Əliyev İsrail kimi dayağını itirir

15-12-2014, 10:28   

«Azərbaycanda baş verənlər İsrailə xəbərdarlıqdır ki, o, neftlə zəngin müttəfiqinə görə pis duruma düşə bilər»

«Haaretz» Əliyevin Qərbdən üz döndərib Rusiyanı seçməklə İsraili çətin seçim qarşısında qoymasından yazır

Israil mətbuatı Əliyev rejiminin Qərblə münasibətləri korlayıb Rusiyanın yanında yer alması faktının Azərbaycanla münasibətlərə təsirini təhlil edib. “Haaretz” hesab edir ki, Əliyevin bu cür siyasətinin Israillə Azərbaycan arasındakı münasibətlərə mənfi təsiri qaçılmazdır. “Azərbaycanda ötən həftə araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi Israilə xəbərdarlıqdır ki, o, neftlə zəngin müttəfiqinə görə pis duruma düşə bilər”, - deyə “Haaretz” yazır. “Bakı SSRI-dədir? Azərbaycan Qərbdən imtina edib, Şərqə doğru gedir...” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:

***

Azərbaycan həddindən çox suallar verən jurnalistlər üçün dost ölkə deyil. Son illərdə burada xeyli jurnalist həbs olunub. Hazırda həbsdə olanların sayı 20 nəfərə çatıb. Bir sıra jurnalistlər ölkədən qaçmaq məcburiyyətində qalıb.

Ötən il Bakıda “Azadlıq” radiosunun ofisindəki iş yerində araşdırmaçı jurnalist Xədicə Ismayıl ilə görüşəndə onun açıq danışması məni təəccübləndirdi. Çünki o, Azərbaycandakı rejimə maneə olan əsas tikanlardan biridir.


“Biz ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Azad Avropa/Azadlıq radiosunun bir hissəsiyik. Bu Xədicəyə digər jurnalistlərin yararlanmadığı immuniteti verir”, - deyə onun həmkarlarından biri belə izah etdi.

Ismayıl araşdırmalarına görə hakimiyyətin ona qarşı təqib və təzyiqlərindən qəzəblə danışırdı. Söhbət prezident Ilham Əliyevin ailəsinin Azərbaycanın nefti və qazından əldə olunan gəlirlər hesabına topladığı böyük sərvətlə bağlı araşdırmalardan gedir.
Onu xüsusən Qərb dövlətləri hökumətlərinin Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə laqeyd münasibəti hiddətləndirmişdi.

“Əliyevin hüquq-mühafizə orqanları mənim mənzilimə gizli kamera yerləşdirmiş və yataq otağımı çəkmişdilər. Mən onların həmin video ilə bağlı şantajlarına bay əyməyəndə onu internetdə yaydılar. Biz dünyəvi cəmiyyətik, amma nəzərə almaq lazımdır ki, hələ də mühafizəkar müsəlman ölkəsində yaşayırıq. Siz təsəvvür edirsinizmi ki, baş verənlərdən sonra mənim ailəm hansı vəziyyətə düşdü?”, - deyə Xədicə Ismayıl bildirib.

Ismayıl ötən həftə həbs olunub. O, keçmiş sevgilisini intihar həddinə çatdırmaqda ittiham olunur. Bu ittiham üzrə onu 7 ilə qədər həbs cəzası gözləyir. Lakin heç kimin şübhəsi yoxdur ki, ona qarşı cinayət işi əslində, jurnalist fəaliyyətinə və siyasi mövqeyinə görə başlayıb.

Xədicə Ismayıl son illərdə araşdırmaları ilə yanaşı, həm də yerli vətəndaş cəmiyyəti təşkilatları ilə xaricdəki insan haqları müdafiəçiləri arasında əsas əlaqə yaradan şəxslərdən idi. Görünür, Ismayılın ABŞ immuniteti qurtardı.
Əliyev Qərblə münasibətlərlə təkcə neft-qaz ticarətilə kifayətlənmək istəmir. Həm də ona xüsusi hörmət qoyulmasını istəyir. Onun lobbi işinə milyonlarla vəsait sərf etməsinin səbəbi də budur. Qərb liderləri onunla bazarlıqdan məmnundur, lakin ictimaiyyət qarşısında onunla birlikdə görünməkdə bir o qədər maraqlı deyillər.

Üç ay əvvəl ABŞ prezidenti Barak Obama öz çıxışında Azərbaycanda insan hüquqlarının vəziyyətini açış şəkildə tənqid etmişdi. Illərlə Azərbaycanla Avropa Birliyi arasında bu təşkilata qoşulmaqla bağlı müzakirələr getdi. Amma görünür, Əliyev hiss edib ki, Rusiyanın yanına qayıtmağın vaxtıdır. Onun atası, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev də Sovet Ittifaqı dağılana qədər Azərbaycan Kommunist Partiyasının baş katibi idi.

