Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ötən gün latviyalı həmkarı Edqar Rinkeviç ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
XİN-dənverilən məlumata görə, erməni nazirin bu kimi mahiyyətsiz açıqlamaları Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir: “Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür. Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir. Münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil edir. Münaqişənin sülh yolu həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.
E. Nalbandyan ötən gün latviyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanı yersiz ittiham edərək “Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin dilini anlamır”, “Bakı diplomatik və nəzakətli dil anlamır” fikirlərini səsləndirib, son Bazel görüşü ilə bağlı Azərbaycanın ünvanına ittihamlar səsləndirib.