Lavrovun şirnikləndirici bəyanatı nəyə hesablanıb?

15-12-2014, 10:37   
Lavrovun şirnikləndirici bəyanatı nəyə hesablanıb?Vəfa Quluzadə: «Rusiya anlayır ki, Azərbaycanla münasibətlər yaxşı olan zaman bizdən daha çox şey tələb edə bilərlər»

Baltik ölkələri və Polşa müdafiə nazirləri regionda Rusiya təhlükəsinə qarşı koordinasiya haqqında razılıq əldə ediblər. Bu barədə Latviya görüşünün nəticəsinə əsasən, Litva Müdafiə naziri Yuozas Oleksas danışıb (“Axar.az”).

ÿOleksas Baltik ölkələrinin ümumi təhlükəyə qarşı birlikdə addım atmalı olduqlarını və bunun üçün birgə işləmək təklifi edib.

Latviya Müdafiə naziri Reymond Veyonis də öz növbəsində Rusiyanı qırıcı təyyarələrin Latviya hava səmasına daxil olması ilə bağlı ittiham edib.


Bu dövlətləri bir araya gətirən səbəb isə Rusiya aqressiyasıdır. Amma Rusiyanın aqressiv xarici siyasət yürütməsinin fonunda Azərbaycana qarşı bir sıra reveransları da var. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasını da bu qəbildən saymaq olar.

“Azərbaycan bizim üçün regionun ən önəmli ölkəsidir. Ölkənin çox qısa zaman ərzində Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilməsi də bunun bariz nümunəsidir”. Bunu Lavrov Alexander Qorçakov adına Diplomatiya Fondunun təşkil etdiyi “Gələcək naminə dialoq” proqramının iştirakçıları ilə görüşündə bildirib.

Rusiyalı nazir deyib ki, Azərbaycan hökuməti Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmamaqla hər iki ölkənin strateji tərəfdaş olduğunu əməldə də isbat edib:

“Bizim Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığımız sürətlə davam edir.

Belə ki, biz Azərbaycanda yetişdirilən növbənöv meyvə-tərəvəzin Rusiya bazarlarına daşınmasında çox maraqlıyıq. Onu da qeyd edim ki, mən Azərbaycan mətbəxinin çox böyük heyranıyam".

“Gələcək naminə dialoq” layihəsində 20-dən artıq ölkənin təmsilçiləri iştirak edib. Layihə çərçivəsində Rusiya Federasiyasının bir sıra dövlət qurumlarına ziyarətlər təşkil edilib, dövlət nümayəndələri, nazirlər, politoloqlar, tanınmış siyasi və ictimai xadimlərlə görüşlər keçirilib.

Politoloq Vəfa Quluzadə hesab edir ki, Baltik ölkələri və Polşa Rusiyanın yürütdüyü siyasətdən ehtiyat edirlər. Rusiyanın Polşanı tərkibinə qatmaq üçün dəfələrlə müharibələr apardığını, Baltik ölkələrinin isə SSRI-nin tərkibində olduğunu xatırladan V.Quluzadə bildirdi ki, ona görə bu dövlətlərin hazırkı dönəmdə təbiidir. Belədə bu dövlətlər Rusiya təhlükəsinə qarşı daha sıx əməkdaşlıq etməlidirlər: “Bu ölkələr NATO üzvü olmaqla yanaşı, regionda eyni təhlükə ilə üzləşən ölkələrdir. Ona görə bu dövlətlərin əməkdaşlığı daha da dərinləşə bilər”.

Lavrovun Azərbaycanla bağlı söylədiklərinə gəlincə isə V.Quluzadə bildirdi ki, Rusiya Ukrayna hadisələrinə qədər Azərbaycana heç bir müsbət jest etməyib: “Amma Ukrayna hadisələri başlayan kimi, sanksiyalar işə düşdükdən sonra Rusiyanın Azərbaycana, vaxtı ilə SSRI üzvü olan ölkələrə ehtiyacı artdı. Rusiya əsgəri yol ilə nə Azərbaycanı, nə Özbəkistanı, nə də Qazaxıstanı zəbt edən deyil. Rusiya anlayır ki, Azərbaycanla münasibətlər yaxşı olan zaman bizdən daha çox şey tələb edə bilərlər. Ona görə Rusiya siyasətçiləri bu qədər jest edir, ölkəmizin ünvanına yağlı sözlər işlədirlər”.

Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasına gəlincə isə V.Quluzadə vurğuladı ki, MDB dövlətlərindən heç kim bu addımı atmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.