Ərdoğan Fətullah Güləni yenidən hədələdi

14-12-2014, 11:27   
Ərdoğan Fətullah Güləni yenidən hədələdi1 il əvvəlki davaya yenidən start verildi

“Reuters” agentliyinin xəbərində deyilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan və "Qlobal İmam" kimi tanınan Fətullah Gülənin başçılıq etdiyi "Nur Camaatı" hərəkatını yenidən hədəfə alıb, bəyan edib ki, onlara qarşı mübarizə onların sığındığı yuvalarda da davam edəcək. Bununla da prezident Fətullah Gülənin Amerikanın himayəsində olmasına işarə edib.

Agentlik qeyd edir ki, ötən il bu vaxtlar Ərdoğan hökuməti korrupsiya ittihamı ilə üzləşmişdi. Onda cənab Ərdoğan “paralel dövlət” ifadəsindən sıx-sıx istifadə edərək Fətullah Güləni bu “xain əmələ” dəstək verməkdə suçlayırdı. Ancaq cənab Ərdoğanın keçmiş müttəfiqi olan Fətullah Gülən bu ittihamı rədd edirdi.

“Biz onların yuvalarına qədər getdik, bundan sonra da bunu davam etdirəcəyik. Onların arxasında və yanında kimlərin olmasından asılı olmayaraq biz bu şəbəkəni dağıdacağıq və onları hesabat verməyə məcbur edəcəyik”, cənab Ərdoğan Ankarada keçirilmiş biznes-forumunda belə deyib.

Agentlik xatırladır ki, ötən il dekabrın 17-də ortaya çıxmış ittihamlardan dolayı Ərdoğanın 3 naziri istefa verməli oldu. Minlərlə polis, yüzlərlə hakim və dövlət ittihamçısı Ərdoğan tərəfindən aparılan təmizlik nəticəsində işdən qovuldu.

Hazırda da ölkədə müstəqil olmağı gərəkən məhkəmə hakimiyyətinə qarşı təzyiqlər davam edir.

Son bəyanat onu deməyə əsas verir ki, Tayyib Ərdoğan "Nur Camaatı"na qarşı başladığı “əcinə ovu”nu davam etdirməkdə qərarlıdır.

Agentliklə əlaqədə olan bank işçiləri qeyd ediblər ki, Ərdoğanın bu bəyanatı Türkiyə lirəsinin dollara nisbətdə ucuzlaşmasına təkan verə bilər. Biz eyni prosesi 1 il əvvəl müşahidə etmişdik.

Tayyib Ərdoğan onu da qeyd edib ki, “paralel dövlət” Türkiyədə stabilliyi, müstəqilliyi və iqtisadi inkişafı hədəf alıb: “Mən istəyirəm ki, mənim əziz xalqım bilsin ki, bizim üzləşdiyimiz şəbəkə sadə deyil. Onlar daxildə və xaricdə olan şeytani qüvvələrin (piyonudur) “peşkası”dır”.

Ərdoğan bu çıxışından bir gün əvvəl “Twitter”də polis həbslərinə işarə hesab oluna biləcək status paylaşmışdı. Görünən odur ki, polisin keçirdiyi həbslər zamanı 400 nəfər həbs oluna bilər. Jurnalistlərin iddiasına görə, həbs olunacağı gözlənilən şəxslərin 150 nəfəri Gülən tərəfdarı qəzetşilər və televiziyaçılar kimi tanınır.

Bununla bağlı Gülənə yaxın olan “Zaman” qəzetinin ofisinin yaxınlığında toplaşanlar həbs olunmaq təhlükəsi ilə üzləşən jurnalistlərlə həmrəylik nümayiş etdiriblər.

Elbəyi Həsənli, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.