Xatirə İslam: "Kişinin yeri haradır, yataq otağı?" - MÜSAHİBƏ

14-12-2014, 20:18   

“Kişinin yeri haradır, yataq otağı?”

“Mən sponsor zad bilmirəm”

Ailem.az-ın “O...” layihəsinin suallarına bu dəfə müğənni Xatirə İslam cavab verir.

- Evdə, yoxsa səhnədə daha rahatsınız?
- Mənim üçün birinci ailəm, evim, uşağımdır.

- Oğlunuza nəyi məsləhət görərdiniz?
- Atası kimi olsun, bəsdir.

- Yoldaşınızı, yoxsa oğlunuzu daha çox qısqanırsınız?
- Qısqanclıq zəiflikdir. Heç onu ağlıma da gətirmirəm.

- Bu yaxşı xasiyyətdir, sizcə?
- Bilmirəm, amma mən beləyəm (gülür).

- Kişiyə nəyi yaraşdırmırsınız?
- Ailəsinə, arvadına xəyanət eləməyi yaraşdırmıram. Bəzi kişilər var, içib evə gəlir, arvadını döyür, buna necə kişi deyəsən? Bəziləri də var, qazandığı pulu evə aparmaqdansa, sağa-sola, əyləncəsinə xərcləyir. Belə şeyləri yaraşdırmıram.

- Evli olmağın nəyi yaxşıdır?
- “Krısalaşırsan” (gülür).

- Çox bədxərcsiniz?
- Əvvəllər eləydim. Yığıb dost-tanışı aparırdım başqa ölkələrə tətilə, nədir-nədir ki, bir az deyib-güləcəm. Amma o doqquz ay ki mən evdə oturdum, biri də yanıma gəlmədi. Mənə dərs oldu. İndi çalışıram bir az qənaət edim, bədxərc olmayım.

- Əzizova, Musazadə, yoxsa İslam?
- Xatirə İslam kimi sevilmişəm.

- “Qadının yeri mətbəxdir” deyənlərə cavabınız nə olardı?
- Kişinin yeri haradır görəsən? Yataq otağı? Evi bölmək nə deməkdir? Mən belə şeyə qarşıyam, qadının yeri sevdiyi insanın yanıdır.

- Dayə, yoxsa nənə?
- Əlbəttə, nənə. Dayə maaşa baxan adamdır.

- Bu daha çox məsuliyyət demək deyil?
- Bilirsiniz, uşaq adamı hərdən elə əsəbləşdirir, özümü güclə saxlayıram ki, nəsə etməyim. Fikirləşirəm ki, yerimə dayə olsa, nə edər? Yad adamdır da. Nənə həm də çox səbrli olur.

- Uşaq nə edir ki, əsəbləşirsiniz?
- Dayanmadan qışqırır. Əsəbləşirəm.

- Bəlkə müğənni olmaq istəyir?
- Anası kimi oxumaq barədə “dili uzun” olacaqsa, niyə də olmasın?!

- Məşhur olmaq, yoxsa olmamaq?
- Olmaq xoşuma gəlir.

- Hərb, yoxsa sülh?
- Sülh.

- Sülh olsa yoldaşınız işsiz qalar...
- Eybi yox, təki evlərə tabutlar, meyitlər gəlməsin. Düzdü, ərim deyir, belə danışma, amma mən sülh istəyirəm.

- Şəxsi büdcə, yoxsa sponsor?
- Əlbəttə, şəxsi büdcə. Mən sponsor zad bilmirəm.

- Xoşbəxt olmaq üçün nə lazımdır?
- Gözəl bəxtin olmalıdır.

- Bəxtiniz gözəldir?
- Mən naşükür deyiləm. Bütün var-dövlətim ailəm və uşağımdır.

- Tətil deyəndə ağlınıza nə gəlir?
- Yemək, yaxşı otel... Bu sualı yoldaşıma versəydiniz, deyərdi muzey. Onun yanında Antalyanın adın çəkə bilmirəm. Deyir, o nə istirahətdir, otelə girib heç yerə çıxmırsan?!

- “İndiki ağlım olsaydı...” cümləsini necə tamamlayardınız?
- Bəlkə hər şey başqa cür olardı. Bəzi adamlara lazımından çox qiymət vermişəm, gərək daha diqqətli olardım.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.