PA rəsmisi ilə görüşdən razı qalanlar da var, qalmayanlar da; təmaslar bundan sonra da davam edəcək...
Dekabrın 13-də iqtidar və bəzi müxalifət partiyaları arasında dialoq baş tutub. Beynəlxalq Mətbuat Mərkəzində 8 partiya ilə görüş nəzərdə tutulsa da, görüşə 17 təşkilat dəvət olunub. İqtidar düşərgəsini Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla, nümayəndələr təmsil edib.
Ümid partiyasının sədri İqbal Ağazadə dialoqda bu cür geniş tərkibdə iştirakı düşünmədiklərini, amma belə bir formatı dəstəklədiklərini deyib. “Amma bunun səbəbini qarşı tərəfdən soruşacağıq”, deyə əlavə edib.
Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətlə dialoqda olan hakimiyyətin daima güclü olduğunu bildirib: “Bu gün ölkəmizin aparıcı müxalifət partiyalarının bir qrupunun təşəbbüsü ilə belə bir görüş keçirilir. Bundan əvvəl də bu tip görüşlər olmuşdu. Bir azdan mətbuatdan xahiş edəcəyik ki, zalı tərk etsinlər. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və prezident İlham Əliyevə çatdıracağam. 1993-cü ildən bu yana biz daim dialoqa hazır olmuşuq. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkədə rifahın yüksəlməsi, iqtisadi islahatların aparılması ilə yanaşı davamlı olaraq siyasi islahatların da aparılmasının zəruriliyini vurğulayıb.
Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir. Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür. Ona görə də bu zalda bir neçə dəfə mətbuat və QHT-lərlə görüşlər keçirmişəm. Parlamentdə təmsil olunan siyasi partiyalarla da görüşlərim olub. Bu görüşün də təşəbbüskarları ölkəmizin bir qrup müxalifət partiyalarının təmsilçiləridir. Siyasi partiyalarla əlaqələri olan hakimiyyətlər güclü olur. Bundan sonra da daim əlaqələr saxlamaq istiqamətində işlər görməkdə davam edəcəyik”.
PA-nın şöbə müdirinin çıxışından az sonra mətbuat nümayəndələri zaldan çıxarılıb, görüşün qapalı keçirilməsi nəzərdə tutulub. Tədbirdə hər partiya sədrindən əlavə, daha bir nəfər nümayəndə qalmaqla yerdə qalan hər kəsin zalı tərk etməsi xahiş olunub.
İki saatdan çox davam edən görüşdən sonra Ə.Həsənov mətbuata açıqlama verib. O, əlverişli və dinamik görüş keçirildiyini bildirib: “Azərbaycan cəmiyyətini, siyasi partiyaları, vətəndaşları düşündürən, dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışdıq. Bu görüşün yekunu kimi gəldiyimiz bir neçə qənaəti sizinlə bölüşürəm.
Görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə çalışaq. Burada Azərbaycan hakimiyyəti, siyasi partiyalar, azad medianın fəaliyyətinə aid olan, bu gün ətrafında ciddi söhbət gedən bəzi həbs olunmuş insanlarla bağlı məsələlər geniş müzakirə olundu. Açıq fikir mübadiləsi aparıldı. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub. Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidentinə nəticələri çatdıracağıq”.
AXCP-nin “görüşdə iştirak edən partiyalar müxalifəti təmsil etmir” iddiasına Əli Həsənovun mövqeyi belə olub: “Buna hakimiyyət nümayəndəsi kimi fikir bildirməkdə çətinlik çəkirəm. Amma hüquqi yanaşma bu deyil. Siyasi partiyaların tutduqları mövqelər onların statusunu müəyyən edir. Burada iştirak edən partiyalar özlərini müxalifət hesab edirlər. Biz də onları müxalifət partiyaları sayırıq. Bunlar hakimiyyətə qarşı müxalif mövqedədirlər. Onlar hakimiyyət strukturlarında təmsil olunmurlar. İqtidarla həmfikir olar, partiyalar var. Hazırda parlamentdə təmsil olunurlar. Onlar isə bu gün burada iştirak etmirlər”.
Görüşdən sonra partiya sədrləri də dialoqun nəticələri barədə fikirlərini media nümayəndələri ilə bölüşüblər.
Ümid Partiyasının sədri İqbal Ağazadə jurnalistlərə deyib ki, biz mesajlarımızı və xoş niyyətimizi bildirdik, hakimiyyət nümayəndələri nə istədiyimizi bildilər: “O cümlədən, predmetli dialoq istədiyimizi çatdırdıq. Dedik ki, digər partiyalar da növbəti görüşlərdə iştirak etsinlər. Ölkəmizdə olan problemlərin masa arxasında həll olunması kimi xoş niyyətimizi çatdırdıq. Burada elə təşkilatlar, partiyalar var idi ki, onlar buraya niyə gəldiklərini belə bilmirdilər. Biz bu cür görüş formatını yox, predmetli dialoqu təklif edirik. Heç bir mövqeyi olmayan təşkilatların buraya çağırılmasının mənası belə yoxdur. Bugünkü görüşü isə iqtidar-müxalifət dialoqu yox, görüş adlandırmaq mümkündür” .
