
- Başqa kimlər sizi görməzdən gəliblər?
- Fədayə Laçınla dəfələrlə toyda olmuşuq. Zəng edirəm, hal-əhval tuturam, sanki adamı tanımır, heç tanımaq da istəmir. Elələrinin ətrafındakılar zəif adamlardır. Güclü insanlardan isə çəkinirlər, ehtiyat edirlər.
- Siz ifaçı kimi özünüzü Fədayə Laçından güclü sayırsınız?
- Heç kimin şəxsiyyəti ilə işim yoxdur. Sənətimlə hər bir kəsin qarşısında sözümü deməyi bacarıram. Yeri gələndə, hər birindən də üstünəm.
- Bəs hansı məşhur həmkarlarınız daha istiqanlıdırlar, özlərini “dartmırlar”?
- Tanınmış sənətçilərdən Əli Mirəliyevin insanlığı və sənətinə pərəstiş edirəm. Halaldır o insana. Çox sadədir. Özü zəng edir, hal-əhval tutur, necə yaşadığımı soruşur.
- Deyəsən, ondan həm də fərdi qaydada dərs alırsınız.
- Bəli, onun bildiklərindən, həqiqətən də, yararlanıram. Tez-tez yanına gedirəm.
- Ödəniş edirsiniz?
- Heç nə ödəmirəm, təmənnasız hazırlaşdırır. Mən onun yanına gedəndə çoxları dedi ki, risk etmə, Əli Mirəliyev hər sənətçini bəyənmir. Özümə arxayın olduğuma görə getdim və ifamı bəyənib tələbəsi kimi qəbul etdi.
- Əli Mirəliyevdən dərs alandan sonra ifanızda hansı dəyişikliklər olub?
- İfamda çox dəyişikliklər olub. Elədiyim yad boğazlar məni uçuruma doğru aparırdı. Bu dəqiqə Azərbaycanın 99 faizi yad boğazlarla oxuyur. Bu boğazlar Azərbaycanın musiqisinə aid deyil. Üzeyir Hacıbəyovun qoyduğu yolda belə şeylər olmayıb.
- Xalis Azərbaycan musiqisi oxuyanların çoxu bu dəqiqə acından ölür. Narahat olmursunuz ki, düzgün oxuyarsınız, sonra sizi də toya aparmazlar?
- Acından ölsəm də, eybi yoxdur. Əsas odur ki, ifam yaddaşlarda qalsın. Atalar deyir ki, tikmədim, özüm qalam, tikdim ki, izim qala. Sənətdə miras qoyub gedənlər bundan sonra əsrlərlə yaşayacaqlar. Amma bu gün pul üçün yad boğazlar edən müğənnilərin oxuduqları özlərindən əvvəl öləcək.
- Efirlərdə olmusunuz?
- Ara-sıra çıxmışam. Daha çox region kanallarında çıxışlarım olur.
- Bəs respublika üzrə yayımlanan telekanallarda?..
- ATV-yə dəvət ediblər.
- Dəvət edəndə pul istədilər?
-Yox, pul istəməyiblər. Əgər məndən sənət istəyirlərsə, sənətə nə pul? Mənim efirə verməyə pulum yoxdur. Deyirəm, bu meydan, bu şeytan, buyurun.
- Populyarlaşmağa cəhd edirsiniz?
- Niyə də olmasın? Niyə də xalq görməsin ki, əsl sənətimiz, Azərbaycanda plastik əməliyyat keçirməyən qadın müğənnilərimiz var. Nə üçün hər kəsi süni görkəmdə görməlidirlər?
- Siz efirə sənətinizi göstərməyə çıxırsınız, yoxsa özünüzü?
- Həm qadın kimi gözəlliyimi, həm də səsimi.
- Gözəlliyinizi sosial şəbəkələrdən də görürlər də.
- Amma efirə çıxsam, hər ikisini görəcəklər.
- Mən bilən, səs daha vacibdir...
- Dilim də var, dilçəyim də.
- Xarici görünüşdən söz düşmüşkən, efirə çıxan sənətçilərdən pis geyinmirsiniz. Komplekssiz tərziniz var...
- Biz sənət adamıyıq, səhnədəyik. Hərdən açıq geyinirsən, başqa cür reaksiya verirlər. Mən göstərmək istəyirəm ki, xalqımızın gözəl qadınları da var. Plastik əməliyyata ehtiyacım yoxdur. Bəli, açıq-saçıq da geyinirəm və heç bir kompleks də yaşamıram. Geyimimlə qarşılanıram, ağlımla yola salınıram.
- Birdən çıxdınız efirə, kimsə ifanızı, xarici görünüşünüzü bəyəndi və dedi ki, gözəlliyinizə də heyranam, sənətinizə də. Amma bir şərtlə ki, həm də sevgili olaq. Razı olacaqsınız?
- Şəxsi münasibətə ehtiyacım yoxdur. Əgər həqiqətən də, gözəlliyimə, sənətimə pərəstiş edəcəksə, buyursun.
- Siz görmüsünüzmü ki, Azərbaycanda kimsə kiməsə təmənnasız sponsorluq etsin?
- Təmənnasız sponsor xoş gəldi, təmənnalıya yaxşı yol. Amma düz deyirsiniz, sponsorlar təmənnalı olurlar. Bəlkə də, əsl azərbaycanlı oğlu olar, sponsorluq edər. İnanıram ki, onlar əsl sənətə qiymət verib, təmiz yaşayan insana xain gözlə baxmazlar. Nə olsun ki, müğənniyəm?