Bakıda bir çoxları hesab edir ki, Ismayılın Əliyevin Qərblə münasibətlərində sınma nöqtəsi oldu. Əliyev iki həftə əvvəl Rusiya telekanalına verdiyi müsahibədə islam dövlətinin ortaya çıxmasını Qərbin son on ildə Yaxın Şərqdə apardığı siyasətin nəticəsi kimi qiymətləndirdi. Onun bu fikirləri IŞID-in ortaya çıxmasına görə məsuliyyəti ABŞ və Avropa Birliyinin üzərinə qoyan Kremlin mövqeyinin təkrarıdır. Kreml iddia edir ki, ABŞ və Avropa Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan qiyamçılara dəstək verdiklərinə görə məsuliyyət daşıyır.

Bu yaxınlara qədər deyirdilər ki, Vladimir Putinin Rusiyası düşmən qüvvə kimi Azərbaycanın Qərb yönümlü siyasətini pozmağa çalışır, həmçinin Dağlıq Qarabağ münaqişəsində qonşu Ermənistana dəstək verir. Indi isə Ilham Əliyev Moskvanı tərifləyir, bildirir ki, “Azərbaycan və Rusiya qonşu, dost dövlət kimi, dünyadakı problemlərin həllində birgə iştirak etməyə hazırdılar”.
Azərbaycanın Qərblə münasibətlərinin korlanmasından narahat olmalı əsas dövlətlərdən biri Israildir. Məsələ burasındadır ki, son illərdə Israillə Əliyev rejimi arasında strateji alyans qurulub və bu münasibətlərin detalları haqda mətbuatda xeyli materiallar çap olunub.

Xarici mənbələrin yaydığı məlumata görə, Israil Azərbaycandan bu ölkəyə qonşu olan Irana qarşı kəşfiyyat əməliyyatları aparıb; Azərbaycana xeyli silah, o cümlədən pilotsuz uçuş aparatları, radarlar satıb. Israil Azərbaycanla silah satışına dair müqavilələrin detallarını açıqlamır. Məlum deyil ki, satılan hərbi və elektron avadanlıqlar Irandan və ya erməni separatçılarından müdafiə üçündür, yoxsa ölkə daxilində rejimə müxalif olanların etirazlarını yatırmaq üçün.

Israil-Azərbaycan münasibətlərində digər strateji məqam enerji sektoru ilə bağlıdır. Israil istifadə olunan neftin əsas hissəsini Azərbaycandan alır. Həmin məhsul Türkiyənin Ceyhan limanından Aralıq dənizinin şərq hissəsi vasitəsilə Israilə daşınır.
Azərbaycanın Türkiyə ilə də sıx əlaqələri var. Onlar yeni qaz kəmərinin çəkilməsində maraqlıdır. Lakin Israillə Türkiyə arasında diplomatik böhran davam etdiyindən bu proyekt hələ də reallaşmayıb.

Baxmayaraq ki, qonşu Iranda milyonlarla azərbaycanlı yaşayır (hətta Iranın ali dini lideri Əli Xameneyi də yarı azərbaycanlıdır), Azərbaycanla bu ölkə arasında münasibətlər uzun müddət gərgin olub. Bu iki ölkə arasında neft bazarı uğrunda kəskin rəqabət var. Son illər hər iki tərəf bir-birini aqressiyada ittiham edir.

Azərbaycan bəyan etmişdi ki, Iran casus şəbəkəsi Israilin bu ölkədəki hədəflərinə hücumlar planlaşdırır. Bu ilin avqustunda Iran isə iddia edirdi ki, Israilin Azərbaycandan hava qalxmış pilotsuz təyyarəsini vurub. Hərçənd, iranlıların bu hadisə ilə bağlı nümayiş etdirdikləri kadrlar köhnə idi və Livanda çəkilmişdi.

Azərbaycanla Iran arasında ən gərgin münasibətlər 2012-ci ildə Bakıda “Eurovision” musiqi yarışması keçiriləndə müşahidə olundu. Iran Azərbaycanı mənəviyyatsız, anti-Islam tədbiri keçirməkdə ittiham edirdi. Hətta Iran bir neçə aylıq səfirini geri çağırdı.

Lakin bir müddət əvvəl iki ölkə arasında münasibətlər istiləşib. Ötən ay Iran prezidenti Həsən Ruhani Bakıya səfər etmişdi. Onlar bu il Əliyevlə dörd dəfə görüşüblər. Israildə hesab edirlər ki, iki ölkə arasında rəqabət bitməyib, azərbaycanlılar əvvəlki kimi, Israillə strateji əməkdaşlığa üstünlük verirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.