ADP sədri Sərdar Cəlaloğlu görüşü müsbət qiymətləndirdiyini qeyd edib: “Uzun müddətdən sonra bu görüşün baş tutmasını yüksək qiymətləndirirəm. Uğurlu addım saymaq olar. İnkişafa nail olmağın yollarından biri siyasi dialoqdur. Təbii ki, bugünkü görüşü siyasi dialoq hesab etmək olmaz. Çünki spektrin bir sıra mühüm təşkilatları iştirak etmədilər. Lakin burada çox mühüm mövzular qaldırıldı. Müzakirə edildi. Biz hesab edirik ki, dialoq uzunmüddətli bir prosesdir və burada qaldırılan mövzuların hamısı ciddi müzakirə olunmalıdır. Buradan göründü ki, iqtidar özü də bu cür görüşlərdə maraqlıdır. Bizim də xüsusi marağımız var. Hakimiyyət təmsilçisinin buradakı mövqeyi ümid yaratdı ki, real siyasi dialoq başlatmaq mümkündür. Hər şey tərəflərin nə dərəcədə səmimi olmasından, milli və dövlət maraqlarına xidmət etməsindən asılı olacaq ”.
ADP sədri Müsavat və AXCP-nin tədbirdə iştirak etməmələri ilə bağlı sualı da cavablandırıb: “Təbii ki, burada iştirak edən partiyalar Azərbaycan müxalifətinin ümumi təmsilçiləri deyil. Biz öz adımızdan bu təşəbbüsü qaldırdıq. Nə dərəcədə nəticəsi olacaq, deyə bilmərəm. Zaman göstərəcək. Bu görüşü əhəmiyyətsiz hesab edənlər yəqin ki, fikirlərini dəyişəcəklər. Hakimiyyət bundan sonra müsbət addım atmayacaqsa, onlar haqlı olacaqlar”.
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa APA-ya açıqlamasında keçirilən görüşü faydalı hesab etdiyini bildirib: “Düşünürəm ki, bu görüş dialoqa doğru atılan bir addım idi və görüşün də mahiyyəti o idi ki, gələcəkdə iqtidar-müxalifət arasında, xüsusilə də siyasi partiyalar müstəvisində qalıcı dialoq mühiti mövcud olsun, konkret mövzular ətrafında müzakirələr aparılsın. Hesab edirəm ki, faydalı bir görüş oldu, xüsusilə də Əli Həsənovun kifayət qədər səmimi, açıq bir davranışla bu mühiti yaratmasını qeyd etməliyəm. Təbii ki, bu, ölkə prezidentinin təqdiri və razılığı ilə baş tutan görüş idi”.
VHP sədri Sabir Rüstəmxanlı da görüşün müsbət nəticəsinə ümid etdiyini söyləyib: “Ən əsası da odur ki, bu görüş hər iki tərəfdən qarşılıqlı addımların atılmasıdır və gələcəkdə yəqin ki, davam etdiriləcək. Əli Həsənovun açıqlaması da bizi qane etdi”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, DİP sədri Asim Mollazadə, AMİP sədri Yusif Bağırzadə və digər görüşdə iştirak edən partiya sədrləri razılıqlarını ifadə ediblər.
Müsavatın başqanının müavini Gülağa Aslanlı tədbiri bir qrup partiya sədrinin Prezident Administrasiyasının rəsmisi ilə görüş kimi qəbul etdiklərini bildirib.
Görüşün təşəbbüskarlarından biri olmasına baxmayaraq, tədbirə qatılmayan AXP sədri Pənah Hüseyn bunları dedi: “Həmfikir olduğumuz şəxslər bir fikir ifadə edirlər ki, bu, iqtidar-müxalifət görüşü yox, bir qrup siyasi partiya sədrinin PA-nın şöbə müdiri Əli Həsənovla görüşüdür. Bunun nəticələri barədə mətbuatda olan informasiyalar var. Məsələ barədə orada iştirak edən əməkdaşlıq etdiyimiz partiyalardan məlumat alandan sonra görüşü dəyərləndirib, qiymət verəcəyik”.
KXCP sədri Mirmahmud Mirəlioğlu görüşün istəklərinə uyğun şəkildə keçdiyini söylədi: “Bu, ilk görüş idi. Dialoq istək və təşəbbüsümüzə uyğun oldu. Bu, davamlı və daha geniş əhatəli olacaq. Gələcəkdə də bu cür görüşlərin davamlı olması nəzərdə tutulub”.