- Ümumiyyətlə, sizə belə təkliflər olur?
- Saysız-hesabsız. Hamısını da rədd edirəm. Mən bir insanla münasibət qururamsa, onunla iş münasibətim ola bilməz. Çünki sevdiyin insanla üz-üzə dayananda hər şeyi unutmalısan.
- Ən bahalı geyiminizə nə qədər xərcləmisiniz?
- 300 də olub, 400 də. O baxır mənim gəlirimə. Hərdən dostlarım deyir ki, sən beş manatlıq paltar geyinəndə də elə görünür ki, sanki min manatlıq paltardı.
- Toya neçəyə gedirsiniz?
- Tək özüm min manata.
- Reklamsız min manata?
- Bəli, xalq məni həqiqətən sevir. Bir müddət öncə səhhətimdə ciddi problem yaranmışdı. Uzun müddət toylara getmədim. Nə qədər insanlar zəng vurub maraqlanırdılar. Yenidən işimə qayıdandan sonra toylarda məni görüb, sevindiyindən ağlayanlar olurdu.
- Deyəsən, yevlaxlısınız...
- Əslim Şuşadandır, Yevlaxda doğulmuşam.
- Yevlaxlısınız, yoxsa şuşalı?
- Bu dəqiqə Yevlaxa getsək, oranın heç yerini tanımıram.
- Bəs Şuşanı?
- Əlbəttə, Şuşanı çox gözəl tanıyıram. Uşaqlığım orada keçib.
- Axır vaxtlar sənətçilərin tədbirlərə, hətta toya mühafizəçiylə getməsi dəb olub. Sizin mühafizəçiniz var?
- Mənim elə şeylərə ehtiyacım yoxdur. Ömrü boyu pəncərəmdə dəmir barmaqlıqlar olmayıb. Kimə nə etmişəm ki, mənimlə işləri olsun?
- Oğlunuz da müğənnidir?
- O, Rusiyada işləyir, bu sahədən tamam uzaqdır.
- Bəzi tanınmış müğənnilər deyir ki, bir nəsli biz saxlayırıq, xeyriyyə işləri görürük. Bəs sizin kiməsə maddi köməyiniz dəyir?
- Ehtiyacı olanlarla çörəyimi bölməyi bacarıram. Bacı-qardaşlarım isə, şükür ki, özlərini dolandıra bilirlər.
- Geyimlə bağlı kompleksiniz var?
- Qətiyyən.
- “Şuşalı” təxəllüsü ilə belə açıq-saçıq geyinmək nə dərəcədə doğrudur?
- Orada açıqlıq bir şey yoxdur axı. 60-70-ci illərin geyimlərinə baxın, qadınlar dizdən geyinirdilər.
- Siz dizdən geyinmirsiniz axı...
- Biz səhnə adamlarıyıq, ən azından, seçilməliyik. Səhnə mədəniyyətindən imtahan vermişik. Ən çətin imtahan da elə səhnə mədəniyyətindən olub.
- Mən mühafizəkarlıq etmirəm. Bu, sadəcə, fikir mübadiləsidir. Səhnədə Zülfiyyə Xanbabayevadan çox olmursunuz ki...Yəni, əgər səhnəyə çıxan açıq geyinməlidirsə...
- O da mənim qədər toylarda olmur. Xalqın arasına məndən çox çıxmır ki...
- Bəs onlar harda olurlar?
- Yalnız efirdə. Mən isə ayın 30 günü toydayam.
- Vergi ödəyirsiniz?
- Dövlətə o vaxt vergi ödəyərəm ki, dövlət məni önə çəkər, 9 min nəfər yox, 9 milyon tanıyar. O zaman canla-başla vergimi ödəyərəm.
- Amma 30 gün toydasınız...
- Bu, mənim şəxsi biznesimdir.
- İstənilən halda vergi vacibdir, zəruridir.
- Əgər efirə çıxmıramsa, dövlətin televiziyasında çıxış etmirəmsə, necə vergi ödəyim?
- Dövlətin cəmi bir televiziyası var və ora hər kəs çıxmır. Dediyinizə görə, ayda 30 gün toydasınız və hər toydan min manat qonorar alırsınız. Nə əcəb qazancınızdan reklamınıza xərcləmirsiniz, klip çəkdirmirsiniz?
- Xalqın mənə sevgisi o qədər güclüdür ki, elə şeylər yadıma düşməyib. Sosial şəbəkələrdəki profilimi də dostlarım açıblar, mahnılarımı saytlara yükləyiblər. Belə şeylər özümün yadıma düşmür. Sağ olsunlar dostlarım...
- Maral Tahirqızını tanıyırsınız?
- Şəxsən yox, efirdə görmüşəm.
- Elə tanınmaq istərdiniz?
- Elə biabırçı formada tanınmağı özümə yaraşdırmaram.
- Elə, yəni necə?
- Kasıblıq eyib deyil ki. Kasıb olub, başıuca gəzməyi bacarmaq lazımdır. İnsan özünə hörmət etməlidir ki, qarşısındakı da ona hörmətlə yanaşsın. Maral xanım reklam oluna bilər, amma belə yox.
- Səhnəmizdə pərəstiş etdiyiniz kimsə var?
- Röyanı çox sevirəm, dinləyirəm.
- Ondan öyrənirsiniz?
-Yaxın münasibətimiz yoxdur, amma ifalarını dinləyirəm, oxuyuram. Yamsılamıram, özüm kimi bəhrələnirəm.